Rəşid Behbudovun bacısı oğlu Ukraynada dəfn edildi
27 sentyabr 2019 15:21 (UTC +04:00)

Rəşid Behbudovun bacısı oğlu Ukraynada dəfn edildi

Ukraynada dünyasını dəyişən Cəfər Behbudov yaşadığı şəhərdə dəfn olunub.

Bu barədə Lent.az-a Ukraynadakı Azərbaycan diasporunun lideri Hikmət Cavadov məlumat verib: “Bu gün ailəsi ilə bu barədə danışdıq. Xanımı ukraynalı olduğundan həyat yoldaşının elə burda dəfn olunmasını istəyirdi. Təbii ki, Bakıya göndərilməsini istəsəydi, biz bu işi təşkil edəcəkdik. İndiki halda onu buradakı məzarlıqda öz adətimizə uyğun dəfn etdik”.

Hikmət Cavadovun dediyinə görə, Cəfər Behbudov uzun müddət xəstə yatıb: “Əməliyyat olunmuşdu. Qan itirdiyindən ona qan tapılmasında da yardımçı olmuşduq. Bir az da özünə qapanmışdı. Hətta demişdim ki, Bakıya getmək istəsən göndərərik gedib vətəni görüb gələrsən. Demişdi sağalım, gedərəm. Qismət olmadı”.

Xatırladaq ki, Ukraynada yaşayan həmyerlimiz, estrada müğənnisi, Rəşid Behbudovun bacısı oğlu Cəfər Behbudov  80-ci illərdə Azərbaycanda çox populyar idi. Azərbaycan Televiziyasının Estrada orkestrinin solisti olub. Sonradan işdən ixtisara düşüb. O vaxtkı mədəniyyət naziri ona gözləməsini deyib. Cəfər Behbudov müsahibələrində gözləməkdən yorulub vətəndən getdiyini deyib. Bir müddət Kiyevda musiqi ilə məşğul olub. Sonralar Azərbaycan diasporunun  “Ən yaxşı səsi”  mükafatına layiq görülüb. 28 ildir ki, vətəndən kənarda yaşayan müğənni 68 yaşında vəfat edib. Üç övladı var. Dəfndə Bakıdan gedən bacısı Firuzə Behbudova iştirak edib.

# 1272
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar