910
11:52
25 Noyabr 2019

Azərbaycanlı reper ağır qəza keçirdi - Xəstəxanaya aparıldı

Keçmiş “Host” qrupunun üzvü, azərbaycanlı reper Orxan Zeynallı ağır qəza keçirib.

Lent.az -ın məlumatına görə, AİD ləqəbli ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb:

“Həftənin birinci günü, noyabrın 18-də, axşam saatlarında itim “Avion”la gəzintiyə çıxmışdıq. Bərk yağış yağırdı və artıq saat 9 idi deyə də qaranlıq çökmüşdü. Evdən bir qədər uzaqlaşdıqdan sonra məni piyada keçidində maşın vurdu. Zərbəni alan kimi huşumu itirərək, başı üstə yerə yıxıldım.

Ayılanda artıq təcili yardım maşınında xəstəxanaya aparılırdım. Yanımdakı həkim mənə olanları danışmağa çalışırdı, mən isə ümumiyyətlə, günün ardıcıllığını 3-4 saat sonra, artıq xəstəxanada olarkən tam yadıma sala bildim. Mənə deyildi ki, “sizi maşın vurub, itinizi isə polislər tapa bilmir”.

Yoldaşıma da zəng edib olanları bildirdilər. Bir neçə dəqiqə sonra xəbər gəldi ki, “Avion” möcüzəvi şəkildə 3-4 maşın yolunu yağış altında, bir neçə yerindən qan axa-axa keçərək düz blokumuzun ağzına qədər gedib, dayanıb. Orda onu Ülviyyə tapıb evə qaldırıb. Maşının onu da vurub-vurmamağını hələ bilmirik, araşdırmağa çalışırıq.

Mənə gəlincə, qəza nəticəsində beyin silkələnməsi almışam və başımın arxa hissəsində bir neçə çat var. Həmçinin, başımda cüzi daxili qanaxma var. Yəni nə olubsa, başıma olub. Təbii ki, illərlə ölümcül xəstəliklərlə mübarizə aparanlar üçün bu danışılanlar sadə “soyuqdəymə” səviyyəsində bir şeydir. Elə mən özüm də məsələni şişirtmirəm. 1-2 həftəlik yataq rejimindən sonra yenə ayaqda olub normal həyata geri dönəcəm. Ülviyyənin qayğısı ilə lap 3 günə də qalxa bilərəm. Əsas olan odur ki, salamatam və “Avion” da evdədir”.

Qeyd edək ki, Orxan Zeynallı bir neçə ildir ki, Amerika Birləşmiş Ştatlarında yaşayır. Hadisə də orada baş verib.