Nazirlər Kabinetinin yeni sözçüsü - DOSYE
19 noyabr 2019 14:52 (UTC +04:00)

Nazirlər Kabinetinin yeni sözçüsü - DOSYE

Xəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub. 

Lent.az İbrahim Məmmədovun dosyesini təqdim edir.

İ.Məmmədov 1964-cü il iyulun 16-da Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedaqoji Universitetdə təhsil alıb. Tarix və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.

"Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi" adlı elmi monoqrafiyanın və yüzlərələ məqalənin müəllifidir. "1988-ci il Sumqayıt hadisələri Ermənistanın Azərbaycana qarşı təcavüzünün tərkib hissəsidir" adlı elmi işi müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. "Əməkdar jurnalist"dir. "Sovet imperiyasının gizlinləri. Qriqoryanın işi" adlı 3 hissəli sənədli filmin müəllifidir.

"Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında işləyib. 2005-2006-cı illərdə Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsində baş məsləhətçi kimi çalışıb. 2006-cı ildən 2012-ci ilin fevralınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru olub. 2012-ci ilin fevralından 2015-ci ilin sentyabrınadək Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində sədr müavini vəzifəsində çalışıb. Daha sonra Region TV-nin sədr müavini olub.

Ailəlidir 2 övladı var.

Xatırladaq ki, Baş Nazir Əli Əsədov Ayaz Mirzəyevin Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilməsi barədə sərəncam imzalayıb.

# 1667
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar