220
13:24
30 Sentyabr 2019

Parlamentdə təhsil krediti məsələsi qaldırıldı

“Bir çox universitetin yataqxanası yoxdur. Bu il Tovuz rayonunda 15 gəncin qəbul olunduğu ali məktəblərdən imtina etməsinin qarşısını müxtəlif qurumların dəstəyi ilə almışıq”.
APA -nın məlumatına görə, bunu bu gün Milli Məclisin payız sessiyasının ilk iclasında deputat Qənirə Paşayeva bildirib.
Q. Paşayeva deyib ki, Tovuzda ən yüksək balla ali məktəbə qəbul olan gəncin atası yoxdur: “Anası deyir ki, məqbul qiymətə kirayə ev tapa bilmir. Ona görə də “Təhsil krediti haqqında” qanun qəbul olunmalıdır ki, belə problemlər yaranmasın. O cümlədən ödənişli təhsil alan gənclər təhsildən imtina etmək məcburiyyətində qalmasınlar”.
Q. Paşayeva qeyd edib ki, üçüncü qrup əlillərin də ali məktəblərdə ödənişli təhsildən azad edilməsi yaxşı olardı.
Deputat Tahir Kərimli isə hesab edir ki, parlamentdə daimi fəaliyyət göstərən Qarabağ komitəsi yaradılmalıdır. T. Kərimli işğal edilmiş torpaqlar haqqında qanun qəbul edilməsini də vacib sayıb: “Ermənistan Ali Soveti 1989-cu ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə qərar qəbul edib. Yəni bu, təkcə Paşinyanın sayıqlamaları deyil. Ona görə də Azərbaycanın işğal edilmiş torpaqlar haqqında qanun qəbul etməsi vacibdir. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycana gəlib, vals oynayıb gedirlər. Rəqs diplomatiyasına çeviriblər, bu, biabırçılıqdır” .