620
11:30
25 Noyabr 2019

İranla sərhəddə ATIŞMA: sərhəd pozucusu məhv edildi

Noyabrın 23-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Fizuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 2 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədi pozmaları müşahidə olunub.

Lent.az -a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən verilən məlumata görə, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi tam qapadılıb. Sərhəd naryadı “Dayan” əmri verərək sərhəd pozucularını təqib edib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd ediblər.

Sərhəd naryadı “Dövlət sərhədi haqqında” qanunun tələblərinə tam uyğun olaraq silah tətbiq edib və sərhəd pozucularından birini zərərsizləşdirib. Digər sərhəd pozucusu ərazinin kolluq və qamışlıq olmasından istifadə edərək İran ərazisinə qaçıb.

Hadisə yerində 1 ədəd politelen bağlamada ümumi çəkisi 2595 qram marixuana və metafetamin növündə narkotik vasitə, 1 ədəd “Samsung” markalı mobil telefon, 1 ədəd bıçaq, 2 ədəd 7,62 mm çaplı patron gilizləri aşkar olunub.

İranın sərhəd nümayəndəsinin iştirakı ilə hadisə yerinə baxış keçirilərkən aldığı güllə yarasından hadisə yerində vəfat edən sərhəd pozucusunun İran vətəndaşı olması müəyyən edilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əməkdaşları hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirir.