476
16:52
23 Oktyabr 2019

Saxta yuyucu vasitələr istehsal edənlər ifşa olundu

Daxil olmuş əməliyyat məlumatları əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən müvafiq məhkəmə qərarları əsasında Bakı şəhərinin və respublikanın digər şəhər və rayonlarında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində xarici ölkələrdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə xammal və qablaşdırma paketləri gətirməklə qanunsuz fəaliyyət göstərən sexlərdə kustar üsulla pis keyfiyyətli kontrafakt tələbat məhsulları istehsal edib müxtəlif satış mərkəzlərinə paylanmasını həyata keçirən bir qrup Azərbaycan Respublikası vətəndaşının qanunsuz əməlləri ifşa olunub.
Lent.az -a bu barədə Baş Prokuroluğun mətbuat xidmətindən bildirilib. Məlumata görə, həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri ilə Ağcabədi rayonu, Salmanbəyli kənd sakini Qasımov Anar Yaqub oğluna məxsus yaşayış evində və Ağcabədi şəhəri, T.İsmayılov küçəsində yerləşən “Tac” marketdə İran İslam Respublikasında istehsal olunduğu qeyd edilən 20 kq-lıq 630 ədəd üzərində “Sarda” sözü yazılmış, Türkiyədə istehsal olunduğu qeyd olunan 20 kq-lıq 310 ədəd “Gürcel” sözü yazılmış, 110 ədəd üzərində “Dekso” sözü yazılmış boş yuyucu toz kisələri, 671 ədəd “Ariel” markalı müxtəlif tutumlu yuyucu tozlar, 1773 ədəd üzərində “Head & Shoulders” sözləri yazılmış saç şampunları və digər saxta məhsullar aşkar edilib.
Bundan başqa, Ağcabədi rayon sakini Bünyadov Kamil Aydın oğluna məxsus “Mersedes Benz” markalı, 90-EU-925 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən üzərində “Ariel” sözləri yazılmış 562 kq yuyucu tozu qablaşdırmaq üçün nəzərdə tutulan 19 büküm polietilen paketlər aşkar edilərək götürülüb.
Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi, 2090-cı məhəllədə yerləşən fərdi sahibkar Tarverdiyev Ağaverdi İbi oğluna məxsus sexə baxış keçirilərkən yuyucu vasitələrin etiket və qablaşdırma paketlərinin qanunsuz şəkildə istehsal olunduğu müəyyən edilib.
Etiket və qablaşdırma paketlərinin istehsalında istifadə olunan aparat, xeyli sayda yuyucu tozlar, etiketlər, “Domestos”, “Ariel”, “Calgon”, “Elidor”, “Fairy” firmalarına məxsus çoxlu sayda emblemlər aşkar edilərək götürülüb.
Bununla yanaşı, Bakı şəhəri, Qaradağ rayonu, Sədərək Ticarət Mərkəzinin 26-cı korpusunda yerləşən Əliyev Ülvi Sarif oğluna məxsus 1 saylı mağazaya baxış keçirilərkən saxta yolla hazırlanmış müxtəlif yuyucu və təmizləyici vasitələr, qablaşdırma paketləri, etiketlər, ştrix kodlar, qablaşdırma paketlərinin yapışdırılması üçün nəzərdə tutulmuş xüsusi aparat aşkar edilərək götürülüb.
O cümlədən, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Novruzov Natiq Arif oğluna məxsus anbara baxış keçirilərkən üzərlərində müxtəlif markalara məxsus etiketlər yapışdırılmış 10 min 192 qutu kimyəvi-təmizləyici vasitələr, habelə 11 min 122 qutudan ibarət şampun vasitələri aşkar edilərək götürülüb.
Bundan başqa, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1A ünvanında yerləşən “Fuad-Kimya-Servis” MMC-yə məxsus yuyucu tozların istehsalının həyata keçirildiyi sexə baxış keçirilərkən üzərlərinə ”Calgon”, “Comet”, “ACE”, “Domestos” yuyucu tozların və mayelərin adı yazılmış və həmin malların qablaşdırılmasında istifadə olunan karton materiallar, etiketlər, üzlüklər və boş polietilen paketlər aşkar edilərək götürülüb.
Keçirilmiş kompleks məhkəmə fiziki-kimyəvi və sənədlərin texniki ekspertizasının rəyi ilə qeyd edilən kimyəvi-təmizləyici maddələrin tərkibinə, keyfiyyət göstəricilərinə görə müvafiq standartların tələbərinə uyğun gəlməməsi, ölçülərin, çəkilərin qablaşdırmaların üzərindəki qeyd edilən ölçü və çəkilərlə eynilik təşkil etməməsi müəyyən edilib.
Qeyd edilən faktlarla əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 197.1 (əmtəə nişanlarından qanunsuz istifadə etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə Anar Qasımov, Natiq Novruzov, Vidad Əliyev və Ülvi Əliyev təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara Cinayət Məcəlləsinin 192.2.1, 197.2, 206.3.1 və 206.3.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmiş və barələrində Binəqədi rayon məhkəməsinin qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Bununla yanaşı, Baş İdarə tərəfindən aparılmış istintaq zamanı fiziki şəxs Anar Qasımov, habelə onun təsisçisi olduğu “Uğur-Kimya” MMC, fiziki şəxslər Ülvi Əliyev, Mübariz Abdullayev, Ağaverdi Tarıverdiyev və Vidadi Əliyevin qara mühasibatlıqdan istifadə etmə yolu ilə xüsusi razılıq və ya
lisenziya almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşul olmalarına və bu hərəkətləri ilə vergidən yayınmalarına əsaslı şübhələr müəyyən edildiyindən vergi qanunvericiliyinə əməl olunması vəziyyətinin yoxlanılması haqqında məhkəmə tərəfindən qəbul edilmiş qərarlar icraya yönəldilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən ölkə vətəndaşları və sahibkarlara müraciət edərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir.