18:27
16 Dekabr 2019

“Keçən ilin yayında baş vermiş qəza bizə çox baha başa gəldi" - Prezident

“Keçən ilin yayında baş vermiş qəza əlbəttə ki, bizə çox baha başa gəldi. Bundan həm bizim vətəndaşlar əziyyət çəkdilər, metroda qalanlar oldu, həm də sənaye müəssisələri ziyan çəkdi”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, ona görə qəzanın səbəblərinin araşdırılması üçün komissiya yaradılıb və səhlənkarlığa, pozuntulara yol verən bütün vəzifəli şəxslər işdən kənarlaşdırılıb.

“Ona görə məhz bizim strateji obyektimiz olan Mingəçevir Elektrik Stansiyasının bərpası və qəzadan özümüzü sığortalamaq məsələləri “Azərenerji”nin yeni rəhbərliyi qarşısında əsas vəzifə kimi dayanıb. Eyni zamanda, 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi bizim enerji generasiya güclərimizin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir.

Qəzadan sonra mən göstəriş vermişdim ki, bununla paralel olaraq, bizim bütün metro stansiyalarında generatorlar quraşdırılsın. Generatorların əsas işi ondan ibarətdir ki, əgər qəza baş verərsə, qatarlar perrona qədər hərəkət edə bilsinlər və eskalatorlar da işləsinlər”, - Azərbaycan Prezidenti qeyd edib.

Dİgər xəbərlər