1198
14:44
03 Dekabr 2019

Naringidə aşkarlanan xəstəlik sağlamlıq üçün təhlükəlidirmi? - AÇIQLAMA

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı laborator müayinələri nəticəsində naringi məhsulunda karantin tətbiq edilən zərərli orqanizmlərdən Sitrus unlu yastıcası (Pseudococcus gahani Green) aşkar olunub.

Məlumatda qeyd edilib ki, Sitrus unlu yastıcasının respublika ərazisində yayılmasının qarşısının alınması üçün dərhal fitosanitar tədbirlər həyata keçirilib, zərərli orqanizmlərdən ziyan görmüş məhsulun məhv edilməsi barədə qərar verilib.

Digər qeydə görə, sözügedən zərərli orqanizm məhsulun keyfiyyətini və görnüşünü aşağı salmaqla yanaşı, respublika ərazisində yayıldığı təqdirdə, məhsuldarlığın aşağı düşməsinə, bəzən isə sahib bitkilərin (sitrus bitkilərinin) tamamilə məhvinə səbəb olur.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri, kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli Lent.az -a bildirib ki, artıq 7-8 ildir cənub bölgəsində unlu yastıca zərərvericisi yayılıb: “Zərərverici əsasən yarpağın arxa hissəsində inkişaf edir və ağacın qabıqlarında qışlanma dövrü keçirir. İlkin yazda isə miqrasiya edərək ağacların digər hissələrinə də yayılır. Bu zərərverici ağacın şirəsini çəkir və nəticədə məhsuldarlıq və ağacın ömrü azalır. Artıq 7-8 ildir respublikanın cənub bölgəsində bu zərərverici yayılıb. Zərərverici daha çox külək vasitəsilə yayılır. Bağların məhsuldarlığına 30-40 faiz zərər vura bilir, amma ağacları tamamilə məhv etmir. Buna qarşı kimyəvi mübarizə tədbirləri aparılmalıdır”.

Müsahibimiz onu da qeyd edib ki, adı keçən zərərverici yalnız cənub bölgəsində deyil, meyvə bağlarının əksəriyyətində var. Onun sözlərinə görə, ölkədə xırda pay torpaqlarının çox olması xəstəliyin yayılmasını şərtləndirir: “Ölkədə xırda pay torpaqlarının əksəriyyəti 1-3 hektar arasında dəyişir. 1 milyon 300 min inhisarçının 70-80 faizi kiçik pay torpaqlarına sahibdir. Zərərvericilər, əsasən karantin tədbirlərinin aparılmadığı ərazilərdə formalaşır. Bir bağ sahibi tədbir görür, digəri görmürsə, xəstəlik yayıla bilir. Unlu yastıca zərərverici sayılır, amma o qədər də qorxulu deyil. Qarşısı alınası yüzlərcə belə zərərverici var. Regionlarda yerləşən bitki mühafizə mərkəzlərinə müraciət olunmalı, payız-qış mövsümündən başlayaraq həm torpaqda, həm də ağaclarda unlu yastıcaya qarşıya mübarizə aparılmalıdır. Meyvəçilikdə olan bir çox xəstəliklər, eləcə də Sitrus unlu yastıca bitkinin xarici görnüşünə ziyan vursa da, insan sağlamlığı üçün zərərli deyil. Amma xəstəliyə yoluxmuş meyvənin hərəkəti ilə bağlı olaraq, yayıla bilər. Məsələn, Lənkəranda yığılan meyvə daşınma vasitəsilə ölkənin digər bölgəsinə gedirsə, xəstəlik yayılır. Hərəkət istiqamətinə uyğun olaraq, ölkənin fitosanitar vəziyyətini ağırlaşdıra bilər”.