Peresin imtina etdiyi, Abramoviçin almadığı superistedad - "Ulduzlar"
09 dekabr 2019 15:34 (UTC +04:00)

Peresin imtina etdiyi, Abramoviçin almadığı superistedad - "Ulduzlar"

 

"Ulduzlar" rubrikamızın ikinci qəhrəmanı gənc yaşda superulduz adını almağı bacaran Kilian Lottin Mbappedir. Cəmi 20 yaşı olmasına baxmayaraq, artıq bir çox titullara sahib çıxıb. Fransa daxilindəki uğurlarla yanaşı, ötənilki dünya çempionluğu və futbol tarixinin ən bahalı ikinci transferi olması indidən rəqiblərin canına qorxu salıb.

Ancaq Mbappe də bir çox məşhur futbolçular kimi, bu səviyyəyə asan, əziyyətsiz gəlib çıxmayıb. Həyat hekayəsinə baxdığımız zaman hər kəsin keçə bilməyəcəyi maneələri aşdığı görünür.

İlk idealı ögey qardaşı olub
Mbappe Fransa yığması ilk dəfə dünya çempionu olduqdan 6 ay sonra, 20 dekabr 1998-ci ildə dünyaya gəlib. Kamerun əsilli atası Vilfredin yerli komandalardan birində məşqçi, Əlcəzair əsilli anası Feyzanın isə həndbolçu olması onun ən böyük şansı idi. Tez-tez dava çıxaran, siqaret çəkən, pis vərdişlərlə gün keçirən məhəllə uşaqlarına qoşulmur, o yola düşməmək üçün yeganə çıxış yolunu futbol oynamaqda görürdü. Kilian hələ anadan olmamışdan ailəyə qəbul edilən ögey qardaşı Jires Kembo-Ekokonun dəstəyini çox hiss edib. Kiliandan 10 yaş böyük olan Kembo həm atasının, həm də anasının soyadını daşıyır.

Ona futbolu sevdirən də Kembo və atası olub. Vilfred balaca oğlunu 2004-cü ildə özü çalışdığı "Bondi" klubunun aşağı yaş qrupuna yazdırıb və inkişafını özü diqqətdə saxlayıb. Gələcəkdə futbolçu olacaq qardaşının əməyini hər zaman xüsusi vurğulayır. Kembonu heç vaxt ögey qardaş gözündə görməyib, hətta ilk idealı o olub. Sonradan otağın divarlarına şəkillərini asdığı Kriştianu Ronaldoya pərəstiş edib.

"Çelsi" və "Real"ın peşmanlığı
Meydandakı hərəkətləri yaşından üstün olan Kilian 12 yaşında "Çelsi"də baxışdan keçib. Onu izlədikdən sonra "Çelsi"yə aparmağa çalışan idman direktoru Daniel həmin günləri belə xatırlayır: "Birinci yoxlanışdan sonra ikinci sınaq üçün ailəsindən icazə istədik. Anası bizə bunları dedi: Oğlum geri gəlməyəcək. İstəyirsinizsə, ya indi alacaqsınız, ya da 5 il sonra transfer üçün 50 milyon avro verəcəksiniz. Əslində, anası həmin vaxt hələ az məbləğ demişdi. "Çelsi" nəyi qaçırdığının fərqində deyildi. Amma oradakı məşqçi deyirdi ki, futbolla bağlı hər şeyi burada öyrəndi, hələ körpədir, sanki 2 yaşlı uşaq topla gəzir. "Çelsi"də ilk məşqinə çıxanda 6 yaşı var idi. Elə o yaşdan fərqli olduğunu görmək mümkün idi. Digər uşaqlardan daha artığını edərdi". Yekunda Roman Abramoviçin başçılıq etdiyi "Çelsi" rəhbərliyi balaca uşağa ciddi yanaşmayıb.

Bu illərin ardından Anelka və Anrinin də yolunu keçdiyi fransızları yetişdirən futbol akademiyasına getdi. Bu, dönüş nöqtəsi oldu. Çox keçmədən "Real", "Valensiya" kimi klubların maraq dairəsinə düşdü. Hətta bir dəfə Zinəddin Zidanın dəvəti ilə "Real"ın bazasına da getdilər. "Kral klubu"nun prezidenti Florentino Peresə təklif edilsə də, klub rəhbəri Kilianın idealı olan Kriştianu Ronaldo kimi superulduza malik olduğunu bildirib, ondan imtina etmişdi.

Orada idealı olan Ronaldo ilə tanış oldu. Ancaq Fransanın cənubunda yerləşən "Monako"ya transfer olundu. Ailəsinin bu seçimi etməsinin müxtəlif səbəbləri var idi. Bunlardan biri də Knyazlıq klubunun gənclərə önəm verməsi və onları əsas komandada oynatmasıdır. Tay-tuşları həmin vaxt içkiyə, gəzməyə başlayanda Mbappe özünü inkişaf etdirməklə məşğul idi.

Milyonlara rəğmən...
Akademiyada keçirdiyi 2 ilin ardından 16 yaşında əsas komandada ilk oyununa çıxıb. 17 yaşında Fransanın U-19 yığmasının heyətində Almaniyada keçirilən Avropa çempionatında oynayıb, 5 qolla komandasının çempionluğuna töhfə verib. 18 yaşında artıq "Monako"nun əvəzedilməz siması, komandanın çempion olmasında böyük pay sahibi idi. 2017-ci ilin mart ayında Lüksemburq və İspaniya ilə matçlar üçün ilk dəfə əsas milliyə çağırılıb. Həmin il avqustun 31-də doğulduğu şəhərə dönüşü möhtəşəm olub. Neymarı transfer edən PSJ onu da icarə əsasında heyətinə qatmışdı. Parislilər tezliklə 180 milyon avronu ödəyib, Kiliana birdəfəlik sahib çıxıb. İlk mövsümündə keçirdiyi 44 oyunda 21 dəfə fərqlənib. Cəmi 20 yaşında Liqa1, Fransa Kuboku və Superkubokunun qalibi olub. 2018-ci ildə Fransada ilin oyunçusu seçilib.

2018-ci ilin yayı onun və komanda yoldaşları üçün yuxu kimi idi. Çünki Fransa dünya çempionluğunu Mbappe anadan olmazdan 6 ay əvvəl qazanmışdı. Bu, dünya çempionluğundan daha artığı idi. Həmin titul irqçi fransızlara yaxşı dərs oldu. Çünki heyətin yarıdan çoxu qaradərili oyunçular idi. 7 oyunda 4 qol vuran Kilian mundialın ən yaxşı gənc oyunçusu seçilib.

Bu qədər şan-şöhrətə, qazanca baxmayaraq, hələ də valideynlərinin himayəsində qalır, onlarsız bacara bilməyəcəyini deyir. Kasıb məhəllədən necə çıxdığını unuda bilmir və bu üzdən dəbdəbəli həyata gərək duymur, hətta çox vaxt klubun bazasında qalır. Dünya çempionatı zamanı qazandığı bütün pulu isə bir xeyriyyə fonduna yatırıb. 

Həyat hekayəsindən də göründüyü kimi, Mbappe bu yerlərə təkcə istedadı ilə yox, əzmkarlığı, fədakarlığı və məsum uşaqlığını qurban edərək gəlib.

Kilian haqda...
Vilfred Mbappe:
 "Oğlum futbol sevdalısından daha artığıdır - o, dəlidir. Özümü bir futbol məşqçisi kimi görməyimə imkan vermir. Hər şeyi diqqətlə izləyir. Hətta ardıcıl 4-5 oyuna bezmədən baxar".

Tyerri Anri: "Onunla tanış olmaq imkanım yaranmışdı. Çiyinlərində ağıllı baş gəzdirən gözəl oğlandır. Çox tərbiyəli və səssiz uşaqdır. Qərarlıdır və əsla vaz keçməz. Meydanda isə çox bacarıqlıdır, topla istədiyini edə bilir".

Bakari Sanya: "Kilian çox güclü futbolçudur. Tyerri Anri ilə müqayisə olunur və onun kimi oynayır. Gənc olsa da, bu formada inkişafa davam etsə, dünyanın ən yaxşısı olacaq".

Arsen Venger: "Tam olaraq Anri deyil. Ancaq eyni bacarığa və gələcəyə sahibdir, istedad baxımından da bənzərdir. Anridəki istək və motivasiya onda olsa, qarşıdakı illərdə Fransanın ümidi olacaq".

Bernardo Silva: "Bu yaşda gördüyü işlər təəccüblüdür. Başqalarından fərqli olduğunu görürdük. Məsələn, topa toxunma tərzi digərləri kimi deyil".

# 1085
avatar

Oxşar yazılar