<span style="color:red;">“Bu, kütləvi balıq qırğınıdır, doğru deyil...”  – Xəzər sahilində əsrarəngiz səhər söhbəti
20 sentyabr 2019 17:45 (UTC +04:00)

“Bu, kütləvi balıq qırğınıdır, doğru deyil...” – Xəzər sahilində əsrarəngiz səhər söhbəti

 

 

Səhər uşağı məktəbə qoyandan sonra işə qədərki bir saatdan səmərəli istifadə etmək istədim. Yolumu “Ağ şəhər” bulvarından saldım. Dedim, bir az gəzərəm, hava alaram. Gəzə-gəzə lap dənizin sahilinə çatdım. Suların üstündə o qədər xırda balıq vardı ki, durub onlara tamaşa etməyə başladım. Onlara tamaşa etmək və ondan zövq almaq həvəsim gəzməyə üstün gəldi, deyəsən. Yaxınlıqda bir nəfər suya qarmaq atmışdı. Fikir verdim ki, onun tilov atdığı yerdə heç gözə balıq dəymir. Elə bil, balıqlar hamısı mən duran yerdə toplaşıblar. Balıqçı da bunun fərqində deyil. Özümü saxlaya bilmədim:

 

- Balıqlar burda dəstə ilə üzür, amma siz orda qarmaq atmısınız...

 

- Suyun üzündə olan balıqlar qarmağa düşmür. Qarmaq suyun üzündə qalmır axı. Siz göstərdiyiniz dəstə suyun üzündə gedir, qarmağa düşməz.

 

- Gəlin, sizinlə bir müsahibə edək, oxucuya da maraqlı gələr...

 

Onun qarmaq atdığı yerə yaxınlaşıram. Mən yaxınlaşan kimi qarmaq tərpənir. Balıqçı qaldırır ki, qarmaqda balıq var.

 

- Nə yüngül ayağınız var, müsahibə vermək olar sizə.

 

- Hə, bu sözü çox eşitmişəm, sağ olun. Birincisi idi?

 

Balığı qarmaqdan çıxardıb, qoyur yanındakı qara çantaya.

 

- Hə, birinci balıqdır. Səhərdən burdayam, gözümün önündə dəstə-dəstə üzürlər, amma qarmağa düşmürdülər, indi birinci düşdü.

 

- Neynirsiniz bu balığı tutub? Biznesdir, yoxsa həvəs?

 

- Həvəs... Maraqlı gəlir mənə.

 

- İşləmirsiniz?

 

- Yox, işsizəm...

 

Yanındakı qara torbadakı zavod çörəyindən qırıb, içinin yumşaq yerini xəmir kimi qarmağa yapışdırıb, yenə atır suların qoynuna.  

 

- İşsizlikdəndir. Nə qədər həvəs olsa da, işləyən adam buna vaxt tapa bilməz. Hər gün gəlirsiniz balığa?

 

- Baxır havaya. Bu gün küləkdir, həm də şimal küləyi, ona görə gəldim. Elə günlər olur ki, sakit olur, yaxud cənub küləyi, onda balıq olmur.

 

- Küləkli havada balıq yaxşı olur dənizdə?

 

- Bəli, həm də şimal küləyində.

 

- Bu gün külək zəifdir axı.

 

- Zəif olanda yaxşıdır. Cənub küləyində dalğalar kənara ancaq zir-zibil gətirir, dənizi təmizləyir. Dünən külək güclü idi, balıq olmazdı.

 

- Tutduğunuz balıqları evə aparırsınız, yoxsa satırsınız?

 

- Az oldu, çox oldu, fərq etməz, evə aparıram. Az olanda özümüz yeyirik, çox olanda bacıma, qardaşıma pay verirəm.

 

- İşsiz adamsınız, satın pul qazanın.

 

- Biz bacaran iş deyil.

 

- Balıq tutmaqdan başqa nə bacarırsınız, ixtisasınız nədir?

 

- Avtoservisdə işləmişəm 27 il. Sonra işləmədim daha. Başqa iş də olmayınca, qaldım işsiz. Düşündüm ki, elə belə yaxşıdır, bəsdir işlədim, bir az da yaşayım.

 

- Dolanışıqdan arxayınlığınız var, yoxsa belə deməzdiniz. Arxayın-arxayın Xəzərə qarmaq atmazdınız.

 

- Şükür, dolanırıq. Həmin işimi görürəm, amma xırda-xırda, ara-bərə.

 

- Qalan ara-bərəni də balığa gəlirsiniz?

 

- Hə. İşimiz çətin idi də. Bütün günü ayağın suyun içində, soyuq mühitdə. Revmatizmə tutuldum, gördüm səhhət əldən gedir, dedim bəsdir.

 

- Balıq həvəsi nə vaxtdandır?

 

- Uşaqlıqdan.

 

- Haralısınız?

 

- Beyləqandan.

 

- Elə bildim Bakı kəndlərindənsiniz. Beyləqanda balığı hardan tuturdunuz ki?

 

- Kanallardan.

 

- Həm də orda balıq daha dadlı olardı, neftsiz?

 

- Əlbəttə. Kanala Arazdan gəlir balıq, çay balığının dadı başqadır.

 

- Hə, Araz məsələsində yarama toxundunuz. Mən də Araz balığı ilə böyümüşəm, dadı çox fərqlidir.

 

Bu arada yaxınlıqda arabada uşaq gəzdirən ana ilə nənə bizə baxıb nə isə pıçıldaşırlar. Danışıb qurtarandan sonra yenə qəribə bir baxış atıb, getdilər. Yəqin, deyirlər bu qadın xeylağının nə işi var kişi xeylağını tutub sorğu-suala.

 

- Bəli, çox qəşəng balıqlar olur Arazda, cürbəcür.

 

- Sazan qalıb yadımda. Naqqa balıq tutmusunuz?

 

- Tutmuşam.

 

- Onu hamı yeyə bilmir. Niyə?

 

- Onu hamı tuta da bilmir, böyük olur. Yağlıdır, ona görə çox adam yeyə bilmir, amma sümüksüz və ətli balıqdır.

 

- Xəzərdə sazan olur? Buralarda satılan görməmişəm.

 

- Olur. Biz tərəflərdə azdır, Həştərxan tərəfdə çox olur sazan. Kanallar oralarda qarışır ona görə.

 

- Kanallardan da belə qarmaqla tuturdunuz, yoxsa dərmanla, tor atmaqla?

 

- Tor da atmışam, amma dərman tökməmişəm, o düzgün deyil, kütləvi balıq qırğınıdır. Pambığa tökülən dərmandan tökürlər, kanalda balıq qalmır, qırılır hamısı. Onu yemək də ziyandır.

 

- Onu satmaq üçün edirlər də. Bütün dövrlərdə insanın qanmazı, qəddarı, yalnız öz mənfəətini düşünəni olur. 

 

- Elə etmək olmaz. Beş-on dənə, hər nədir, əsəblərini dincəldirsən, uşaq yeyir – faydalıdır.

 

- Burda balıq tutmağa icazə var?

 

- Yox, görsələr qovacaqlar. Bir yerdə - estakadanın yanında icazə verilib. Orda adam çox olur, ağızlarına gələni danışırlar, götürmürəm. Burda başım sakitdir.

 

Arada qarmaq tərpənir, balıqçı qaldırıb yem qoyur, yenə atır dənizə. Deyirəm, o qarmağa düşənin həyatı bu an başa çatırmış, qarmaqdan yemi götürüb aradan çıxa bilən balığın ömrünə hələ var, eləmi?

 

- Hə, - deyir, - insan həyatı kimi.

 

- Balıq nə qədər yaşayır?

 

- Mən tutana kimi... (Gülümsəyir)

 

- Beyləqandan gəlib paytaxta yaşayasan, balıq tutmaq azarın ölməyə.

 

- Hələ əvvəllər onun üçün vurub rayona gedərdim şənbə-bazar. Sonra başladım buralarda tutmağa.

 

- Xəzərin harasında yaxşı balıq olur?

 

- Hovsan, Türkan tərəflərdə. Oralardan çox tutmuşam.

 

- Özünüz harda olursunuz?

 

- “Lunapark” tərəfdə.

 

- Balıqlar haqqında oxuyub-öyrənirsiniz?

 

- Hə, internetdə hansı ölkələrdə balığı necə tuturlar, o barədə araşdırıram.

 

- Tutmağın texnologiyasını öyrənirsiniz, həyatları haqqında yox?

 

- Öyrənirəm onu da. Rusiya qarmağa qarğıdalı keçirib balıq tuturlar. Bizim balıqlar ona gəlmir. Qarğıdalı dənələri olur e, dəmir qutularda, ona gəlmir bizim balıqlar. Bunlarınkı soxulcandı, onu da şəhərdə tapmaq olmur. Əlac qalır çörəyə, o da tez əriyir axır suya.

 

- Mayda niyə balıq tutmaq olmaz?

 

- Boş sözdü, mən mayda daha çox balıq tuturam.

 

- Kürü tökən vaxtlarıdır də, düz eləmirsiniz.

 

- Yox, bizdə apreldə kürü qoyurlar, hava isti olduğu üçün. Maya qalmır. Mayda tutduğum balıqda kürü görməyim yadıma gəlmir.

 

- Adınızı soruşmamışam.

 

- Şamo.

 

- Arif, yoxsa İsayev?

 

- Yox, Cəfərov.

 

- Yaşınız 50 olmaz hələ.

 

- 1967-ci ildə anadan olmuşam.

 

- Təqaüdə tez çıxmısınız. Balıq tutmaq daha yaxşıdırsa, çevirin biznesə. Sovet adamında o düşüncə yoxdur, amma əməyi satarlar.

 

- Elə çox olmur axı. Siz də işsizsiniz?

 

- Yox, mən iş saatından kənar işlə məşğulam...  

 

Eyhamı tutub, gülə-gülə cavab verib, sağollaşıram bu maraqlı adamla.

 

- Sizə bol şanslar.

 

- Müsahibəni harda oxuyacam?

 

- Lent.az saytında...

# 2056
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar