Prezident Sumqayıt şəhərinə 6 milyon ayırdı
21 noyabr 2019 16:11 (UTC +04:00)

Prezident Sumqayıt şəhərinə 6 milyon ayırdı

Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

Lent.az-ın AZƏRTAC-a istinadla verdiyi məlumata görə, sərəncamla Sumqayıt şəhərində 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 6 milyon manat ayrılıb.

Səncamda qeyd olunub ki, bu il şəhər statusu almasının 70 illiyini qeyd edən Sumqayıt ötən dövr ərzində parlaq inkişaf yolu keçərək, ölkənin aparıcı sənaye mərkəzlərindən birinə çevrilmiş, eyni zamanda elm, təhsil, mədəniyyət və digər sahələrdə böyük uğurlar əldə etmişdir.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində bu gün də sürətlə inkişaf edən Sumqayıt şəhərində qeyri-neft sənayesinin davamlı inkişafının təmin edilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən gücü 525 MVt olan Elektrik Stansiyası, “Sumqayıt-3” yarımstansiyası tikilmiş, “Azərkimya” İB-nin müəssisələri yenidən qurulmuş, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin “Azgüntex” Zavodu, “Sağlam qida” Aqrar-Sənaye Kompleksi, “Azərsun Holdinq”in kağız və karton emalı kombinatı və yağ istehsalı fabriki, “Gilan” Tekstil Parkı, Mis Emalı Zavodu, “Alyans Tekstil” MMC-nin uniformalar istehsalı fabriki, “Azkontakt” MMC-nin beton boru və beton döşəmə daşı istehsalı müəssisələri yaradılmış, Kimya Sənaye Parkında “Azərtexnolayn” MMC-nin polad və polietilen borular, mexaniki və hidrotexniki avadanlıqlar istehsalı zavodu, “STP” MMC-nin müxtəlif istehsal sahələri üzrə ixtisaslaşmış zavodları, İnşaat Kimyəviləri Zavodu, Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu, “Tabaterra” QSC-nin tütün məmulatları istehsalı fabriki, pestisid və aqrokimyəvi məhsulları, azot gübrəsi istehsalı, xortum və fitinq birləşmələri, sürtkü yağları, polipropilen və yüksək sıxlıqlı polietilen, elektron təhsil avadanlıqları, şüşə və saxsı məmulatları istehsalı müəssisələri, Məlumatların Emalı Mərkəzi istifadəyə verilmiş, 84 mindən çox yeni iş yeri açılmışdır.

Bununla yanaşı, şəhərdə sosialyönümlü bir sıra infrastruktur layihələri də yerinə yetirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Muğam Mərkəzi, Nizami kinoteatrı, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 nömrəli Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin, 3 nömrəli Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” mərkəzi fəaliyyətə başlamış, dənizkənarı bulvar-kompleksinin ərazisi genişləndirilərək 146 hektara çatdırılmış, şəhər avtomobil yollarının yenidən qurulması, çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi, lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əsaslı işlər görülmüş, genişmiqyaslı abadlıq-quruculuq işləri aparılmışdır.

# 2421
avatar

Oxşar yazılar