Həbsdəki xalq artisti, qəfil qonaq, qorxulu gecə... – <span style="color:red;">Səbuhi Məmmədli yazır
31 oktyabr 2019 17:10 (UTC +04:00)

Həbsdəki xalq artisti, qəfil qonaq, qorxulu gecə... – Səbuhi Məmmədli yazır

Yer üzündə elə bir insan tapa bilmərik ki, həyatında ayrılıqlar olmasın. Ayrılıq - insanı insana, insanı məkana, insanı hətta zamana belə həsrət qoyur. Dağılmış həyatlar, parça-parça olmuş talelər doludur dörd tərəfimizdə. Və ömründən ayrılıq rüzgarı keçmiş hər kəsin dilində təkrar-təkrar pıçıldadığı bir haray var: HARADASAN?

 

Lent.az, dilindən “Haradasan?” kəlməsi düşməyənlərin həsrət hopmuş yollarında addımlayaraq, insan, zaman, məkan nisgilinə son qoymağa çalışacaq bu gündən.

Lent.az sizinlə birlikdə “Haradasan?” deyəcək həsrət qaldığınız adamlara...

***

...Özünü üstümə ən əziz adamını illərlə görməyən biri kimi elə atdı ki, sanki yenidən itirəcək, bir daha görməyəcəkdi. Üz-gözümdən öpüb, “şükür Allaha, ay bala, nə yaxşı ki gəldin” deyib bağrına basdı. Bir anlıq çaşdım, düzü. Çünki bu xanımı ilk dəfəydi görürdüm. Ümumiyyətlə, mən bu həyətə, nəinki həyətə bu kəndə ilk dəfə gəlirdim. Yeri gəlmişkən, Azərbaycanın ən məşhur kəndlərindən birinə.

Biz bu kənd söhbətinə qayıdacağıq. Bu, bir ayrı mövzudur. İndi məqsədimiz tamam başqa. Neman kişini axtarırıq, yerli bələdiyyə sədri Elnur müəllimlə. Bizi qarşılayan isə Neman kişinin həyat yoldaşıdır.

- Xəstəxanaya gedib, qonşunun uşağını aparıb. O, kəndimizin təcili yardım maşınıdır. Kimin nə problemi varsa, ona deyir. Sənin atan, bax, belə kişidir.

Hə indi, elə həmin anda başa düşdüm… məni səhv salıbmış. Elnurla mənim güldüyümü görüb də bir az çaşdı.

 

 -  Yox, Eldar deyil.

Özü də güldü. Mən qucaqlayıb “Nə olsun, sən də xoş gəlmisən” deyib, yenidən bağrına basdı.

- Mən tez çay hazırlayım, Neman gələnə qədər. 

 

***

Həyətə çox şəstlə girir. Tam əminliklə deyirəm, 50 yaş güclə vermək olar Neman kşiyə. Amma gələn il 70 yaşını qeyd edəcək. Bığırlıdı, Göyçayın bu məşhur kəndindən. Uzun illər ədliyyə sistemində işləyib. Daha doğrusu, ömrünün böyük hissəsi həbsxanalarda keçib. Bakıda, Ağdamdakı Şahbulaq həbsxanasında, Gəncə təcridxanasında... İndi təqaüddədir, təbii. Təsərrüfatla məşğuldur, təqaüd alır. Yeganə qızını da ərə verib, özü demişkən, arvadla baş-başa, təkcə qalıblar indi. Amma yeganə qızınımı?

Hə, bu ammaları sadalasaq, gərək Neman kişinin həyatına bir neçə yazı həsr edək.  Gəlişimizin məqsədi başqadı axı. Məqsədimizi də bilir, özü də çox sevincəkdi, səmimidi...

- Mən üç dəfə evlənmişəm. İlk dəfə Lyudmila Valentinevnayla. 1974-də, onda mən “nadzor” işləyirdim. Bakıda tanış olmuşduq. Lyudanın atası azərbaycanlı, anası rus idi. Dalbadal iki oğlumuz oldu. Normal, xoşbəxt də da yaşayırdıq Bakıda. O, mühasib idi, ikimizin normal maaşı da vardı. Evimiz-eşiyimiz. Nə bilim, günlərin bir günü dedi ki, köçək Krıma. Dedim, nə var axı bu Krımda? Razılaşmadı, israr etdi ki, köçək.

Həyat yoldaşıyla razılaşmır, Bakıda qalır. Amma böyük fədakarlıq edir onun üçün. Bakıdakı evlərini salır, pulunu Lyudmilaya göndərir. Bu hələ harasıdır? Aylıq əmək haqqının yarısını da, Simferopola, oğlanlarına aliment kimi göndərir.

 

- Düzü, heç aliment də kəsməmişdilər. Amma hər ay pul göndərirdim. Çox sevirdim onları. Təsəvvür elə, o vaxt Bakı-Simferopol təyyarə reysi vardı. İki həftədən bir uçurdum ora. O qədər uçmuşdum ki, reysin nömrəsi də indiyədək yadımdadı: 66-55.

 

Ailəsi onu tərk edəndən sonra Bakıda qala bilmir. Ərizə yazaraq, iş yerinin başqa yerə dəyişməsini istəyir. Onu Ağdama, Şahbulaq kəndinə göndərirlər. Bir müddət burada işləyəndən sonra Gəncə təcridxanasına köçürülür. Sonra yenidən Bakıya. Bakıda isə onu ikinci evliliyi gözləyirdi.

 

- Mən çox yaxşı pul qazanırdım. Dəbdə olan nə vardı, onu geyinirdim. Ən bahalı içkiləri içirdim. Ətrafımda kimlər yox idi? Artistlərdən, şairlərdən tutmuş, yüksək vəzifə sahiblərinə kimi. Nə bilim, işimlə, əməllərimlə qazanmışdım bu hörməti. Yadımdadı, rəhmətlik Hacıbaba Bağırov türmədə yatırdı, 6-cı kolonda…

Sözünü kəsirəm. Çünki  bunu ilk dəfə idi eşidirdim.

- Neman kişi, xalq artisti Hacıbaba Bağırov?

- Hə, də.

- O türmədə yatıb ki?

 

- Əlbəttə, yatıb. Özü də üç, ya dörd il. Bəs deyirəm də, “şestoyda”, Böyükşorda. Rəis də, mən də, dustaqlar da xətrini çox istəyirdik. Həbsxananın klubuna rəhbərlik edirdi, tamaşalar qoyurdu, konsertlər verirdi. “Muzkomediya”nın bütün rəhbərliyi gələrdi Hacının yanına. Bütün artistləri, adi işçiləri belə. Dustaqların arasından elə adamlar tapırdı ki, deyərdin İncəsənət İnstitutunu bitirib, xalis aktyordu. Özü də nə qədər qadın gəlirdi yanına. Rəhmətliklə aramız saz idi. Ömrünün axırına qədər də dostluq elədik. Səhv eləmirəmsə, 5 dəfə evli olub. Sonuncu yoldaşı özündən 38 yaş kiçik idi. İlk yoldaşı da rus olub. Oğlu Saşa indi də Rusiyada yaşayır. Deyəsən, Smolenskdə. Bakıya tez-tez gəlir.

- Bəs niyə tutmuşdular onu?

- Zənnim məni aldatmırsa, xuliqanlıq üstə.

 - Nə xuliqanlığı?

- Orası detallı yadımda deyil, amma bircə onu bilirəm ki, Rübabə Muradova ilə bacısı Mahrux Muradova tutdurmuşdu.

- Yəni onların iddiası əsasında.

- Hə, elə demək olar.

- Maraqlıdır…

Yox, maraqlı olan başqa bir məqam da var. Və o da məhz Neman kişiylə bağlıdır. Sən demə, Neman kişi də ikinci həyat yoldaşını, elə özünün də dediyi kimi, bu “Muzkomediya”da tapacaqdı.

Daha dəqiqi, bu teatrın konsertmeystri Lətifə xanımı. Onlar evlənəcək və qızları dünyaya gələcək, adını da Tamilla qoyacaqdılar...

***

Biz bu evliliyə qayıdacağıq. Hələliksə, Neman kişinin Krıma köçən ailəsinə qayıdaq.

Hə, demək olar ki hər ay övladlarını görməyə gedirmiş. Uşaqlar da atalarını o qədər sevirmiş ki, geri Bakıya qayıtmağını belə istəmirmişlər. Amma qayıtmağa məcbur idi, burada işi və ailəsi vardı.

 

Neman kişi ikinci ailəsindən gizlətmirdi başına gələnləri. Onlar da bunu qəbul etmişdilər. Münasibətlər hətta o yerə gəlib çıxmışdı ki, ata, demək olar ki, hər yay uşaqlarını, keçmiş xanımı Lyudmila Valentinovnanı Krımdan Bakıya gətirər, onları dəniz aparar, Göyçaydakı evində qonaq edərdi.

- Lətifə xanım qəti əleyhinə deyildi. Həm oğlanlarıma, həm keçmiş həyat yoldaşıma qaynayıb-qarışmışdılar. Təsəvvür edin, mən hər iki ailəmi Naftalana, Göy Gölə aparardım. Dincələrdilər. Elə rəhmətlik anam da onları çox sevərdi. Hə, bir maraqlı əhvalat danışım. Demək, bir yay uşaqlar yenə tətildəydi, Bığırda. Çaydan balıq tutmağa gediblərmiş. Amma balıq tuta bilməyiblər, əvəzində qarmaqlarına xərçəng düşübmüş. Bir torbada nə qədər xərçənglə gəlib evə. Evdə də heç kim yox. Bu da eləmə tənbəllik xərçəngləri at anamın süd qazanına, su tök, bişir. Anam yas yerindəymiş, qayıdanda dəli olmuşdu. (Gülür) Necə əsəbiydi? Amma inan, güldən ağır söz demədi uşaqlara. Amma o qazana bir də əl vurmadı. Dünən kimi dururdu buralarda, həmin qazan.

***

Bir müddət keçir, Neman kşinin həyat yoldaşı Lətifə xanımla problemləri yaranmağa başlayır. Cütlük ayrılmaq qərarına gəlir. Daha doğrusu, Lətifə xanım boşanmaq üçün ərizə verir. Neman isə məhkəmədə qızı Tamilladan ayrı qala bilməyəcəyini deyib, boşanmadan vaz keçir. Təsəvvür edin, məhkəmə sonradan boşanma ərizəsinə sonacan baxmır da. Lətifə xanım da, Neman da tez-tez görüşür, qızı Tamillayla ünsiyyətə mane olmur.

 

***

 

...Günlərin bir günü Bığır kəndinə Ukraynadan iki xəbər gəlir. Biri Məmmədov Taleh Həmid oğluna, biri isə…

Hə, Talehi qızı Leyla axtarırdı. Onun bir yaşı olanda valideynləri ayrılıbmış. Leyla böyüyür, ərə gedir, soyadını Yatsık edir. Amma atası bir gün də yadından çıxmır. Ukraynanın Krivoy Roq şəhərində yaşayan Leylanın 30 ildən çox görmədiyi atasının izinə düşməsi üçün əlində bircə ipucu vardı: Göyçay rayonu, Bığır kəndi…

 

Hə, bir ipucundan isə onun xəbəri yox idi - Lent.az!

***

…Gecə onlar yolu azmışdılar. Gecənin qaranlığında, üst-başları palçığın içində, üzlərində qorxu, həyəcan. Bığıra necə gəlib çıxdıqlarını izah edəndə Neman kişi əllərini göyə qaldırıb Allaha dua etmişdi: Nə yaxşı çaqqala, canavara rast gəlməyiblər…

Əlahəzrət oxucu, çox dolaşığa düşdük deyəcək. Amma yox, Lent.az-da qalın, sabah bütün düyünlər açılacaq! Heyrətamiz bir həyat hekayəsinin finalı möhtəşəm olacaq!

 

 

# 3557
avatar

Oxşar yazılar