"Prezident çox şeyi açıq söyləyir, biz isə qorxa-qorxa danışırıq" - Fazil Mustafa
05 noyabr 2019 18:08 (UTC +04:00)

"Prezident çox şeyi açıq söyləyir, biz isə qorxa-qorxa danışırıq" - Fazil Mustafa

"Ölkədə əsas problem insanların pul qazanmasının yollarının bağlanmasıdır. Narazılıq da buradan qaynaqlanır. Kölgə iqtisadiyyatı, inhisarçılıq, korrupsiya normal sahibkarlıq fəaliyyətinə imkan vermir".

Lent.az məlumat verir ki, bu sözləri deputat Fazil Mustafa noyabrın 5-də Milli Məclisin bir neçə komitəsinin birgə iclasında 2020-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı çıxış edərkən səsləndirdiyini bildirib:

"Əmək və əhalinin sosial müdafiə naziri söylədi ki, dövlət dəstəyi ilə 65 min iş yeri açılacaq, əslində bu da insanlar üçün məşğulluq problemini həll etmir. Maaş aşağı olacaqsa, kimsə bu iş yerlərində çalışmağa maraqlı olmayacaq. Siz bütün maneələri götürün, sahibkarlar özləri bu iş yerlərini yaradacaqlar. Sahibkarın da belinə o qədər yük qoyulub ki, adamlar harasa investisiya yatırmaqdan qorxur. Üstəlik, banklar aşağı faizlə kredit vermirsə, məhdud pul vəsaiti köçürmə imkanı tanınırsa, üstəlik də inhisarçılığın qarşısında müdafiə oluna bilmirsə, adam iqtisadiyyata necə investisiya yatıra bilər?

Son vaxtlar yaradılan publik hüquqi şəxslərin dövlət tərəfindən maliyyələşmə mexanizmində dəqiqləşdirmələr aparılmalıdır. Əvvəllər rüşvətlə başa gələn işlər, indi bu qurumların "xidmət haqqı" adı altında aldığı məbləğin yanında toya getməlidir. Nədənsə yaradılan bütün qurumların ilk işi vətəndaşdan necə artıq pul qoparmaqdan ibarət olur. Halbuki, gəlin əvvəlcə vətəndaşa pul qazanmağa imkan yaradaq, sonra vergisini, sığorta ödənişlərini tələb edək".

Deputat 2020-ci ilin yanvarın 1-dən ölkədə bütün daşınmaz əmlaka icbarı sığorta tətbiq olunması barədə danışıb:

"Adətən, sığortanı əmlak riskinə görə tətbiq edirlər, ucdantutma daşınmaz əmlakın sığortası yanlış və lazımsızdır, vətəndaşdan əlavə pul qopartmaq vasitəsi kimi düşünülüb".

F.Mustafa qeyd edib ki, əlil uşaqlar üçün ayda verilən müavinətin məbləği 15 manatdır və bu rəqəm o uşağın üç günlük problemini çözməyə uyğun deyil, bu rəqəm ən azı üç dəfə artırılmalıdır:

"Ölkədə kitab və çap məhsullarına qoyulan 18 faizlik əlavə dəyə vergisi sıfırlanmalıdır. Onsuz da ölkədə savadsızlıq baş alıb gedir. Heç olmazsa, kitab çapı sahəsində qiymətləri aşağı salmaqla insanları oxumağa daha çox təşviq edə bilərik.

Eyni zamanda, bizdə deyirlər ki, iş vaxtı guya gündə 8 saatdır. Halbuki bu rəqəm 12-13 saata qədər çıxır. Bakıda tıxac o səviyyədədir ki, adam iki saat öncə evdən çıxır, iş vaxtından iki saat sonra evinə yetişə bilir. Bu insanların yollarda keçən vaxtını hansısa formada konpensasiya ilə ödəməyi düşünməliyik. Tıxacı həll etmirsinizsə, heç olmazsa, vaxt itkisinə məruz qalan vətəndaşa əlavə ödəniş verilməlidir".

Deputat əlavə edib ki, bütün məktəbli geyimində olan uşaqların ictimai nəqliyyatdan pulsuz istifadəsi mütləq təmin olunmalıdır:

"Ölkədə bəlkə də gələcəyimiz üçün ən vacib problemlərdən biri budur.

Bundan başqa, gələn ildən icbari tibbi sığorta tətbiq olunacaq. Çox yaxşı. Ancaq deyək ki, vətəndaş normal müalicə olundu. Onu harasa aptekə dərman almağa göndərəcəklərmi? O halda bahalı və keyfiyyətsiz dərmanları almağa onun pulu yetəcəkmi? Biz xaricə gedəndə qohum-tanış hamısı siyahı verir ki, bəs, bizə filan dərmanı al. Səbəb odur ki, Azərbaycandakı dərman mafiyası dərmanın keyfiyyət göstəricilərini dəyişir və baha qiymətə xalqa sırıyır. Qida təhlükəsizliyi də digər yandan bir bəlaya çevrilib, ona görə də onkoloji xəstəxananın qarşısında insanlar o biri dünyaya bilet növbəsində az qala bir-birinin üstünə çıxırlar".

Fazil Mustafa son olaraq vurğulayıb ki, ölkə prezidenti çox şeyi açıq söyləyir, bizlər isə hələ də qorxa-qorxa inhisarçılıqdan, korrupsiyadan danışırıq:

"Geniş miqyaslı özəlləşməyə start verilməlidir, dövlət müəssisələrinin böyük əksəriyyəti rentabelli deyil, büdcənin sosial yükünü azaltmanın tək yolu vətəndaşlara gerçək iqtisadi azadlıqların verilməsindən keçir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1520

Oxşar yazılar