2949
15:08
01 Oktyabr 2019

"Biz xəstə heyvanın ətin satsaydıq..." - Hər yerdə bir cür kəsilən heyvanlar - REPORTAJ

“İnsanlar inandığı, etibar etdiyi yerlərdən ət alırlar”.
Bu sözləri bizimlə həmsöhbət olan qəssablar deyib. Son zamanlar mediada AQTA-nın yaydığı xəbərlər içərisində ət dükanlarında reyd aparılmasına daha çox rast gəlinir. Hər reyddə anti-sanitar kəsimlə məşğul olan ət dükanı sahiblərinə ciddi xəbərdarlıq edilir, cərimə yazılır və standartlara cavab verməyən qurğular icra hakimiyyəti nümayəndələri tərəfindən sökülür. Amma bu məsələ heç cürə öz həlini axıracan tapa bilmir.
Biz də ət dükanlarının kəsim yerlərində sanitar vəziyyətlə tanış olmaq üçün səhər tezdən Xətai rayonunda yerləşən bir neçə ət dükanında olduq. Özümüz qəsdən səhərin sübh çağını seçdik ki, heyvanların kəsilməsinə gözümüz şahid olsun. Fotolardan da göründüyü kimi, bəzi dükanlarda ət kəsim yerləri dükanın içərisində yan tərəfdə, bəzilərində isə kənarda qurulub. Yerin kafel yaxud beton olması da müxtəlif dükanlarda müxtəlifdir. Bundan əlavə, getdiyimiz dükanlarda heyvanların qanının axıb getməsi üçün, xüsusi traplar, yuyulması üçün su krantı və ya şlanqlar da quraşdırılıb. Qoyun və quzu nisbətən yüngül olduğu üçün kəsilib qanı axdıqdan sonra qarmaqdan asılaraq dərisi soyulur. Dana isə kəsilib qanı axdıqdan sonra da ön hissəsinin dərisi soyulub qurtaranacan yerdə arxa dərisinin üzərində qalır. Ön dərisi tam soyulandan sonra zəncirlə yuxarı qaldırılır və soyum prosesi tamamlanır. Bu da təbii ki, ayrı-ayrı qəssabların şəxsi üsullarıdır.
“Müştərilər daimi alıcılarımızdır, illərdir onlara ət satırıq”
İllərdir qəssablıqla, ət satmaqla məşğul olan həmsöhbətlərimiz, gördükləri təcrübəyə əsaslanaraq bu qənaətə gəliblər. Heyvanların necə kəsildiyi, ət dükanlarının kəsim yerləri fotolarımızda öz əksini tapıb.
Növbəti mərhələ tam soyulmuş ətin hissə-hissə vitrinə gətirilib qarmaqdan asılmasıdır. Qəssablarla etdiyimiz söhbət zamanı məlum oldu ki, yay vaxtı ətlər qarmaqdan asılarkən, dükanda kondisioner daimi işləyir. Onların sözlərinə görə, kondisionerin daim işləməsi istidən əlavə, həm də həşəratlardan qorunma üçün yaxşı vasitədir. Bu zaman da ətlərin bir hissəsi soyuducuda saxlanılır. Qış vaxtı isə adicə dükanın içərisində qarmaqdan asılır. Gigiyena qaydalarına lazımınca riayət etməyə çalışdıqlarını deyən qəssablar, qarmaqdan asılan iri ət hissələrinin adətən bintlə yaxud ağ parça ilə örtülü saxlandığını bildiriblər. Onların sözlərinə görə, alıcılar demək olar ki, daimi müştərilərdir və illərdir onlara ət satırlar. Həmsöhbətimiz olan qəssablar, alıcıların etibar etdikləri, inam göstərdikləri yerlərdən ət aldığını bildiriblər.
-“Müştərilərimiz daimi alıcılarımızdır. İllərdir onlara ət satırıq. Müştərilər bizə etibar edir deyə təbii ki, bizə üz tuturlar. Əgər satdığımız ət köhnə yaxud xəstə heyvanın əti olsaydı onlar bizdən ət almazdılar”.
Mütəxəssislərin də dediyi kimi, ət və ət məhsulları əhalinin öz inandığı yerlərdən aldığı az miqdarda ərzaq məhsulları sırasındadır. Belə ki, heç kim inanmadığı, tanımadığı şəxsdən ət almaq istəmir. Ekspertlərin sözlərinə görə, ona görə də supermarketlərdə satılan ətləri demək olar ki, böyük əksəriyyət alnmır. Bir sözlə, əhali supermarketdəki təmiz və xoş görünüşlü ətləri yox, məhz ət dükanlarındakı heyvan cəmdəyi ilə yanaşı duran ətləri almağı daha uyğun bilir. Bu da bir daha qeyd edək ki, insanların etibarından irəli gələn məsələdir.
Təbii ki, bu etibar və inam ət dükanlarından alınan ətin nə cür kəsildiyini, necə doğrandığını və.s alınanadək olan prosesləri də əhəmiyyətsiz edir. Belə əhəmiyyətsiz ki, artıq istehlakçı həmin ət dükanına inanır, çoxdan tanıyır və ya digər başqa səbəblər istehlakçıda əlavə sual yaxud şübhə yaratmır. Ancaq sağlamlığımız yalnız etibarı tələb etmir. Həm də təmizlik, gigiyena qaydalarına əməl olunması vacibdir.
Qeyd edək ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası prezidentinin 11 iyun 2018-ci il tarixli sərəncamının icrası ilə bağlı olaraq AQTA ət dükanlarında reydlər keçirir. Qanunsuz ət kəsim məntəqələri aşkar edilərək kəsim qurğuları sökülür. Sahibkarlara gigiyenik qaydalara əməl etməyi üçün ciddi xəbərdarlıq edilir. Hazırda Bakıda 12 yerdə ət kəsim məntəqələri fəaliyyət göstərir. Həmin heyvanların kəsilməsi, soyulması ümumilikdə 10 manata başa gəlir. Ancaq əksəriyyətə bəllidir ki, ət dükanlarının özlərinin qəssabları olur və heyvanları kəsib-soyur.