278
14:50
14 Sentyabr 2019

Prezident Latviyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Daynis Qarançsın etimadnaməsini qəbul edib.
APA xəbər verir ki, səfir Daynis Qarançs fəxri qarovul dəstəsinin qarşısından keçib.
Daynis Qarançs etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət edib.
Dövlətimizin başçısı siyasi sahədə əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək özünün Latviyaya və Latviya prezidentlərinin ölkəmizə səfərlərinin ikitərəfli münasibətlərimizin genişlənməsində rolunu qeyd edib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığa toxunaraq ticarət dövriyyəsinin artırılması, investisiya, turizm və digər sahələrdə əlaqələrin inkişafı üçün yaxşı imkanların olduğunu deyib. Dövlətimizin başçısı Daynis Qarançsın səfir kimi fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Səfir Daynis Qarançs Azərbaycanın Latviyanın regionda strateji tərəfdaşı olduğunu deyib. O, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək inkişafını qeyd edərək müxtəlif səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini bildirib. Daynis Qarançs iqtisadi əməkdaşlığın genişlənməsi və ticarət dövriyyəsinin artırılması üçün hökumətlərarası komissiyanın mühüm rol oynadığı söyləyib. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında regionlararası əlaqələrin vacibliyini qeyd edən səfir Azərbaycanın və Latviyanın 14 şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulduğunu deyib. O, mədəniyyət, elm, təhsil kimi sahələrdə də Azərbaycanla Latviya arasında səmərəli əməkdaşlığın olduğunu bildirib.
Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxunuldu, Aİ üzv ölkəsi kimi Latviyanın ölkəmizin bu təşkilatla əməkdaşlığının inkişafına verdiyi dəstək qeyd olunub.
***
14:21
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Latviya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dainis Qarançsin etimadnaməsini qəbul edib.
APA -nın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.