466
09:22
26 Noyabr 2019

Tbilisidə xüsusi təyinatlılar etiraz aksiyasını dağıtdı: 28 nəfər saxlanılıb - YENİLƏNİB

Tbilisidə parlament binasının ətrafında keçirilən aksiyanın dağıdılması zamanı saxlanılanların sayı 28-ə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) açıqlamasında bildirilib.

Qeyd olunub ki, saxlanılan şəxslər Gürcüstan Cinayət Məcəlləsinin xuliqanlıq və polisə tabe olmamaq maddələri ilə ittiham edilirlər. DİN-in məlumatında qeyd edilib ki, aksiyanın dağıdılması zamanı üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

***

08:48

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) xüsusi təyinatlı polis dəstələri Tbilisidə parlament binası ətrafında keçirilən etiraz aksiyasına müdaxilə edib.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstan DİN səhər saat 5 radələrində etirazçılara meydanı tərk etmələri üçün 30 dəqiqə vaxt verdiyini açıqlasa da, aksiya davam edib. Nəticədə xüsusi təyinatlı polis qüvvələri hərəkətə keçib, parlament binasının girişlərinə toplanmış etirazçıları ərazidən çıxarıb və çadırları, eləcə də digər yardımçı vasitələri təmizləyib. Aksiyaçıların dağıdılması zamanı su şırnağından da istifadə edilib.

Aksiyanın dağıdılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaranıb, 10 nəfərin saxlanıldığı bildirilib. Saxlanılanlar arasında müxalif fəal Akaki Minaşvilinin də olduğu qeyd edilib.

Nümayişçilər qanunun tələblərini pozmadıqlarını və etiraz aksiyasını bərpa edəcəklərini bildiriblər. Hazırda parlament binası ətrafında sakitlik hökm sürür.