859
15:14
06 Noyabr 2019

Bakıda ata azyaşlı qızını naməlum kişiyə verdi: Dilənçilik məqsədilə?

“Dünən axşam saat 8 radələrində polis sığınacağa 2 yaşlı qızcığaz gətirdi. Sənədləşdirmə zamanı isə zəng gəldi ki, uşaq səhvən qoyulub, valideynləri geri istəyir”.

Bu sözləri Lent.az -a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. O bildirib ki, sonra uşağın ana və atası sığınacağa gəliblər:

“Ana və ata ilə danışdım. Məlum oldu ki, səhər saat 7 radələrində ana işə gecikdiyi üçün qızını atasına bacısına aparmaq üçün verib ki, uşaq bağçaya qoyulsun. Kişi uşağı aparıb, sadəcə qadının bacısı xəstə olduğundan qızcığazı bağçaya aparmaq mümkün olmayıb. Sonda atası deyib ki, bağçanı tanıyır, özü aparacaq. Ancaq kişi uşağı bağçaya yox, naməlum kişiyə verib.

Daha sonra axşam saatlarında uşaq 252 saylı uşaq bağçasının gözətçisinə verilib və deyilib ki, ardınca gələcəklər. Bir səs çıxmadığından bağça rəhbərliyi polisə müraciət edib”.

K.Ağazadə qeyd edib ki, uşağın atasının davranış pozğunluğu var və fikrini tam ifadə edə bilmir:

“Ana ilə ata gələndən sonra məlum oldu ki, rəsmi nikahları var. Ancaq ana ilə danışanda mənə dedi ki, həyat yoldaşına etibar etmir. Ona görə də hazırda ana ilə uşaq sığınacaqdadır. Qadının özü getmək istəmədi və bildirdi ki, uşağının sözügedən müddətdə harada olmasını öyrənmək istəyir.

Qeyd edim ki, uşağın bədənində xəsarət izləri yoxdur, ancaq təfərrüatlar bilinmir. Bəlkə uşaq diləndirilib? Bunu necə bilək? Kişinin uşağı verdiyi adam da bilinmir ki, kimdir, nəçidir.

Biz istəyirik ki, iş araşdırılsın və qızcığazın harada olduğunu bilək. Bununla bağlı dünən paylaşım edəndən sonra mənə yazırlar ki, kişi səhv edib. Belə səhv olar? Uşaq oyuncaqdır? Adam bilmədiyi, güvənmədiyi adama övladını necə etibar edə bilər? Başa sala bilmirəm ki, uşaq kimlərinsə əllərinə keçə, bədbəxt hadisələr də yaşana bilərdi. Hadisə tam araşdırılına qədər uşaq bizdə qalacaq”.