912
18:39
29 Oktyabr 2019

Əlilliyi olanlarla bağlı sənəd hazırlanır - YENİLİK

Azərbaycanda əlilliyi olan şəxslərlə bağlı reabilitasiya işinin mütərəqqi dünya təcrübələri əsasında yenidən qurulması məqsədilə yeni “Reabilitasiya Konsepsiyası” sənədinin layihəsi üzərində iş gedir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Lent.az -a verilən məlumata görə, hazırda Almaniyanın Bədbəxt Hadisələrdən Sığorta Agentliyinə ilə bu istiqamətdə əməkdaşlıq həyata keçirilir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Finlandiyanın Azərbaycandakı səfirinin ofisi və Azərbaycan Əlillər Təşkilatları İttifaqının birgə təşkil etdiyi “Əlilliyi olan şəxslərin hüquqları” mövzusunda seminarda çıxışı zamanı deyib.

Qanunun tətbiqi ilə əlaqədar 20-ə yaxın yeni normativ hüquqi akt, həmçinin Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin 2018-ci il iyulun 18-dəki 213 nömrəli fərmanının müvafiq yarımbəndlərinin icrası məqsədilə “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası” və “Fərdi Reabilitasiya Proqramının hazırlanması, təsdiq edilməsi və həyata keçirilməsi qaydası” ilə bağlı qərar layihəsi hazırlanıb.

Nazir müavini bildirib ki, hazırda nazirliyin 14 reabilitasiya mərkəzi vardır, onlardan 8 mərkəzin (Mərdəkan Pansionatının, Yevlax, Naftalan, Xaçmaz, Şəki, Lənkəran və Sumqayıt bərpa mərkəzlərinin, eləcə də Protez Ortopedik Bərpa Mərkəzinin) əsaslı təmir və bərpadan sonra cari ilin sonuna qədər istifadəyə verilməsi, respublikanın bölgələrində yeni reabilitasiya mərkəzlərinin tikintisi nəzərdə tutulub.

A.Kərimov əlilliyi olan şəxslərin turizm xidmətlərindən, internet informasiya xidmətlərindən cəmiyyətin digər üzvləri ilə bərabər şəraitdə faydalanması, əlilliyi olan şəxslərə dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növlərinin siyahısının, işarət dilinin (jestika) istifadəsinin genişləndirilməsi, əlilliyi olan şəxslərin reyestrinin formalaşdırılması, yeni peşə-sosial reabilitasiya mərkəzlərinin yaradılması və s. istiqamətlərdə aparılan işlər barədə də ətraflı məlumat verib.