5028
17:37
24 Noyabr 2019

"Xanımlar bədənlərinin digər hissələrinə..." - Usta döymə sənətinin sirlərini danışır

Döymə sənətinin tarixi, dəqiq bəlli olmasa da, çox qədimdir. Artıq dünyada olduğu kimi, ölkəmizdə də tatuya kifayət qədər maraq göstərirlər. Əvvəllər daha çox kişilərdə rast gəlsək də, artıq xanımlar arasında da döyməyə maraq geniş yayılıb. Lakin tatu haqqında mənfi fikirlər söyləyən insanlar da az deyil.

Müsahibimiz isə deyir ki, tatu insanlarda özünə əminlik yaradır. Döymə sənətinin özəlliklərindən Lent.az -a danışan Rahim İsmayılın 27 yaşı var. Paytaxtda fəaliyyət göstərir.

-1992-ci ildə Bakıda anadan olmuşam. Bülbülə qəsəbəsində böyümüşəm. Uşaqlıqdan rəsm sahəsinə marağım olub. Əzim Əzimzadə adına rəssamlıq kollecini bitirmişəm. 2013-cü ildə isə Türkiyədə Polşalı tatu ustalarından dərs almışam. Bakıya qayıdıb, öyrəndiklərimi test etdim, özümə əmin olduqdan sonra aparatlar alaraq, peşəkar fəaliyyətə başladım.

- Tatunu maraq üçün edirsiz, yoxsa maddi gəlir üçün?

- Bu işi sevərək görürəm. Kənardan kimsə yüngül yanaşa bilər. Ancaq olduqca məsuliyyətli bir işdir. Bu işdə səhv etmək şansın yoxdur. Yanlış edilən tatu bir insanın kompleksinə və böyük xərclərə səbəb ola bilər. Hətta ciddi səhvlərə yol verildikdə xəstəliklər də yarada bilər.

- Döymə etdirmək üçün yaş məhdudiyyəti varmı?

- Düzdür, 15-16 yaşda olan yeniyetmələr arasında da müraciətlər çox olur, amma 18 yaşdan yuxarı şəxsləri qəbul edirəm. Çünki artıq 18 yaşı olan gənc öz qərarını özü verə bilir.

- Bəs maksimum yaş həddi varmı?

- Xeyr. 76 yaşlı bir qadın müraciət etmişdi bu yaxınlarda. Dedi ki, ömrünü uşaqlarına, nəvələrinə həsr edib. İndi isə özü üçün nələrsə etmək istəyir və onun üçün maraqlı bir tatu etdim.

- Müraciət edənlər arasında kişilər, yoxsa qadınlar üstünlük təşkil edir?

- Hazırda qadınlar arasında döyməyə maraq daha çoxdur. Biz hər zaman çalışırıq özümüzü kiməsə bənzədək. Əvvəllər televiziyada, sosial mediada çox az şeyləri görə bilirdik. İndi isə istənilən ölkədə insanların həyat tərzini, necə yaşadıqlarını görə bilirik. Bu da bizə Avropadan, Amerikadan gəlir. Əslində tatu kimlər üçünsə özünə güvən, daha da arxayınlıq yaradır. Kimlərsə bununla özünü təsdiq etmək istəyir. Elə insan da var ki, tatuya incəsənət kimi yanaşır. Məsələn, deyir, rəssamam, bədənimdə nəsə element olsun, rəssam olduğumu danışaraq deyil, üzərimdə göstərim. Tatuda bu tip anlayışlar aksessuar kimi qəbul olunur. Necə ki, biz rəssamlar şərf, yaxud papaqdan istifadə edirik, tatu da belə bir aksessuardır.

- Edəcəyiniz döymənin məzmununu siz məsləhət görürsünüz, yoxsa müştərilər özləri seçirlər?

- Əvvəllər tatu ustanın tövsiyəsi ilə seçilirdi. İndi isə bu tendensiya dəyişib, hazırda sosial mediada milyonlarla əl işlərinə rast gəlmək olar. Buna görə də çox zaman müraciət edən insan özü hazır tatularla gəlir. Amma kimsə tatu masterə müraciət edəndə ki, mənim üçün xüsusi bir şey yarat, bu zaman biz öz rəssamlıq qabiliyyətimizi də ortaya qoyaraq, xüsusi bir döymə yaradırıq.

- Bəs hansı məzmunlara maraq var?

- Daha çox müdrik sözlərə və ya hansısa deyilmiş qısa söz birləşməsi kimi kəlmələr istifadə olunur .Həmin sözlər xarici dildə yazılır bədənə. Səbəb isə budur ki, istəmirlər orda nə yazıldığını hamı bilsin. Ona görə çalışırlar ki, xüsusi bir şey olsun. Şəkillərdən isə daha çox qanadlar, zeytun yarpaqları, sonsuzluq işarəsi və s. istənilir. Çünki onların çox yaxşı mənaları var, hansı ki çox adam özünə aid etmək istəyir.

- Bədənin hansı nahiyəsinə tatu etdirənlər daha çoxdur?

- Artıq qol və bədənin yuxarı hissələrində olan döymələr tarixə qarışır. Müraciət edən xanımlar bədənlərinin digər hissələrinə tatu etdirmək istəyirlər. Məsələn, daha çox omba, sinə, kürək, onurğa və s. boyundan aşağı nahiyələrə maraq artıb. Eyni zamanda, bəzi tatular var ki, sinə altında, qarın bölgəsində istifadə edilir. Bundan başqa, qarın bölgəsində xüsusi istəklər də olur. Tutaq ki, piy çıxarma, qeysəriyyə və s. əməliyyatlardan sonra qalan izləri örtmək üçün istifadə edilən tatular. Yeni tendensiya yaranıb, çox xanımlar tatunu damağa etdirirlər. Düzdür, bu, tatu ustası üçün çox çətindir. Amma hazırda damaq və onurğada tatu çox aktualdır.

- Döymələrdə istifadə etdiyiniz boyaların orqanizmə ziyanı varmı? Ümumiyyətlə, tatu xəstəlik yarada bilərmi?

- Xeyr, mən istifadə etdiyim boyaların heç bir zərəri yoxdur, keyfiyyətli boyalardır və Amerika istehsalıdır. Peşəkar tatu ustaları bahalı və keyfiyyətli boyalardan istifadə edir. Bu boyalar su tərkiblidir və tərkibində kimyəvi qatqı yoxdur. Bunlar tamamilə zərərsizdir. İynələr, başlıqlar da birdəfəlik istifadə üçün nəzərdə tutulub. Düzgün riayət etdikdə və iynənin bədənə normal daxil olması şərtilə heç bir problem olmaz. Tatuya yeni başlayan və yalnız pul müqabilində bu işi görən ustalar bilmirlər ki, iynə bədənə hansı məsafədə girməlidir. Məsələn, iynə bədənə 2-4 millimetr arasında daxil olanda onun nə rəngi gedir, nə də bədənə başqa bir zərər toxundurur. 5-6 millimetr daxil olarsa, zərər verə bilər. Bir də onu qeyd edim ki, bədənin çox hissəsi tatu olunubsa, o insanda dəri xərçəngi tutma ehtimalı yüksəkdir. Burda isə problem tatuda deyil, iynə zərbələrinin təsirindən yarana bilər. 90 faiz hallarda hətta şəkər xəstələrinə də tatu etdirmək qadağan olunmur.

- Son zamanlar gözün içərisinə də tatu etdirən insanlara rast gəlirik. Artıq bu da bir dəb halı alır. Bəs gözün içinə tatu etdirmək təhlükəlidirmi?

- Gözün içinə tatu zərərsizdir. Amma mən etmirəm. Onun qaydası başqadır.

- Olubmu ki, müştərinin istədi sizi qane etməyib və istəməmisiz həmin tatunu etmək?

- Bəli. Daha çox oğlanlar arasında bu problemlə qarşılaşmışam. Son zamanlar oğlanlar arasında mənfi bir hal yaranıb. Onlar 8 guşəli ulduz və s. oğru aləmini xatırladan döymələr istəyirlər. Amma mən belə tatu istəyənləri qəbul etmirəm və çalışıram başa salım ki, məsləhət deyil.

- Deyirlər, tatu zamanla silinib gedir. Həqiqətən belədirmi?

- Mən etdiyim tatuya 100 faiz təminat verirəm ki, öz-özünə silinə bilməz. Amma kimsə istəyirsə, sildirmək mümkündür. Bu isə bahalı mərhələdir. Məsələn, 100 manata edilən döyməni sildirmək 500 manatdan baha başa gələ bilər. Bundan başqa, tatu silinən zaman yeri ləkə kimi qala bilər. Cərrahiyə yolu ilə də sildirmək olur.

- Yeri gəlmişkən, qiymətlər necədir?

- Tatu 50 manatdan başlayır, amma maksimum qiymət demək çətindir. Çünki gördüyümüz işin nə qədər vaxt apardığına bağlıdır. Elə olub ki, 2200 manata iş görmüşəm. Turist bir xanım müraciət etdi və ombadan çiyin nahiyəsinə qədər maraqlı bir tatu istədi. Bu isə 2200 manata başa gəldi. Bunu digər tərəfə etsək, qiymət ikiqat artacaqdı. Ona görə də qiymət demək çətindir, saatına və gördüyümüz işin əziyyətinə bağlıdır.

Dİgər xəbərlər