333
16:09
04 Oktyabr 2019

Ermənilərin daha bir yalanı ifşa olundu

Ermənistan mətbuatı növbəti dəfə yalan və təxribata yol verib. Ermənistanın panaroma.am saytı separatçı Dağlıq Qarabağ rejiminin "Ombudsmanı" Artaq Beqlaryanın Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin Azərbaycana üzrə həmməruzəçisi Stefan Şennakla görüşdüyünü, görüşdə insan haqları məsələlərinin müzakirə olunduğunu, A. Beqlaryanın Azərbaycanda erməni fobiyasının hökm sürdüyünü həmməruzəçinin diqqətinə çatdırdığını yazıb.
APA -nın Avropa müxbiri Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakdan Artak Beqlaryanla görüşü barədə xəbərlərə münasibət öyrənib. S. Şennak qeyd edib ki, söhbət erməni saytlarının yazdığı kimi, hər hansı rəsmi görüşdən gedə bilməz: "Bu, xəbərdə yazıldığı kimi, rəsmi görüş deyildi. Ermənistan səfirliyindən kimsə onu mənimlə tanış etdi. Onun ombudsman olduğunu dedilər. Mən çox nəzakətli insanam. O mənə bəzi sənədlər təqdim etdi. Mən sənədləri oxuyacam, hələ oxumamışam. Biz Avropa Şurasına gələn insanlarla danışa bilərik. Onu mənə təqdim etdilər. Mən bilirəm ki, bəzi şeylər yazılıb bu barədə, ancaq bunlar düzgün deyil. Mən erməni mediasında gədən xəbəri tam oxumamışam. Mən yalnız onu dinlədim, özüm heç bir açıqlama vermədim".
S. Şennak deyib ki, Artak Beglaryan ona dondurulmuş münaqişələrin olduğu yerlərdə, məsələn Abxaziyada insanların hərəkət məhdudiyyətindən danışıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov da erməni mediasında Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın Artak Beqlaryanla görüşü barədə xəbərlərə münasibət bildirib.
Səməd Seyidov APA -nın Avropa müxbirinə açıqlamasında deyib ki, Avropa Şurasının binasına heç kim separatçı Dağlıq Qarabağın hər hansı sənədi, yaxud qeyri-qanuni vəsiqəsi ilə daxil ola bilməz: “Onların hamısı bura Ermənistan pasportu ilə daxil olurlar, sonra isə təxribat məqsədilə özlərini Dağlıq Qarabağın nümayəndəsi kimi təqdim edirlər. Provokativ addımlarını isə əsasən koridorda, bufetdə atırlar. Burada hər kəsə yaxınlaşmaq sərbəstdir. Yaxınlaşırlar, sonra da bunu çəkib, "rəsmi görüş keçirdik" adı altında mətbuata ötürürlər. Bu, növbəti erməni provokasiyasıdır. Erməni təbliğatına qətiyyən inanmaq olmaz. AŞPA-da heç vaxt heç bir rəsmi şəxs bunlarla rəsmi görüş keçirə bilməz. Heç kim bura Dağlıq Qarabağın qondarma sənədi ilə daxil ola bilməz. Məqsəd AŞPA-da da separatçı abı-havası yaratmaqdır. Bu isə Avropa Şurasına, onun dəyərlərinə qarşı yol verilmiş aşkar provokasiyadır".