614
04:31
17 Dekabr 2019

Türkiyə Şimali Kiprə ilk hücum PUA-sını yerləşdirib

Türkiyə ordusu ilk hücum xarakterli pilotsuz uçan aparatını (PUA) Şimali Kiprin Geçitkale hava limanına yerləşdirib.

APA “Hurriyet”ə istinadən xəbər verir ki, söhbət “Bayraktar TB2” tipli PUA-dan gedir. PUA bundan əvvəl Türkiyə Hərbi Dəniz Qüvvələrinin Dalaman rayonunda yerləşdirilmişdi.

Ankara Şimali Kipr hökumətindən razılıq əldə etdikdən sonra aparatı göndərmək qərarına gəlib.

Qərb mediası qeyd edir ki, pilotsuz uçuş aparatının göndərilməsi Aralıq dənizində karbohidrogen kəşfiyyatı və hasilatı ilə əlaqədar bu bölgə ölkələri arasında yaşanan gərginliklər fonunda baş verib.

Noyabr ayının sonunda Türkiyə və Liviya arasında dəniz bölgələrində hərbi əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında saziş imzalanıb. Yunanıstan və Kipr də daxil olmaqla, bir sıra ölkələr bu sənəddən narazılığını dilə gətirib. Bildirilir ki, “razılaşma Ankaranın Aralıq dənizinin şərqindəki geniş ərazilərə iddia irəli sürməsinə və orada enerji hasil etməsinə” imkan verir.