Başqasının yerinə imtahan verənləri hansı cəza gözləyir? - RƏSMİ
12 dekabr 2019 14:38 (UTC +04:00)

Başqasının yerinə imtahan verənləri hansı cəza gözləyir? - RƏSMİ

2019-cu dekabrın 10-da Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə növbəti açıq məhkəmə iclası keçirilib.

Bu barədə Lent.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, iclasda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb:

“Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim S.Salmanovanın məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədilə saxtalaşdırma rəsmi sənəd barəsində və onun üzərində elə qanunsuz hərəkətlərin edilməsini nəzərdə tutur ki, bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir, o, əsassız və qanunsuz olaraq hər hansı hüquq əldə edir və ya vəzifədən azad edilir, eləcə də hüquqlarının həyata keçirilməsi və ya vəzifələrinin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar əldə edir.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq hüququ verən rəsmi sənədə qanunsuz olaraq başqasının adından digər şəxs tərəfindən məlumatların daxil edilməsi, onun əvəzinə imzalanması və s. hərəkətlər rəsmi sənədin saxtalaşdırılması kimi qəbul olunmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə tövsif edilməlidir.

Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz”.

Məlumatda həmçinin qeyd edilib ki, ötən il Dövlət İmtahan Mərkəzi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış birgə araşdırmalar nəticəsində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanı zamanı bir sıra qanun pozuntularına yol verilməsinə cəhd halları aşkar edilərək qarşısı alınıb:

“O zaman müəyyən olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işlərinin istintaqı nəticəsində Nəsibov Müzadil Qərib oğlunun Cinayət Məcəlləsinin 320.1 (saxta sənədlərdən istifadə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Rzazadə Ramazan Tofiq oğlunun 320.1 (saxta sənədlərdən istifadə etmə) və 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd), Alışanlı Təbib Natiq oğlunun isə həmin məcəllənin 29, 320.1-ci (saxta sənədlərdən istifadəyə cəhd) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işləri baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib”.

# 1295
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar