1069
00:30
29 Oktyabr 2019

Prezident Qəbələdə bir neçə müəssisəyə baş çəkdi - FOTO - YENİLƏNİB

Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirdi ki, regionların inkişafı Dövlət proqramlarına uyğun olaraq son illərdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın nəqliyyat-yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. İndi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.
Diqqətə çatdırıldı ki, Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolu 10 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 19 kilometr olan yol dördüncü texniki dərəcəlidir. İki hərəkət zolaqlı yol üzərində xeyli yol nişanı və göstərici lövhələr, siqnal dirəkləri və 8 avtodayanacaq quraşdırılıb. Avtomobil yolunun 10-cu kilometrliyində Qaraçay çayı üzərində dördaşırımlı yeni körpü tikilib, Zalamçay çayı üzərində isə ikiaşırımlı körpü təmir edilib. Bu yolun inşası əhalinin mənzil başına tez və rahat çatmasına, həmçinin kənd təsərrüfatı məhsullarının vaxtında bazarlara və digər satış məntəqələrinə çatdırılmasına şərait yaradacaq.
Prezident İlham Əliyevə rayonun Nic-Mıxlıqovaq-Yemişanlı-Uludaş-Tikanlı-Abrıx avtomobil yolunun tikintisi barədə də məlumat verildi. Qeyd olundu ki, 11 min əhalinin yaşadığı və 8 yaşayış məntəqəsini birləşdirən yolun uzunluğu 18 kilometrdir.

Prezident İlham Əliyev Şamaxı-İsmayıllı yolunun yenidən qurulması barədə göstəriş verərək dedi:

- Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda? Biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Amma şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə.
Sonra dövlətimizin başçısı Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

****
Oktyabrın 28-də Qəbələ rayonunun Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev avtomobil yolunun açılışında iştirak edib.
***

Oktyabrın 28-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısı Qəbələ filialının açılışını bildirən lenti kəsdi.
“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov bildirdi ki, qədim el sənətlərindən olan xalçaçılığın inkişafı ilə bağlı son illərdə görülən işlər öz bəhrəsini verir.
Qeyd olundu ki, bu sahənin inkişafına xüsusi diqqət və qayğı sayəsində artıq bir çox bölgələrdə xalça fabrikləri istifadəyə verilib və bəzi regionlarda yeni fabriklərin açılması istiqamətində işlər gedir. Hazırda dövlət səviyyəsində bu fabriklərin yerli istehsal hesabına xammalla təmin olunması diqqət mərkəzindədir. Bu fabriklərin açılması xüsusilə qadınların işlə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Bu sırada təbii ki, Qəbələdəki xalça fabriki də fərqlənir. Müəssisədə əsasən Şamaxı, Ağdaş, Ağsu, Kürdəmir, Hacıqabul, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar, Qəbələ, Qax, Zaqatala və Oğuz rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan xalça çeşnilərinə üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.
Qəbələ filialı toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq və zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Qəbələ şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın burada təşkil olunmuş hazırlıq-tədris kurslarında mütəmadi iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.
Dövlətimizin başçısı toxunuşu başa çatan xalçanı kəsdi.

Sonra filialın kollektivi ilə görüşən Prezident İlham ƏLİYEV dedi:

- Mən sizi ürəkdən salamlayıram. Sizi yeni xalça fabrikinin açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bu gözəl müəssisədə indi 50-dən çox iş yeri yaradılıb. Gələcəkdə iş yerlərinin sayı daha da çox olacaq. Əsas məsələ ondadır ki, burada qadınlar üçün iş yerləri yaradılır. Yəni, qadınları işlə təmin etmək üçün xüsusi tədbirlər görülür ki, Azərbaycanda iş yerləri daha da sürətlə açılsın, daha geniş əhalini əhatə etsin.
Burada iş şəraiti də, əməkhaqqı da yaxşıdır. Azərbaycanda xalçaçılıq sənətinin bundan sonra da yaşadılması üçün biz çox böyük işlər görürük. Bu məqsədlə “Azərxalça” müəssisəsi yaradılıbdır və mənim göstərişimlə ölkəmizdə 30-dan çox xalça fabriki tikilməlidir. Onlardan 10-u istifadəyə verilib, o cümlədən biri Qəbələ şəhərində. Növbəti illərdə isə 20-dən çox fabrik fəaliyyətə başlayacaq. Bu fabriklərdə minlərlə yeni iş yeri yaradılacaq.
Xalçaçılıq sənəti bizim milli sənətimizdir, bizim qədim sənətimizdir. Azərbaycan xalçaları dünyanın ən aparıcı muzeylərində nümayiş etdirilir. Xalça bizim məişətimizin ayrılmaz hissəsidir və Azərbaycan xalçaları öz keyfiyyəti ilə seçilir. Biz elə etməliyik ki, bu sənət daim yaşasın. Buna nail olmaq üçün, əlbəttə ki, belə fabriklərin yaradılması çox böyük əhəmiyyət kəsb edir. Əminəm ki, gənc nəsil bu gözəl sənətə gələcək və bizim peşəkar mütəxəssislərimiz öz təcrübələrini bölüşərək bunu gənc nəslə də ötürəcəklər. Beləliklə, xalça sənəti yaşayacaq, necə ki, əsrlərboyu yaşayıb.

Eyni zamanda, xalça ixracyönümlü məhsuldur. Bu xalçalar xaricə satılmaqla ölkəmizə valyuta gələcək. Biz indi Sumqayıt şəhərində böyük əyirici-boyaq müəssisəsini yaradırıq. Ölkə üzrə yun tədarük mərkəzləri yaradılır. Bizim öz boyalarımız, öz iplərimiz olacaq və idxaldan asılılıq aradan qaldırılacaq.
Ona görə “Azərxalça”nın yaradılması, görün, nə qədər böyük, gözəl hadisələrə təkan verdi. Həm iş yerləri yaradılır, biz sənətimizi yaşadırıq, gənc nəsli yetişdiririk, həm də bölgələrdə yunçuluqla bağlı aparılan tədbirlər öz səmərəsini verir və nəticədə Azərbaycan daha da güclənir, ölkəmizin uğurlu inkişafı təmin edilir.
Qəbələ rayonuna çox böyük diqqət göstərilir. Son illər ərzində burada bir çox önəmli müəssisələrin, obyektlərin açılışı olub. Təsadüfi deyil ki, mən son 16 il ərzində Qəbələyə 13 dəfə səfər etmişəm, şəhərin, rayonun inkişafı ilə bağlı göstərişlər verilib və gözəl açılışlarda iştirak etmişəm.

Qəbələ Azərbaycanın Bakıdan sonra ikinci turizm məskənidir. Turizmin inkişafı sürətlə davam edir, 9 otel, 9 istirahət mərkəzi yaradılıb. Bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə Qəbələdə beynəlxalq aeroport tikilib. Baxmayaraq ki, sovet vaxtında Qəbələdə aeroport yox idi, indi beynəlxalq uçuşlar təşkil edilir. İcra başçısı mənə məlumat verdi ki, bu il təkcə otellərdə 150 min qonaq istirahət edib. Fərdi evlərdə də bəlkə o qədər qonaq istirahət edib. Bu, vətəndaşlara da böyük maddi dəstəkdir. İmkanı olan vətəndaşlar öz evlərinin bir hissəsini kirayəyə verirlər, pul qazanırlar. Kəndlilər də öz məhsullarını satırlar. Ona görə turizmin inkişafı əhalinin çox böyük bir hissəsini əhatə edir.
Əlbəttə, Qəbələdə sosial infrastruktur da icra edilir. O cümlədən biz bu gün içməli su-kanalizasiya layihəsini icra etdik. Bundan sonra Qəbələ ən yüksək standartlara cavab verən içməli su ilə təmin ediləcəkdir. Şəhər sakinləri bundan faydalanır. “ASAN xidmət” mərkəzi yaradılmışdır ki, bu da vətəndaşlara çox böyük rahatlıq verir. Heydər Əliyev adına böyük Konqres Mərkəzi yaradılıb və orada beynəlxalq tədbirlər, musiqi festivalları keçirilir. Yəni, Qəbələdə hərtərəfli inkişaf təmin edilir, iş yerləri, yeni müəssisələr, konserv zavodu, iki böyük heyvandarlıq müəssisəsi, bu gün tanış olduğum, Azərbaycanın tələbatının böyük hissəsini öz üzərinə götürən gülyetişdirmə mərkəzi və bu xalça müəssisəsi. Ona görə Qəbələnin timsalında biz ölkəmizin uğurlu inkişafını görürük.

Şəhər də gündən-günə gözəlləşir, abadlaşır. Həm tarixi abidələr qorunur, həm yeni obyektlər göz oxşayır. Belə də olmalıdır. Çünki Qəbələ dünyanın ən qədim yaşayış yerlərindən biridir. Qəbələ qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olmuşdur. Bu şəhərin çox böyük tarixi var. Biz indi Qəbələnin tarixi simasını saxlamaqla şəhərə, rayona yeni nəfəs veririk. Yeni inkişaf konsepsiyası icra edilir. Hər dəfə Qəbələdə olanda mən gördüyüm bu inkişafı qiymətləndirirəm və buna sevinirəm.
Sizə gələcəkdə yeni uğurlar arzulayıram. Arzu edirəm ki, bu müəssisədə yaxşı işləyəsiniz, həm ailə büdcənizə töhfə verəsiniz və həm də burada gözəl sənətimizi yaşadasınız.
Xalçaçılar: Çox sağ olun, cənab Prezident.
Sonda xatirə şəkli çəkdirildi.

****
12:19
Oktyabrın 28-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.
*****

Oktyabrın 28-də Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, qədim tarixə və zəngin turizm imkanlarına malik Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə icra olunan layihə artıq yekunlaşıb. Bu layihənin icrası Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi”, həmçinin dövlət investisiya proqramı çərçivəsində həyata keçirilib. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Qəbələ şəhərində 30 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə 10,5 kilometr magistral su xətti çəkilərək yeni şəbəkəyə birləşdirilib. Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10400 kubmetr olan 6 su anbarı, xlorator qurğusu və laboratoriya binası inşa edilib.
Diqqətə çatdırıldı ki, görülən işlər nəticəsində şəhərdə 132 kilometr içməli su şəbəkəsi yaradılıb, 7 mindən çox abonent yeni şəbəkəyə qoşulub və sayğaclaşma işləri aparılıb. Hazırda şəhər əhalisi yeni yaradılmış infrastruktur hesabına fasiləsiz rejimdə içməli su ilə təmin olunur. Şəhərdə 123 kilometrlik kanalizasiya şəbəkəsi və 8,2 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşıb.

Dövlətimizin başçısı Qəbələ şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.
***
12:16
Oktyabrın 28-də Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
***

Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.

APA xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.

“Azərişıq” ASC-nin sədri vəzifəsini icra edən Vüqar Əhmədov bildirdi ki, yarımstansiyada 110/35/10 kV-luq 40 MVA gücündə iki yeni transformator quraşdırılıb, bununla da yarımstansiyanın gücü artırılaraq 80 MVA-ya çatdırılıb. Yarımstansiyanın yenidən qurulması ilə 110 kV-luq qidalandırıcı elektrik verilişi xətlərinin əlaqələnmə sxemlərinin dəyişdirilməsi mümkün olub. Bununla da “Şəki” Elektrik Stansiyası, “Ağsu” və “Ağdaş” qovşaq yarımstansiyaları arasında 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin etibarlılığı artırılıb.
Qəbələ rayonunda 21375 abonent, o cümlədən 20112 əhali və 1263 qeyri-əhali abonenti və bir sıra istehsal və infrastruktur obyektlərinin elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizəsi və avtomatika sistemləri ilə təchiz edilib, 110, 35 və 10 kV-luq yeni paylayıcı qurğular inşa olunub və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

Qeyd edildi ki, indi istehlakçıların etibarlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu məqsədlə əhalinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, qəza açılmalarının minimuma endirilməsi, kənd təsərrüfatının inkişafı məqsədilə suvarma sistemlərinin elektrik enerjisi ilə təminatı üçün ilkin profilaktik tədbirlərin görülməsi, qeyri-neft sektorunun, sənaye sahələrinin və turizm obyektlərinin elektrik təchizatının etibarlılığının yüksəldilməsi diqqət mərkəzində saxlanılır. Bu baxımdan yeni texnologiyaların tətbiqi və maddi-texniki bazanın müasirləşdirilməsi başlıca prioritetlərdəndir.
Vurğulandı ki, dövlətimizin başçısının göstərişlərinə uyğun olaraq, regionlardakı istehlakçıların elektrik enerjisi təchizatı Bakı şəhərindəki səviyyəyə çatdırılmalıdır və bu istiqamətdə silsilə tədbirlər davam etdirilir. Hazırda ölkəmizin bütün ərazilərində perspektiv inkişaf nəzərə alınmaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz edilməsinə yönələn tədbirlər geniş vüsət alıb. Paylayıcı elektrik şəbəkələrində informasiya-kommunikasiya texnologiyalarının və ən müasir standartlara cavab verən idarəetmənin geniş tətbiqi də maksimum diqqətdə saxlanılır.

Prezident İlham Əliyev “Qəbələ” elektrik yarımstansiyasını, eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə saldı.
Qeyd edək ki, 2005-ci ildə istifadəyə verilən “Ağdaş” yarımstansiyasının istismar müddəti bitdiyindən artan tələbatı qarşılaya bilmirdi və onun yenidən qurulması zərurətə çevrilmişdi. Yarımstansiya tam yenidən qurularaq gücü 41 MVA-dan 50 MVA-ya çatdırılıb, 110 kV-luq açıq paylayıcı qurğu inşa edilib, avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşulub. Yarımstansiyada 35 kV-luq hava xəttinin tikintisi və şəbəkə ilə əlaqələndirilməsi, Ağdaş və Ucar rayonlarının 35 kV-luq dairəvi elektrik təchizat sxemlərinin yaradılması bu rayonlarda elektrik enerjisinin dayanıqlılığına və etibarlılığına xidmət edəcək. Ümumilikdə, son vaxtlarda Ağdaşda 195 kilometr müxtəlif gərginlikli elektrik veriliş xətti çəkilib, 3600 ədəd dayaq quraşdırılıb.

*****
12:03
Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə saldı.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.

APA xəbər verir ki, dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verildi.

“AzRose” MMC-nin direktoru Nicat Mirzəyev bildirdi ki, ölkəmizdə ənənəvi və ixrac potensialı yüksək sahələrdən biri də gülçülükdür. Azərbaycan Prezidenti İlham Əliyevin regionların mövcud iqtisadi potensialından daha səmərəli istifadə olunması, ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülür. Bu sahənin Azərbaycanda ənənəvi xarakter daşıdığını, hələ sovet dövründə bu sahədə ciddi işlərin həyata keçirildiyini nəzərə alsaq, gülçülüyün ölkəmizdə yenidən inkişaf etdirilməsi ilə bağlı görülən işlər təqdirəlayiqdir. Çünki bu sahədə əldə olunan məhsullara dünya bazarında böyük tələbat var. Statistik göstəricilərə görə, dünya üzrə ildə təxminən 3 ton qızılgül yağı istehsal olunur. Bu bazarda Azərbaycanın da təmsil olunması ölkəmizə yeni valyuta axınını təmin edəcək, digər tərəfdən də “Made in Azerbaijan” brendinin dünyada daha da məşhurlaşmasına səbəb olacaq.

Qeyd olundu ki, Qəbələ gülçülük istixanasının yaradılması ilə bağlı işlərə 2017-ci ilin noyabr ayında başlanılıb. İllik istehsal gücü 6 milyon ədəd gül olan müəssisədə suvarma, işıqlandırma, isitmə və havalandırma sistemləri tamamilə elektronlaşdırılıb. Məhsuldarlığın artırılması məqsədilə 2005 LED lampası quraşdırılıb.
Çeşidləmə və paketləmə prosesi ilə tanışlıq zamanı bildirildi ki, Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir.

İnvestisiya dəyəri 19 milyon manat təşkil edən müəssisənin ümumi ərazisi 10 hektardır. İstixana ərazisi 3 hektardır və gələcəkdə genişləndirilməsi planlaşdırılır. “AzRose” hazırda daxili bazarın 60 faizini güllə təmin edir. Qiymət daha ucuz və münasibdir. Zirə və Şəmkirdə də istixanalar var. Vəndam qəsəbəsində dekorativ gülçülük istixanasında ümumilikdə 50 yerli işçi çalışır və onların orta aylıq əməkhaqqısı 550 manat təşkil edir. Gələcəkdə istehsalın 40 faizinin Rusiya, Qazaxıstan və digər ölkələrə ixracı planlaşdırılır.

Sonda istixananın kollektivi ilə xatirə şəkli çəkdirildi.

****
11:52
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə tanış olub.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısına istixanada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb.
Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.