Çox çətin tale,  “müəmmalı”  məlum  ölüm - <span style="color:red;">Vısotski  barədə bilmədiklərimiz
22 sentyabr 2019 11:00 (UTC +04:00)

Çox çətin tale, “müəmmalı” məlum ölüm - Vısotski barədə bilmədiklərimiz

Teatr və kino aktyoru, mahnılar müəllifi və ifaçısı,  bütün bunlara görə yalnız ölümündən sonra Dövlət Mükafatı Laureatı olmaq şərəfi qazanmış Vladimir Vısotski. Lent.az-da bu dəfə Vısotskidən danışağıq.

 

Uşaqlığı

 

1938-ci ilin yanvarında Moskvada anadan olub.  Ata-anası bir yerdə cəmi onun beş yaşına qədər yaşayıblar və ayrılıblar. Ana başqa ərə gedib, ata başqa qadınla izdivaca girib. 

 

Müharibə vaxtı Vladimir Uralda evakuasiyada olub.  Sonralar doqquz yaşında ikən müharibədən sonrakı, işğal olunmuş Almaniyada atası ilə birgə yaşayıb (atası orda işinə görə yaşamalı olub). Onun Almaniyadakı yaşantıları Moskvada yaşayan həmyaşıdlarınınkından tamam fərqli idi.

 

Vladimir atası ilə o qədər də yaxşı yola getmirdi, tutmurdu onlarınkı. Analığı onu daha yaxşı başa düşürdü. Ona görə də Volodya analığı ilə Moskvaya qayıtmağa üstünlük verir. Gəncliyi Moskvada 50-ci illərə təsadüf edirdi. Gəncliyinin romantikası  Stalinin repressiyası ilə bir araya sığmırdı. Həyətdə əlində gitara ürəklərindəki nisgili simlərdə dilləndirən gənclərə də belə qoşuldu Volodya.

 

Onuncu sinifdə oxuyanda dram dərnəklərinə gedirdi. Amma aktyor olmağa qərar verməmişdi, sadəcə bir gənclik marağı ilə səhnədə olmağı xoşlayırdı. Məktəbdən sonra isə İnşaat-Tikinti İnstitutuna daxil olur, yarım il sonra onu atır. Bu qərara isə 1955-ci ildən 56-cı ilə keçən yeni il axşamı gəlir. Qrup yoldaşı ilə yeni ili səhərə qədər çertyoj çəkməli olurlar, çünki onsuz imtahana buraxılmayacaqdılar. Səhər saat dörddə işi başa çatdıran Volodya bir bakal şampanı öz çertyojlarının üstünə səpələyib deyir: “Bu iş deyil, mən bunu oxumaq istəmirəm, aktyor olacam”.

 

Səhər gedib Nemiroviç –Dançenkonun teatr kursuna yazılır. 

 

 

İlk nigah, ilk rol, ilk mahnı

 

Birinci kursda tanış olduğu tələbə yoldaşı İza Jukova onun birinci həyat yoldaşı olur.  Üçüncü kursda ilk dəfə filmə çəkilir. Çəkiliş prosesində Bulat Okudjavanın yaradıcılığı ilə tanışlığı onda mahnı yazmağa istək yaradıb. Ona görə də ilk dəfə yaradıcılığını öyrəndiyi Bulatı Volodya özünün müəllimi hesab edirdi.  İlk mahnılarından birini də - “Yalan və həqiqət haqda mahnı”nı müəlliminə həsr edir. İlk mahnılarını 60-cı illərin əvvəlllərində yazıb, 1965-ci ildə yazıb özünün də ifa etdiyi “Sualtı qayıq” onun yaradıcılğının ciddiliyindən xəbər verdi.

 

Teatr

 

Teatrda  da 60-cı illərdən çalışmağa başlayıb. Əvvəl  A.S. Puşkin, sonra Miniatür teatrlarında, amma yalnız kütləvi səhnələrdə çıxdığı üçün teatrdan zövq ala bilmirdi.

 

Yalnız 1964-cü ildə Taqanka teatrına gəlişi ilə anladı ki, özünün dili ilə desək- “bura mənim teatrımdır”.

 

Teatrın rəhbəri Yuri Lyubimov beş dəqiqəlik görüş almış oğlanın öz mahnılarını ifa etməsinə saat yarım qulaq asıb, diqqətini ayırmadan dinləyib. Taqankada Hamlet, Qaliley, Puqaçov kimi rəngarəng obrazlar yaradıb. Bu tamaşaların hamısnı Lyubimov özü qoyub. Bəzən teatr rəhbərinin Volodyaya oğlu kimi isti münasibəti həmkarları arasında qısqanclıq da yaradırdı. Nə yazıq ki, Lyubimov Vısotskinin son rolunu – tamaşaçısı ilə vida səhnəsinin də quruluşunu verməli olub.

 

Kino və ikinci nigah

 

 

Teatrda işləyə-işləyə Vısotski artıq kinoya çəkilirdi.  1961-ci ildə çəkildiyi  “Karyera Dima Qorina” artıq uğur qazanmış film idi.  Həmin filmdən sonra xanımı ilə aralarında soyuqluq yaranır. Niyə, bilinmir, amma səbəbin nə isə filmdəki rolu ilə bağlı olduğu haqda söz-söhbətlər dolaşırmış o vaxt.  Övladları da olmurdu. Ayrılırlar. Volodya heç vaxt itirmədən növbəti filmin çəkilişlərində tanış olduğu Ludmila Abramova ilə evlənir. Bu nigahdan Vısotskinin iki oğlu var – Arkadi və Nikita.

 

Həmin dövrlər artıq Vısotskinin mahnıları bütün Sovet məkanında dillərdə əzbər idi.  Bir az Sovet rejiminin əleyhinə, azadlıqsevər mahnılar onun öz imzası ilə deyil Sergey Kuleşev ləqəbi ilə yayılırdı.  Eyni vaxtda filmlərə çəkilir, ardıcıl, özünə görə  darıxdırıcı obrazlara.  

 

Ümumiyyətlə, uşaqlığı Almaniya və Moskvada keçən, eyni vaxtda, hələ uşaqkən dünyanın əks tərəflərindəki həyatın dadını çıxaran adamın gənc yaşlarında depressiyaya düşməsi təbiidir.  O, başqa Sovet gəncləri kimi yalnız SSRİ-dəki həyatı görməmişdi ki, elə yəqin bütün dünya burdakı kimidir-düşünüb yaşasın. O, bilirdi ki, başqa yerlərdə başqa həyatlar var, amma sən burda yaşamağa məhkumsan, belə yaşamağa. İçkiyə qurşanır,  onun bu məhv edici adəti Vısotskinin ailəsində də, işində də ona problemlər yaratmağa başlayır.

 

Kinoda ilk uğur

 

Bununla belə 1967-ci ildə çəkildiyi “Vertikal” filmi həm obrazına, həm də mahnılarına görə Vısotskiyə böyük uğur gətirir. Dağlar, alpinistlər haqda yazdığı mahnılar filmdə səsləndikcə adama elə gəlirdi ki, Vısotski dağlarda böyüyüb, amma əslində o, dağları həmin filmə çəkilməzdən cəmi iki ay öncə gəzib görmüşdü.

 

 

Marina Vladi

 

Üçüncü xanımı Marina Vladi  (əsil soyadı Katrindir, Polyakova, Baydarova da olub) onun  həyatına 1967-ci ildə daxil olur.  Vısotski onu “Koldunya” filmində sevib.  Uzun illər Marina ilə görüş haqda düşünüb. Bir gün tamaşadan sonrakı ziyafətdə onu restoranda görür. Sonrasını Marina Vladi danışır: “Hiss etdim ki, kimsə mənə diqqətlə baxır. Kənarda iki işıqlı – metallik gözləri tutdum. Baxdıq bir-birimizə gülümsədik. Sonra o, yaxınlaşıb əllərimi tutdu və yanımda əyləşdi.  Hərdən qaldırıb əllərimdən öpür, gözlərimiz isə heç bir-birindən ayrılmırdı, nə isə maqnit kimi bizi çəkirdi”.

 

Bu evlilik 12 il davam edib. Yəni Volodyanın ömrünün sonuna qədərb. Bu illər ərzində Marina həmişə Vısotskinin həyatının dəlicəsinə dinamik ritmini dəyişməyə çalışıb, alınmayıb. Elə bil onun həyatı sürət qatarının vaqonlarında irəliləyirdi.

Marina onu Avropaya çıxartdı. Qərbdə Vısotskinin albomları çıxdı, yayıldı, sevildi. SSRi-də inqilabi ruhlu bir müğənninin olmasından qərb də xəbər tutdu.

 

60-cı illərdə Vısotski yaxşı filmlərə çəkilib, amma qəribədir ki, onun çəkildiyi bütün filmlərin çətin taleyi olub, aktyorun öz taleyi kimi. “Qısa görüşlər”  4.4 milyon tamaşaçı toplayan, 725 nüsxə çıxan bir film prokatdan çıxarılır. Bir də ekranlara yalnız 1987-ci ildə çıxır.  “İntervansiya” filmi ümumiyyətlə prokata buraxılmır.

“Təhlükəli qastrollar”  o qədər tənqidlərə məruz qalır ki,  az qala prokatdan çıxarılmaya qədər, amma eyni dövrdə “Səhranın bəyaz günəşi” filmindən daha çox populyar olur.

 

Onun qeyr-rəsmi mahnıları o vaxt bütün ölkəyə yayılmışdı, Vısotski dəhşətli dərəcədə populyar idi və hamı onu sevirdi, həm də ona görə ki, hamının ürəyindən keçənləri o, mahnılarında ifa edirdi. Dərdi, nisgili, həqiqəti musiqi dili ilə söyləyirdi.  Bu senzuradan uzaq mahnılar və onların populyarlığı Sovet hökumətini qıcıqlandırırdı.  Vısotskini dəvət olunduğu filmə “nədənsə” təsdiq etmir, mahnıları radio və televizorda səsləndirilmirdi, amma ölkə onu dinləyirdi.

 

 

70-ci illər

 

Bu illər çox az filmə çəkilib.  Taqankoda ona rol vermir, bəzən işkili olduğuna görə teatrdan qovurdular.  Tez-tez ürək çatışmazlığından, həddən artıq  içkidən istifadə etdiyinə görə reanimasiyaya düşürdü. O vaxtlar müsahibələrindən birində çox hüznlə belə bir fikir deyib: “Mənim üçün ən böyük faciə səsimi itirməyim olardı”.

 

 

Qleb Jeqlov

 

1979-cu ildə özünün ən məşhur obrazını oynayanda Vısotskinin ürəyi xəstə, özü içki düşkünü idi. “Görüş yerini dəyişmək olmaz”dakı Qleb Jeqlov isə onu daha çox sevdirən obrazı oldu.

 

Bu obraz olmaya da bilərdi. Çünki Marina Qoivorixinin əllərindən tutub göz yaşları içində yalvarmışdı ki, onu çəkmə, ömrü çox az qalıb, qoy vaxtını  kinoyla yox, bizimlə keçirsin”.

 

Qovoruxin isə - elə ona görə də çəkilməlidir-deyib. Sonralar rejissor “əgər həmin axşam mən təslim olsaydım, tamaşaçı itirərdi”-deyib. 

 

Filmin çəkilişləri vaxtı Qovoruxin festivala getməli olub, Vısotskiyə öz işini də həvalə edib, o, qayıdınca film artıq hazır olub.  Ürəyinin ağrısından bir saatdan bir dərman içən Vısotski pavilyona çıxan kimi hər şeyi unudub yalnız filmə köklənə bilirdi. Həm də yalnız öz rolunu yox, çəkilən digər aktyorları da istiqamətləndirirdi. 

Filmin ilk nümayişində isə DTN-yi etiraz edir- Jeqlov bir dəfə də Sovet milisinin formasını geyinməyib.  Vısotskini isə buna sadəcə məcbur etmək mümkün deyildi. Onun üçün Stalin dövrünün mundir geyinənləri yalnız cəllad gözündə görünürdülər.  Rejissor çox çətinliklə yalnız bir dəfə həmin mundirin onun əynində görünməsi üçün  yalnız geyinib soyunmağa-guya əyninə olub olmadığını yoxlamağa məcbur edə bilir.

 

Bu filmdə rejissor onu mahnı ifa etməyə də qoymur, oxusan, sənin obrazın Sovet milisinin obrazını üstələyəcək-deyir.

Filmin uğurlu nümayişindən sonra uzun illər Daxili İşlər Nazirlitinə “kapitan Jeqlovun adına” məktublar gəlirmiş.

 

 

 

Çəkilmədiyi rollar

 

 

Bu siyahıya Tarkovskinin “Andrey Rublev” filmində eyniadlı obraz da daxildir. Dövlət bu filmə onun dəvət olunmasına əngəl törədib. Rejissor yalnız onu çəkmək istəyirmiş.  “Annuşka”, “Günahkar”, filmlərinə də onun təsdiqinə icazə verilməyib.

Hətta Eldar Ryazanov etiraf edib ki, Vısotskini baş rola çəkməyə ona icazə verməyiblər.

 

Rejissorlar Dövlət Kinosuna xahişə gediblər onu çəkmək üçün. Amma çinovniklər onun adı gələndə oddan qorxurmuş kimi qorxurdular. Birdən icazə verərlər və başları bəla çəkər, kimə lazımdır bu?

 

 

Faciə

 

Vladimir Vısotskinin həyatına 1980-ci ilin 25 iyulunda gözlənilmədən son qoyuldu, gizlincə, sakitcə. Heç kim onun ölümünün əsil səbəbini belə bilmədi, çünki ürəyinin xəstə olması təzadlı fikirləri üstələyirdi. Həmin vaxt ölkədə olimpiada keçirilirdi. Bütün Moskva onun ölümü barədə eşitmişdi, amma rəsmi heç yerdə məlumat yox idi, onda hamı onun çalışdığı teatra axışdı. Nəticədə kassanın qabağında balaca bir elan verildi ki, aktyor vəfat edib. Heç kim həmin axşamkı tamaşaya aldığı bileti qaytarmadı. Təxirə salınmış tamaşanın biletini onun yadigarı kimi saxladılar.

Dəfn mərasimi mərasim hesab olunmurdu, amma xalq onu mərasimə çevirdi. Özü də hökümət eleyhinə Vısotskinin öz mahnılarını kütləvi surətdə ifa etməklə.

 

Uşaqları

 

Oğlu Arkadi MDU-ni bitirib, Moskvada yaçşayır, evlidir. Nikita aktyordur, atasının muzeyinə rəhbərlik edir, iki oğlu var.

 

# 4045
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar