263
12:35
09 Dekabr 2019

Ölkədə əməkhaqqı fondu 40 faiz artıb - RƏSMİ

"Əmək resursları üçün yeni sahələr yaradılmalıdır. Yeni sahələr insanın yaradıcı potensialına əsaslana bilər. Belə sahələrdə məşğulluğa daha çox ehtiyac duyulacaq”.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev “Yaradıcı sənayelər: dayanıqlı inkişaf və məşğulluq üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, yaradıcı sənayenin gələcəyi çox böyük və genişdir: "Texnologiyaların inkişafı, elmi-texniki biliklərin artması ilə yüzlərlə peşə sıradan çıxıb. Yaradıcı sahələrin daha bir özəlliyi odur ki, burada sadəcə insanın bilik, bacarıq və yaradıcılığına ehtiyac var".

S. Babayev əlavə edib ki, yaradıcı sənayenin gəlirliliyi çox yüksəkdir: "Yaradıcı sənayedə imkanlar çox genişdir və bu, birmənalı olaraq dəstəklənməlidir. Bu gün Azərbaycanda çox yüksək məşğulluq səviyyəsinə nail olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkədə işsizlik 4,4 %-dir. Təkcə bu il Dövlət Məşğulluq Xidməti orqanları vasitəsilə 81 min şəxs münasib işlə təmin olunub. 9009 nəfər özünüməşğulluq proqramlarına cəlb edilib. Bu ilin 11 ayında ümumilikdə 90 min işsizə və işaxtarana iş imkanları yaradılıb. Ancaq qarşımızda ciddi çağırış durur, çünki Azərbaycan əhalisi artır. Hər il təxminən 100 min insan əmək bazarına daxil olur və onlar üçün yeni imkanlar yaradılmalıdır. Bu imkanların ən böyük siqmenti də məhz yaradıcı sənayedir".

Nazir vurğulayıb ki, bu sahədə təhsil müəssisələri, peşə tədrisimərkəzləri və aidiyyəti dövlət qurumları əlaqəli işləməlidirlər: "Bu il əmək müqavilələrinin sayı 150 mindən çox artıb. Bunun da 2/3-si özəl sektorun payına düşür. Ölkədə əməkhaqqı fondu 40 % artıb. İnsanları maksimum maarifləndirməliyik ki, əmək münasibətlərinə girsinlə”.

S.Babayev əlavə edib ki, yaradıcı sənaye əlilliyi olan şəxslərə özlərini ifadə etmək, bizneslərini qurmaq, gəlir imkanlarını artırmaq üçün geniş potensial yaradır.