418
11:09
10 Sentyabr 2019

Prezident təqaüdçüləri arasında bu məktəblərin məzunları daha çoxdu

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər.

Bu barədə Lent.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 8 nəfər kənd məktəblərinin məzunlarıdır), 1 nəfər internat tipli məktəbdən, 5 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, həkim, müəllim, aşpaz, balıqçı, satıcı və s. ailələrdən olan məzunlardır. Siyahıda olan 30 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.

Təqaüdçülərdən 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda yerləşən məktəblərin hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.

Ayrıca məktəblərə gəldikdə isə, Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) 6, Akademik Zərifə Əliyeva adına liseyin 5, Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 4, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin 4, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 3 məzunu Prezident təqaüdçüləri siyahısındadır.

Qeyd edək ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər UFAZ-a, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub.

Qeyd edək ki, 2019-cu il sentyabrın 9-da 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı imzalanıb.

Xatırladaq ki, təqaüdün məbləği hazırda 210 manat müəyyən edilib.