822
17:54
01 Noyabr 2019

Param-parça olmuş ürək, zühur edən Lyudmila, 30 illik həsrətin sonu - Səbuhi Məmmədli yazır

Yer üzündə elə bir insan tapa bilmərik ki, həyatında ayrılıqlar olmasın. Ayrılıq - insanı insana, insanı məkana, insanı hətta zamana belə həsrət qoyur. Dağılmış həyatlar, parça-parça olmuş talelər doludur dörd tərəfimizdə. Və ömründən ayrılıq rüzgarı keçmiş hər kəsin dilində təkrar-təkrar pıçıldadığı bir haray var: HARADASAN?

Lent.az dilindən “Haradasan?” kəlməsi düşməyənlərin həsrət hopmuş yollarında addımlayaraq, insan, zaman, məkan nisgilinə son qoymağa çalışacaq bu gündən.

Lent.az sizinlə birlikdə “Haradasan?” deyəcək həsrət qaldığınız adamlara...

(Əvvəli burada https://lent.az/news/330274)

...İllər ötür, yaş keçirdi. Artıq təqaüdə çıxmaq ərəfəsindəydi. Qardaş-bacı, qohum əqrəba Nemandan nə vaxtadək tək yaşayacağını, mütləq evlənməli olduğunu xahiş edirdilər. Amma onu evlənməkdən çox Krımdakı oğlanları və qızı Tamella düşündürürdü. Oğlanlarına əli çatmırdı, qızını hərdən görsə də, daima yanında olması da mümkünsüz idi. Bir yandan da onu qəfil yaxalayan xəstəlik.

- Mən çox yaxşı idmançı olmuşam. Ağırlıqqaldıranam. Həmin gün, düzü, ştanqa yaxın getmək istəmirdim. Amma adətimə xilaf çıxa bilmədim.

Hə, adəti üzrə səhər idmanı zamanı ştanqı başı üzərinə qaldırır və birdən…

- Sanki ürəyimə xəncər soxdular. Ştanqı yerə atmağımla yıxılmağım bir oldu. Nəfəs ala bilmirdim. Birtəhər özümə gəlib, həkimə zəng etdim. Xəstəxanada elə beləcə də dedilər: “Ay yazıq, ürəyin param-parça olub ki...”

İki ay xəstəxanada yatır Neman kişi. Elə xəstəxanadan çıxandan sonra özü də anlayır; hə, artıq tək yaşamaq mümkün deyil. Evlənir qısa zamanda, bir qızı da dünyaya gəlir.

Krımda isə Əli və Eldar atasız böyürdü. Atasız deyəndə ki, Lyudmila Nemandan sonra ərə getmişdi. Hətta ikinci ərindən övlad da dünyaya gətirmişdi. Amma oğlanları ikinci ərini ata kimi qəbul edə bilmirdilər. Gözləri yoldaydı...

***

Həmin gün, Bığır bələdiyyəsinin sədri Elnur Nuriyevdən Neman adlı bir nəfərin kənddə yaşayıb-yaşamadığını soruşanda cavabı belə olmuşdu: “Hə, yaşayır, axtarsan bizə qohumdu da”.

- Ona deyərsən ki, Krımdan onu axtarırlar.

Yarım saat keçməmiş telefonuma zəng gəlir:

- Mən Nemanam, məni axtaranların adını sənə deyəcəm. Sevindir məni, de ki, Eldardır.

- Bəli.

Hiss edirəm ki, danışmağa çətinlik çəkir. Gərgindir.

- Hardan tapmısan onları?

- Onlar özləri axtarır səni.

- Mən necə danışa bilərəm onlarla?

- Gələrəm sizə, danışarsan.

- Gəl, elə günü sabah gəl, mütləq gəl.

Bığıra hələ sabah gedəcəyik. İndilikdə isə Simferopola Nemanın övladlarına zəng vururuq. Dəstəyi gəlini Lyudmila qaldırır:

- Siz artıq o adamı tapdınız?

- Hə, o övladlarıyla danışmaq istəyir.

- İndi evdə yoxdur axı. Mümkünsə sabah.

- Lap yaxşı, mən sabah elə məhz onun yanında olacam.

***

...Həmin gecə onlar yolu azmışdılar. Gecənin qaranlığında, üst-başları palçığın içində, üzlərində qorxu, həyəcan. Bığıra necə gəlib çıxdıqlarını izah edəndə Neman kişi əllərini göyə qaldırıb Allaha dua etmişdi: Nə yaxşı çaqqala, canavara rast gəlməyiblər…

Gecənin bir vədəsində bu qəfil gəliş əslində Nemanı bərk qorxutmuşdu.

- O vaxt indiki kimi deyildi. Qaz yox, işıq yox, qar-qiyamət. Maşınları kəndin ayağında batıbmış. Kəndin girəcəyində məni soruşublar. Əslində ünvanı düz veriblər. Amma bunlar yanlış gediblər. Nə yaxşı ki, qurda-quşa rast gəlməyiblər.

Deyir, həyətdə odun da az imiş. Nə var atıb sobanın içinə, həyətdəki ağaclardan da xeyli budayıb, evin bir otağını qızdırıb. Pal-paltarlarını yuyublar Lətifəylə Tamillanın. Nəhayət, Neman kişi gəlişlərinin səbəbini soruşub.

- Səbəbini deyəndə quruyub qaldım. Demə, Tamilla anasına deyib ki, ata üçün dəhşət darıxmışam. Tez məni kəndə apar. Onlar da durub gəliblər. İki-üç gün qaldılar kənddə.

Bir aydan sonra Lətifə bir də gəlir kəndə. Nemana deyir ki, evi satıb başqa mənzil almaq fikirləri var.

- Mən dedi ki, sənin də etibarnamən gərəkdi. Mən də verdim. Bir həftə keçmədi, zəng elədi. Mənə dedi ki, adına hesab açdır, ora pul köçürəcəm. Dedim nə pul? Qayıtdı ki, bəs satdığımız evin sənə düşən payını. Qəti razılaşmadım. Dedim o, Tamillanındı, ona bağışlayıram, qızıma.

Hə, beləcə övladı üçün ikinci dəfə böyük fədakarlıq edir.

***

Həmin gün gecə yarısınadək Lyudmila Əlini gözləyir. Bakıdan gələn sevindirici xəbəri ərinə çatdırmaq üçün.

- Əli heyrət içindəydi. Təsəvvür edin, o atasını ölmüş bilirdi. İnanmırdı sənin zənginə.

Zaman: 29 oktyabr.

Məkan: Göyçay, Bığır kəndi.

Əlinin nömrəsini yığıb, telefonu Nemana uzadıram. Adam az qala 30 ildən sonra oğluyla danışacaq. İlk baxışdan soyuqqanlı görünsə də, telefonu tutduğu sağ əli əsir. Dərhal da sol əlinə alır telefonu.

- Oğlum, salam.

- Salam, ata…

Və…

Və ekranda yenidən Lyudmila görünür.

- Səbuhi, o danışa bilmir, ürəyini tutub divana uzandı.

Mən Lyudanın nə dediyini Neman kişiyə bildirmədim.

- Sən mənim gəlinimsən?

- Hə, mənim də adım Lyudmiladı, həyat yoldaşınız kimi. Elə oğlunuz da sizin kimi iki dəfə evlənib. (Gülür)

- Məndə artıq üçüncü evlilikdi. (Bu dəfə hər ikisi gülür)

- Bu da nəvəniz Saşa. Saşa, gəl babanla danış.

- Salam, baba!

- (Səsi titrəyir) Salam, Saşa. Mən sənin babanam.

- Mən səni heç görmədim, baba.

- Bax, ananı da, atanı da götür gəl babanı görməyə.

- Uzaqdı Bakı?

- Yox, qatara minəcəksən, bir gün yatdın-durdun, çatacaqsan.

- Ana, babagilə gedək?

- Dəvət edirlərsə, gedək. (Gülür)

- Səbuhi, denən bu ev-eşik onlara qurbandı.

- Neman kişi, bu “qurbandı” sözünün ruscaya tərcüməsi alınmayacaq?

- Onda denən, tez gəlsinlər.

- Lyuda, ən qısa zamanda gəlin. Əli özünə gəldimi? Danışa bilərmi?

- Səbuhi, inanın, dalbadal dərman atdı. Qoy özünə gəlsin, bir azdan danışaq.

- Oldu, Lyuda, zəng edəcəm.

Amma dayana bilmədim. Onsuz da soruşacaqdı. Bircə kəlmə “salam, ata” və vəssalam?

- Neman kişi, bu onların telefon nömrəsi, Əli özünü pis hiss etdi. Axşam zəng elə danış.

- Sən Allah, özün bir də danış. De ki, tez gəlsinlər. Öyrən həm də, iraq olsun, bayaq uşağa nəsə olar birdən. Bizim qonşular Simferopola gedilərmiş o vaxt. Gəldilər mənə dedilər ki, Lyudmila Valentinovna rəhmətə gedib. Deyərsən qəbrinin şəklini də çəksinlər. Mənə gətirsinlər. Bunu mütləq de ha.

- Narahat olma, mütləq deyəcəm.

30 oktyabr, Bakı.

…Bakıya çatanda yenidən Lyuda ilə əlaqə saxlayıram.

- Əli necədi?

- İndi şükür, yaxşıdı. Səhər Krasnodara getdi, iş dalınca.

- Nə vaxt gəlirsiz?

- Düzü, hər şey mənim məzuniyyətimdən asılıdır. Ola bilsin ki, Yeni İli orda olaq.

- Bu lap əla olar.

- Hə, Əli hesabladı, maşınla Rostova kimi gəlib, oradan qatarla Bakıya getmək mümkündü. Həm də ucuz başa gəlir. Çünki anası da xəbəri eşitdi, elə sevindi ki! Bir görəydin.

- Kimin anası?

- Əlinin. Lyudmila Valentinovna.

- O sağdı?

- Hə, nə olub ki ona? Əsil ərə getməli vaxtıdı. (Gülür) Budee, yanımdadı. İstəyirsən danış...

- Salam, Lyudmila Valentinovna.

- Salam, oğlum. Necəsiz? Siz doğrudan o kənddə oldunuz? Bu xəyal idi mənimçün, sanki nağıldayam.

- O, elə bilirdi siz ölmüsünüz.

- Qoy elə bilsin. Yox, əlbəttə, yox. Sadəcə deyin, onu görmək istəyirəm. Həm də çox istəyirəm.

- Onda fotonuzu çəkin, atın mənə.

- Yox cavan oğlan. Qoy bu bir sürpriz olsun. (Gülür)

Lyudmila ilə sağollaşıb, Neman kişini arayıram.

- Başa düşmədim, sənə kim deyib ki arvadın ölüb?

- Necə yəni? Lyudmila sağdı?

- İndicə danışdım.

- Bıy Allah səni sevindirsin, bıy Allah səni sevindirsin, bıy Allah səni sevindirsin...

Bəlkə 10 dəfə təkrar edir bu sözləri...

Nə deyək, Allah hamını sevindirsin. Ata və oğullarının bir-birini qucaqlayıb sevinəcəyi tarix isə ilin sonuna təsadüf edəcək.

Bu da bir yazının anonsu olsun sizlər üçün...