ABŞ-ın Kaliforniya ştatında “Kolizey” metro stansiyasında faciə yaşanacaqdı. Lakin metropoliten əməkdaşının ani cəldliyi bunun qarşısını aldı.
Lent.az Rusiya KİV-ə istinadla xəbər verir ki, həmin gün adıçəkilən metro stansiyasında həddə çox sərnişin vardı. Onların əksəriyyəti stansiya yaxınlığındakı stadionda futbol matçını izləyərək metroya gələn fanatlar idi.
Həmin gün axşam növbəsində platformada patrul xidmətinə metropoliten əməkdaşı Con O'Konnor çıxmışdı.
Fanatların dəlisovluğu Conun diqqətindən yayınmırdı. Sanki o, hər an xoşagəlməz anın baş verəcəyini hiss edirdi. Elə də oldu…
Qatar palatformaya girən zaman ayağı büdrəyən fanatlardan biri relslərin üzərinə düşdü. Bu an patrul özünü itirmədi. Soyuqqanlı şəkildə cəld sərnişindən yapışaraq onu özünə çəkdi. Hər şey bir anın içərisində baş verdi.
Müşahidə kameralarına düşən o anları izləyərkən görünür ki, Con bir saniyə gec reaksiya versəydi, sərnişinin həyatını xilas etmək mümkün olmayacaqdı…
Sonradan hadisə barədə danışan Con O'Konnor bildirib ki, həmin an nə qorxmağa, nə də həyəcan keçirməyə vaxt yox idi, yalnız hərəkətə keçmək lazım idi.
“Küçədə insanlar məni görəndə bir anlıq saxlayıb təşəkkür edirlər. Onlar məni qəhrəman adlandırır. Bu münasibət mənə inanılmaz dərəcədə xoşdur", – deyə patrul əlavə edib.
Dəhşətli anları əks etdirən həmin videonu təqdim edirik: