Piyada keçidləri ölüm hallarını artırır? - <span style="color:red;">Dövlət qurumlarından iki FƏRQLİ RƏY
01 oktyabr 2019 18:47 (UTC +04:00)

Piyada keçidləri ölüm hallarını artırır? - Dövlət qurumlarından iki FƏRQLİ RƏY

“Yerüstü piyada keçidləri şəhər daxilində olmamalıdır. Çox səhv bir infrastruktur layihəsidir”.
 
Bu sözləri Lent.az-a açıqlamasında yol-nəqliyyat eksperti Hüseyn Abdullayev deyib. Hazırda Bakının Əhmədli qəsəbəsində, Neapol küçəsində və Şamaxinka adlanan ərazidə belə yerüstü keçidlər tikilir. Əhmədlidə tikilən keçid aprel-may aylarından inşa olunsa da hələ də tikinti yekunlaşmayıb. Son 2 aya yaxındır ki, ümumiyyətlə ərazidə yeni bir iş getmir. Ancaq keçidin pilləkənləri və orta dirəyin beton fundamenti tökülüb qalıb.
 
 
“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məsələ ilə bağlı Lent.az-a açıqlamasında tikinti işlərinin davam etdiyini bildirib:
 
“Keçidin tikintisində hər hansı iş getməməsi doğru deyil. Ərazidə görülən işlərin dayanması üçün hər hansı bir səbəb yoxdur. Göründüyü kimi, beton fundamentlər tökülüb. Hazırda keçidin əsas üst hissəsi kənarda hazırlanır. Hazırlandıqdan sonra gətirilib quraşdırılacaq. Sözügedən ərazidə yerdə yerüstü piyada keçidinin tikintisi üçün bu ilin sonuna qədər vaxt verilib. İlin axırına qədər keçid tikilərək istifadəyə veriləcək”.
 
Ancaq yol-nəqliyyat eksperti Hüseyn Abdullayev isə sözügedən piyada keçidinin, ümumiyyətlə, tikilməsinə qarşı olduğunu bildirib. Ekspert yerüstü və yeraltı piyada keçidlərinin şəhər daxilində, sıxlığın çox olduğu yerlərdə tikilməsinə qarşı olduğunu vurğulayıb:
 
 
“Neapol küçəsində və Şamaxinkada yerüstü piyada keçidinə ehtiyac yox idi. Şəhər daxilində keçidlərin tikintisi sovetdən qalma adətdir. Cəmiyyətin 20%-i bu keçidlərdən istifadə edə bilmir. Bu tip keçidlər magistral yollar üçün zərurətdir. Həmin yollara piyadaların fiziki çıxışını məhdudlaşdırmaq lazımdır. Ancaq söhbət şəhər mərkəzindən gedir. Nəyə görə piyada küçəni keçmək üçün 2 mərtəbə qalxıb düşməlidir? Həm də yeraltı və yerüstü keçidlər 500 metrdən məsafədən bir olmalıdır. Bu da həssas təbəqə üçün (qocalar, əlillər, uşaqlar, hamilə qadınlar və.s) əlçatan deyil. İkinci bir səbəb, küçədən kənar piyada keçidləri qayda pozuntularına təhrik edir. Əksər insanlar piyada keçidlərindən istifadə etmək istəmir. Dünya üzrə statistika da göstərir ki, yerüstü və yeraltı piyada keçidlərinin olduğu yerlərdə piyada ölümü artır. Avropanın bir çox yerlərində onlar ümumiyyətlə ləğv olunur. Bakıda Buzovna-Bilgəh yolunda da yerüstü piyada keçidi tikilir. Ancaq o zəruridir, hətta hər dayanacaqda deyərdim ki, biri tikilsə daha gözəl olar. Amma piyada keçidlər şəhər daxilindən yığışdırılmalıdır”.
 
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev də ekspertin sözləri ilə razılaşdığını bildirib:
 
 
“Bakı Nəqliyyat Agentliyi dünya təcrübəsində də olduğu kimi şəhərdaxili yollarda müxtəlif səviyyəli piyada keçidlərinin tikintisini məqsədə müvafiq hesab etmir. Çünki, qeyd edilən piyada keçidləri şəhərdə əlçatanlığın təmin edilməsində çətinliklər yaradır. Bu cür keçidlərin təşkili zəruri olduğu hallarda isə əlilliyi olan şəxslərin, uşaq arabası ilə hərəkət edən valideynlərin və yaşlı insanların rahat hərəkətini təmin etmək üçün mütləq lift və yaxud uyğun mailliyə malik panduslar təşkil edilməlidir”.
 
Ekspertin və BNA-nın açıqlamasından da göründüyü kimi, müasir infrastruktur yerüstü və ya yeraltı piyada keçidlərini məqsədəuyğun hesab etmir. Hüseyn Abdullayevin sözlərinə görə, hətta Avropada bu layihələr ləğv edilib. Ancaq bizdə əksinə olaraq hələ də sovet dönəmindən qalma piyada keçid infrastrukturu qalmaqdadır və tikintisi davam edir.
# 1899
avatar

Mehman Nəbiyev

Oxşar yazılar