“Developia Engineering”in təsisçisi: “İşlə təmin etmək üçün mühəndislər axtarırıq” – MÜSAHİBƏ
26 noyabr 2019 11:08 (UTC +04:00)

“Developia Engineering”in təsisçisi: “İşlə təmin etmək üçün mühəndislər axtarırıq” – MÜSAHİBƏ

“Qlobal Mühəndislik Xidməti” 2019-cu ildə dünya üzrə mühəndislik bazarının vəziyyəti və perspektivini araşdıran tədqiqat həyata keçirib. Tədqiqatda mühəndisliyin hazırda tələb olunan peşələr siyahısında olması ilə yanaşı,  bazarın 2019-2023–cü illərdə daha da böyüyəcəyi deyilir. Qeyd edək ki, mühəndis xidməti əsasən - tikinti-inşaat, mədən, energetika, informasiya texnologiyaları, nəqliyyat və istehsalat sənayelərinin işini təşkil edir.

Bu sahədə Azərbaycan bazarındakı vəziyyəti öyrənmək üçün mühəndislik xidmətləri göstərən “Developia Engineering”in təsisçisi Anar Novruzovla görüşdük. Müsahibəmiz elə “Developia Engineering”də baş tutdu. Müasir və funksional ofisdə həm təlimlərlə tanış olduq, həm də söhbət edə bildik.

 - Anar bəy, oxucularımızın məlumatlılığını təmin etmək üçün əvvəlcə bundan başlayaq: “Developia” nədir?

 - Mən sualı “Developia kimdir?” kimi dəyişərdim, çünki, hər şirkətin təssisçisi həmin şirkəti canlı təsvir edir, ən azından məndə elə oldu. Şirkət ilbəil böyüyür, inkişaf edir. Şirkət böyüyürsə, xarakteri, özünəməxsus tərzi olmalıdır. “Developia Engineering”in əsasını 2016-cı ildə qoyduq və biz həmişə çalışırıq ki, şirkətin tərzi olsun.

“Developia Engineering” mühəndis yetişdirən şirkətdir, mühəndislik məktəbidir. “Məktəb” deyəndə təkcə təşkil etdiyimiz təlimləri nəzərdə tutmuram. Fəaliyyətimiz dövründə Türkiyədə, Avropada elə şirkətlərlə qarşılaşmışıq ki, insanlar ora “Məktəb” deyirlər. Orada bir neçə il işlədikdən sonra başqa şirkətlərdə sahəsi üzrə yüksək vəzifədə rahatlıqla peşəkar kimi çalışa bilirlər. Mən “Developia Engineering”i məhz bu mənada “Mühəndislik Məktəbi” olaraq görürəm.

- “Developia Engineering”in məqsədi nədir və necə oldu ki, siz mühəndislik təhsili verən mərkəz açmaq qərarına gəldiniz?

2010-cu ildən Azərbaycanda iqtisadi vəziyyətin yaxşılaşması sayəsində ölkədə çox böyük layihələr həyata keçirilməyə başlandı. Mən və mühəndis dostlarım da bu layihələrdə işləyirdik. Ölkədə mütəxəssisə çox ciddi ehtiyac olduğunu görürdük. Mən hətta öz şöbəmə mühəndis tapa bilmirdim. Yerli şirkətlər təxminən 2015-ci ilə qədər məcbur olub xarici mütəxəssisləri layihələrə dəvət edirdilər. Təbii ki, həmin müddətdə biz yerli mühəndislərimizin təyinatını əcnəbilərin yanına verirdik. Yerli mütəxəssislərlə bağlı ciddi ehtiyac yaranmışdı. Elə ona görə də, qərara gəldik ki, bir şirkət yaradaq. Burada yerli mütəxəssislər həm işləsinlər, həm də öyrənsinlər. Məqsədimiz təcrübəsiz mühəndisləri öz layihələrimizə cəlb edib, real layihə müddətində yetişdirmək idi. Bir müddət keçdikdən sonra isə birbaşa mühəndislik təhsili verən ayrıca “Developia Mühəndislik Akademiyası”nı açdıq. Hazırda mənim ətrafımda olan, “Developia Engineering”i yaradan mühəndislərin birini 10 əcnəbi mütəxəssisə dəyişmərəm.

 - Hazırda “Developia Mühəndislik Akademiyası” hansı istiqamətlərdə mühəndislər yetişdirir?

- “Developia Mühəndislik Akademiyası” hazırda elektrik-avtomatika mühəndisliyi və kompüter mühəndisliyi sahəsində mütəxəsislər yetişdirir. Ümumiyyətlə, mühəndislikdə sahə çoxdur - inşaat, mexanika, proses mühəndisliyi və sair. Əslində, planda həmin sahələr üzrə də təlimlər nəzərdə tutulub və yaxın zamanda onların da tətbiqinə başlayacağıq. Mühəndisliyə yiyələnmək üçün tək universitetdə oxumaq kifayət etmir, təcrübə şərtdir. Buna görə də bizim tələbələrimiz “Developia Engineering”in həyata keçirdiyi layihələrdə iştirak edir, bu layihələrdə təcrübə qazanır və ən əsası biliklərini təkmilləşdirirlər.

- Mühəndis olmaq istəyənlər niyə məhz “Developia Mühəndislik Akademiyası”nı seçməlidir?

 - Az öncə də qeyd etdiyim kimi, mühəndislikdə təcrübə  şərtdir. Siz təcrübə qazanmadan proqramlaşdırma dilini 10 il də oxusanız, real layihədə heç nə edə bilməyəcəksiz. Biz də maksimum çalışırıq ki, tələbələrimiz nəzəriyyədən daha çox təcrübə ilə məşğul olsunlar.  Elektrik-avtomatika sahəsi ilə bağlı əsasən Azərsu ASC, Azərqaz İB, SOCAR kimi dövlət qurumları ilə layihələrimiz olur. Proqramlaşdırma sahəsində isə əsasən özəl qurumlarla işləyirik. Biz həyata keçirdiyimiz layihələrin hər birində tələbələrimizin iştirakını təmin edirik. Onlar da təlimçiləri ilə birgə çiyin-çiyinə əsl iş mühitində çalışır, yerindəcə dəstək alır və öyrənirlər. Biz çalışırıq ki, tələbənin potensialını üzə çıxaraq. Demirəm ki, bizə gələn hər tələbə mütləq mühəndis olur, amma 10 tələbədən 5-6-sı mütləq çox yaxşı öyrənir və tətbiq edə bilir. Kimdə potensial yoxdursa, ona uy]un sahəyə yönəlməsinə yardımçı oluruq.

- Uşaqlar üçün də kurslarınız var. Belə deyək, mühəndisliyin yaşı neçədir?

- İstənilən sahədə sözün əsl mənasında peşəkar olmaq istəyirsinizsə, erkən yaşda başlamaq şərtdir. Bu gün gənclərimiz universitetdən və əsgərlikdən sonra 23-24 yaşında peşəkar həyata başlayırlar, lakin peşəkar ola bilirlərmi? Budur sual. İş həyatına özünüz özünüzü hazırlamalısınız. Elə universitet illərində ixtisasınız üzrə işləməyə başlamalısınız. Bu, o deməkdir ki, ən yaxşı halda siz 20 yaşından işləyəcəksiniz. Bir də var həmin işə siz 12 yaşından başlayırsınız.  Bizim uşaqlar üçün təşkil etdiyimiz təlimlər məhz bunu qazandırır.

Hazırda proqramlaşdırma təlimimizin 10 yaşlı iştirakçıları var və Azərbaycanın istənilən universitetinin kompüter texnologiyaları üzrə məzunu ilə mən o  gəncləri yarışdıra bilərəm. Təbii ki, universitet təhsili hər kəsə lazımdır. Universitet hər şeydən əvvəl tələbəyə dünyagörüşü verir. Peşəkar karyera qura bilmək üçün isə universitetlə yanaşı təcrübə də lazım olur.

- Düşünürük ki, bu barədə ən dolğun məlumat sizdə olar. Hazırda Azərbaycanda mühəndislik sahəsində vəziyyət nə yerdədir və Developia öz mühəndislərini işlə təmin edə bilirmi?

- Azərbaycanda mühəndislik bazarı hələ də çox boşdur. İşini bilən mühəndis mümkün deyil ki, işsiz qalsın. Başqaları kiminsə tapşırığı, xahişi ilə işə düzəlirsə, mühəndislikdə bu mümkün deyil. Bir problem var və bu problemi həll edə bilən insan mühəndisdir. Bizə də adətən mühəndis kimi çalışan, lakin bilik və bacarığını artırmaq, təkmilləşdirmək istəyən şəxslər müraciət edir, yəni o insanların iş yeri var. Kursu uğurla bitirən işsiz məzunlarımızı isə rahat formada işlə təmin edə bilirik və bu, bizim özəlliyimiz deyil. Bu gün bazar mühəndisə acdır. Bu dəqiqə işə yerləşdirməyə mühəndislər axtarırıq. Potensialı və həvəsi olan məzunlarımızın 90-95 faizini işlə təmin edə bilirik.

- Az öncə fəaliyyət planınızdan bəhs etdiniz. Həmin plandakı hədəflərə artıq çatmısınızmı və gələcəyə dair planlarınız nələrdir?

Mən 11 ildir bu sahədə işləyirəm. Bu 11 ilin hər birində fərqli firmalarda və mövqelərdə mühəndis əskikliyi yaşamışam. Ona görə, “Developia Engineering”i yaradanda bilirdim ki, uğurlu olacaq. Artıq 3 il keçib, və ilk yazdığım biznes plana baxanda orada qeyd olunan hədəfləri çoxdan tamamladığımızı görürəm. Görünən odur ki, 3 ildə 5 illik hədəflərimizə çatmışıq. Gələcəyə dair planlarımızı isə “Developia Mühəndislik Akademiyası”nın öz yetişdirdiyi tələbələr - həm balacalar, həm də böyüklər – ilə birlikdə həyata keçirməyi düşünürük. Əsas hədəfimiz “Developia Engineering” MMC-nin bütün kollektivinin öz yetişdirdiyimiz məzunlardan ibarət olmasıdır. Ümid edirəm ki, ən gec 5-6 il sonra “Developia Engineering” MMC bu sahədə “MƏKTƏB” rolunu tam layiqincə yerinə yetirəcək.

# 3135
avatar

Oxşar yazılar