305
17:47
18 Oktyabr 2019

Xərçəng xəstəliyi ilə mübarizə üçün bu qədər vəsait ayrılacaq

2020-ci ildə səhiyyə xərcləri üçün nəzərdə tutulan vəsaitin 1124,1 milyon manatı məqsədli proqram və xidmətlər üzrə müvafiq tədbirlərin maliyyələşdirilməsinə sərf ediləcək.
APA -nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 44,3 milyon manat, xroniki böyrək çatışmazlığı ilə bağlı 30,1 milyon manat, “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı 13,8 milyon manat, xərçəng xəstəliyi ilə milli mübarizə tədbirlərinin maliyyə təminatı ilə bağlı 46,4 milyon manat, “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın maliyyə təminatı ilə bağlı 12,2 milyon manat, qanın bədxassəli xəstəlikləri ilə bağlı mübarizə tədbirləri ilə bağlı xərclərə 6,6 milyon manat, yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 6,5 milyon manat ayrılacaq.
Bundan başqa uşaqların icbari dispanserizasiyası ilə əlaqədar tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 4,5 milyon manat, ana və uşaqların sağlamlığının qorunması tədbirləri ilə bağlı 3,0 milyon manat, Azərbaycan Respublikasında HİV/AİDS-in qarşısının alınması və onunla bağlı mübarizə tədbirləri ilə bağlı 2,5 milyon manat,
vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsi ilə bağlı xərclərə 2,1 milyon manat nəzərdə tutulub.
Layihəyə əsasən, Koxlear implantasiya əməliyyatları tədbirlərinin maliyyə təminatı ilə bağlı xərclərə 2,0 milyon manat, uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması ilə bağlı xərclərə 2,0 milyon manat, dağınıq skleroz xəstəliyinə tutulmuş insanların müalicə tədbirləri ilə bağlı xərclərə 1,8 milyon manat və qanın, qan komponentlərinin donorluğu və qan xidmətlərinin inkişafına dair tədbirlərin maliyyə təminatı ilə bağlı xərclərə 1,4 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur.
2020-ci il üçün səhiyyə xərcləri bölməsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 7,1 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 1,2 milyon manat və ya 19,2 faiz çoxdur.
Qeyd edək ki, gələn ilin dövlət büdcəsində səhiyyə xərcləri üçün 1 milyard 369 milyon manat nəzərdə tutulub.