“Apple”ın ilk qatlana bilən "iPhone" modelinin təqdimatının sentyabrın 9-da keçirilməsi gözlənilir. Lakin cihazın ehtimal olunan prototipi rəsmi təqdimatdan bir həftə əvvəl videoda nümayiş etdirilib.
Lent.az xəbər verir ki, məşhur amerikalı texnobloqer Lyuis Hilsenteqer “Apple”ın ilk qatlana bilən smartfonu olduğunu iddia etdiyi cihazı nümayiş etdirib.
Bloqerin sözlərinə görə, prototipi ona Çindəki anonim mənbə göndərib. Hilsenteqer bildirib ki, həmin mənbə artıq bir neçə ildir gələcək “Apple” smartfonlarının maketlərini ona təqdim edir və əvvəlki nümunələr sonradan satışa çıxarılan modellərlə demək olar tam uyğun gəlib.
Bu səbəbdən bloqer videoda göstərilən cihazın “Apple”ın təqdim etməyə hazırlaşdığı yekun modelə çox yaxın ola biləcəyini düşünür.
Kitab kimi açılır
Məlumata görə, qatlana bilən "iPhone" “kitab” formatında hazırlanıb və hazırda bazarda olan bir çox qatlana bilən smartfon kimi açılır.
Cihazın xarici hissəsində əlavə ekran, arxa panelində isə iki əsas kamera yerləşir.
Sızdırılan məlumatlara əsasən, smartfonun xarici ekranının diaqonalı təxminən 5,5 düym, daxili ekranının isə 7,8 düym olması gözlənilir. Açılmış vəziyyətdə cihazın “iPad Mini”yə bənzəyəcəyi bildirilir.
Videoda göstərilən "iPhone" ağ rəngli, mat səthli korpusa və parlaq “Apple” loqosuna malikdir. Korpusun dizaynı da qeyri-adidir: künclərin forması bir-birindən fərqlənir. Sol yuxarı hissədə isə ön kamera üçün nəzərdə tutulan sahə görünür.
İstifadəçilər dizayndan narazı qalıb
Ehtimal olunan qatlana bilən "iPhone"un görüntüləndiyi video artıq milyonlarla baxış toplayıb. Lakin istifadəçilərin reaksiyası birmənalı olmayıb.
Bir çox izləyici ekranın qatlanan hissəsində nəzərəçarpacaq izin və kifayət qədər iri menteşənin olduğunu bildirib. Onların fikrincə, bu detallar cihazın ümumi görünüşünü korlayır.
Bəzi istifadəçilər isə telefonun qatlanmış vəziyyətdə kifayət qədər hündür görünmədiyini qeyd ediblər. Şərhlərdə “Apple”ın ilk qatlana bilən "iPhone" üzərində uzun müddət işlədiyi nəzərə alınaraq dizayndan daha çox şey gözlənildiyi vurğulanıb.
Təqdimat sentyabrın 9-da gözlənilir
Məlumata əsasən, “Apple”ın yeni məhsullarının təqdimatı sentyabrın 9-da keçiriləcək.
Tədbirdə yeni "iPhone" modelləri ilə yanaşı, “Apple Watch Series 12”, “Apple Watch Ultra 4” və “AirPods 5”in də nümayiş etdirilməsi gözlənilir.
Baza “iPhone 18” modelinin təqdimatının isə 2027-ci ilin yazına keçirildiyi iddia olunur.
Bundan başqa, “Apple”ın üzərində işlədiyi digər məhsullar arasında “iPad 12”, yeni “Apple TV” və “HomePod” modellərinin də olduğu bildirilir.

