Məhəmməd Salah. Son illər adından söz etdirən, artıq geniş təqdimata ehtiyacı olmayan misirli futbolçu. Sərgilədiyi heyrətamiz oyun və müsəlman olması ilə Azərbaycanda da özünə sevgi qazanıb. Piramidalardan sonra Misirin ikinci möcüzəsi sayılır Məhəmməd Salah. Onu “Misir fironu” adlandıranlar da var. Gözqamaşdırıcı uğurlara isə heç də asanlıqla nail olmayıb; bütün böyük futbolçular kimi, o da çətinliklərdən, maneələrdən keçib.
"Bir gün böyük futbolçu olacaqsan"
Futbol sevgisi 7-8 yaşlarında başlayıb Salahın. Evlərindəki köhnə, nasaz televizor vasitəsilə birtəhər UEFA Çempionlar Liqasının oyunlarını izləyə bilirdi. Özünə 3 qəhrəman seçərdi: Ronaldo Luis Nazario, Zinəddin Zidan və Françesko Totti. Ertəsi gün məhəldə dostları ilə futbol oynayan balaca Salah kumirlərinin etdiyi hərəkətləri təkrarlamağa çalışardı, amma əsl yox, corablardan düzəltdikləri “top”la. Çünki Salah və dostlarının top almağa pulları yox idi. Ailəsi kimi, doğulduğu Naqriq kəndinin camaatı da kasıblıqdan əziyyət çəkirdi. Ən yaxın dostunun "Bir gün böyük futbolçu olacaqsan" deməsi Məhəmmədi daha da həvəsləndirmişdi. Bu balaca istedad qarşısına məqsəd qoymuşdu: ulduz futbolçu olmalı, ailəsini, kəndini yoxsulluqdan xilas etməli idi!
“Məşqlərə çatmaq üçün dərsdən qaçırdım”
Bir gün həmyaşıdları onu məktəb turnirində iştirak etməyə çağırırlar. Özünü yaxşı tərəfdən göstərən 14 yaşlı Salahı Misirin "Əl-Mokavlun" klubunun skautları bəyənir və onunla ilk peşəkar müqavilə imzalanır. Amma Məhəmməd üçün heç də asan olmur. Həm məktəbdə oxumaq, həm də məşqlərə getmək onu yorurdu: “Məşqlərə çatmaq üçün dərsdən qaçmaq məcburiyyətində qalırdım. Sonra klubum məktəb rəhbəri ilə danışdı və mənə bildirildi ki, 2 saat dərslərdə iştirak etdikdən sonra məşqə gedə bilərsən. Günüm dərsdə, yolda və məşqdə keçirdi. Evdən səhər çıxıb, axşam qayıdırdım. Çətin idi, amma gələcəkdə futbolçu olmaq, böyük nüfuz qazanmaq üçün bunlara dözməliydim”.
Avropaya açılan yol
Üzərində dayanmadan çalışan Salah 19 yaşında ilk dəfə Misirin əsas yığmasına dəvət alır. İnanılmaz idi. Çünki həmin vaxt Misir millisinin heyətini, bir qayda olaraq, 28-30 yaşlı təcrübəli futbolçular təşkil edirdi. Onların sırasına düşmək artıq Məhəmməd üçün uğur sayılırdı. 2012-ci ildə “Bazel” klubu ilə keçirilən yoldaşlıq oyununda Salahın komandası 4:3 hesablı qələbə qazanır və qollardan ikisini Məhəmməd vurur. İsveçrəlilər Salaha 4 illik müqavilə təklif edirlər. Beləcə, misirli istedadın Avropaya yolu açılır…
“Hansı yeməyi bəyəndiyimi də başa sala bilmirdim”
“"Bazel"lə anlaşıb İsveçrəyə köçdükdən sonra işim daha da çətinləşdi. Misirdə böyüyən oğlan ilk dəfə yad ölkədə yaşayırdı. İngilis dilini bilmirdim, komanda yoldaşlarımın, məşqçilərin dediklərini anlamırdım. Hətta hansı yeməyi bəyəndiyimi də başa sala bilmirdim. Televizoru açırdım, amma Misir dilində kanal tapmırdım. Təzə-təzə çox çətinliklər yaşadım. Sonra özümə dedim ki, bu vəziyyətdən çıxmalısan, yoxsa böyük futbolçu ola bilməyəcəksən. Dərhal ingilis dili kursuna yazıldım. Buna çox vaxt sərf etdiyimdən, məşqlərə istədiyim kimi yanaşa bilmirdim. Nəticədə bir müddət sonra kursdan çıxmalı oldum”, - Salah həmin günləri belə xatırlayır.
21 yaşında qurulan ailə həyatı
Böyük futbolçu olmaq yolunda irəliləyən Salah 2013-cü ildə - 21 yaşında subaylığın daşını atır. Maqi adlı xanımla ailə həyatı quran Məhəmməd toyunu Naqriqdə keçirir və kəndin bütün sakinləri onun ən xoş günündə iştirak edirlər. Toyu müsəlman ənənələrinə uyğun şəkildə keçən Salahın 1 ildən sonra, “Çelsi”də oynadığı vaxt qızı dünyaya gəlir. Londonda dünyaya göz açan övladına müsəlmanların müqəddəs şəhəri Məkkənin adını qoyur.
“Onlar da xəyallarımı bilirdilər”
“Çelsi”də oynadığı vaxt Salah həm də ingilis dilini tam öyrənmək imkanı qazanır. Ancaq London klubuna bağlana bilmir. Səbəb ürəyinin “Liverpul”la döyünməsi idi: ““Çelsi” formasını geyindiyim vaxtdan "Liverpul"da oynamağın xəyalını qururdum. Çünki "Enfild" stadionunda keçirdiyimiz ilk matçda oradakı atmosferə heyran qalmışdım və öz-özümə "Bir gün bu klubda oynayacağam" demişdim. “Çelsi”dəki dostlarımla "Playstation" oynayanda həmişə "Liverpul"u özümə komanda seçirdim. Onlar da hansı xəyalları qurduğumu bilirdilər”.
Sonra “Fiorentina” və “Roma”da çıxış edən Salah paytaxt klubunda daha inamlı oyun sərgiləyir və bunun sayəsində “Liverpul”un diqqətini cəlb edə bilir. 2017-ci il, iyunun 22-də isə 42 milyon avro qarşılığında “mersisaydlılar”la rəsmi müqavilə bağlayır. Məhz “Liverpul”da Salah istedadını tam aça, bütün potensialını göstərə bilir.
“Uşaqlıqdan heç dəyişməyib”
Məşhurlaşsa da, maddi vəziyyəti ağlına gəlməyəcək səviyyəyə çatsa da, xasiyyəti dəyişmir Salahın. Qazandığı nüfuz və pullar ailəsi, doğulduğu kəndi və ümumilikdə insanlara yanaşmasına təsir etməyib. Kasıblıq içində keçən illəri artıq geridə qalıb və hazırkı qazancı ona əla şəraitdə yaşamağa imkan verir. Ancaq Salah təkcə özünü düşünmür, xeyirxah əməlləri, nümunəvi davranışları ilə böyük qəlbə sahib olduğunu tez-tez isbatlayır. Doğulub böyüdüyü kəndə mütəmadi olaraq maddi yardım edir. Təsadüfi deyil ki, Salah Naqriq üçün futbol meydançasından tutmuş təhsil mərkəzlərinə qədər tikdirib, tibbi avadanlıqlar, təcili yardım maşınları alıb. O, evlənmək istəyən, ancaq yoxsulluq üzündən toy edə bilməyən gənclərin arzusunu yerinə yetirir. Məhəmmədin ən yaxın dostu da onun xeyirxah olduğunu təsdiqləyir: “Hər dəfə Ramazan bayramında Naqriqə gəlir, uşaqlara hədiyyələr verir. Şəkil çəkdirmək, avtoqraf almaq istəyənləri sevindirir. Salah uşaqlıqdan heç dəyişməyib. Əvvəl necə idisə, indi də elədir”.
Atasından xahişi: “Şikayətini geri götür”
2017-ci il, 8 oktyabr. Konqo ilə oyunda dubl edən (2:1) Məhəmməd Salah Misir yığmasını 28 ildən sonra dünya çempionatının final mərhələsinə daşıyır və ölkəsində milli qəhrəmana çevrilir. Maraqlıdır ki, məhz həmin gecə atasının evi qarət edilir. Atası şikayət etdikdən bir neçə gün sonra oğru tutulur və məsələ ilə bağlı cinayət işi açılır. Bu vaxt Məhəmmədin reaksiyası hər kəsi təəccübləndirir: Salah atasından şikayətini geri götürməyi xahiş edir, şəxsən özü oğru ilə görüşür, ona pul verir və iş tapmasına yardımçı olur. Oğrunun düz yola gəlib-gəlməyəcəyinə əmin olmasa belə, ona şans verməyi lazım bilir.
Elə həmin ərəfədə Salah daha bir nümunəvi hərəkəti ilə diqqət mərkəzinə düşür. Dünya çempionatına vəsiqə qazandıqlarına görə sevinən misirli milyarder Mamduh Abbas Salaha bahalı villa bağışlayacağını açıqlayır. Məhəmməd isə hədiyyədən imtina edir və Abbasa deyir ki, onu xoşbəxt etmək istəyirsə, həmin məbləği Naqriq kəndinin inkişafına xərcləsin.
Milli valyutanın xilaskarı
2017-ci ilin sonunda Salah Misirin milli valyutasını xilas edir. Həmin vaxt ölkənin məmurları bildirirlər ki, milli valyutanın təcili dəstəyə ehtiyacı var. Salah məsələyə dərhal reaksiya verir və dövlətə 210 min Britaniya funtu bağışlayır. Ardınca Misirdə futbol veteranları assosiasiyasının maddi durumunun yaxşı olmadığını öyrənir. Keçmiş futbolçuların çətin vəziyyətində onlara dəstək olan assosiasiyanın hesabına 27 min funt sterlinq köçürür. Bununla da aylıq gəliri 400 Misir funtunu keçməyən 120 ailənin köməyinə çatır.
İstirahət günlərini komanda yoldaşları ilə keçirməyi xoşlamır. Ailəsinə böyük dəyər verən Salah boş vaxtını qızına, xanımına həsr edir, adətən belə günlərdə evində dincəlməyi üstün tutur. O, həyat yoldaşı və qızını arada oyunlarına da aparır.
“Səninlə qürur duyuram”
Salah “Liverpul”un heyətində meydana çıxanda bütün ərəb dünyası birləşir. Misirlə yanaşı, Səudiyyə Ərəbistanı, Mərakeş, Tunis, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman və digər ərəb ölkələrində hamı onun adı yazılmış qırmızı formanı geyinir. Ancaq Salahın pərəstişkarları təkcə müsəlmanlar deyil. O, dinindən, irqindən və ölkəsindən asılı olmayaraq, hər yerdə sevilir. “Liverpul”dakı baş məşqçisi Yurgen Klopp da bu fikirdədir: “Çox yaxşı futbolçudur, daha da önəmlisi - xeyirxah insandır. Salah insansevərliyi ilə digərlərinə örnəkdir. Əldə etdiyi uğurlara baxmayaraq, hamıya qarşı dürüst və əliaçıqdır. Təriflər onu 0,01 % də dəyişmədi. Salah, səninlə qürur duyuram”.