223
06:58
06 Sentyabr 2019

Boris Conson: "Britaniyanın 31 oktyabrda AB-ni tərk etməsi üçün əlimdən gələni edəcəm"

Böyük Britaniyanın baş naziri Boris Conson, parlamentin hökuməti “Brexit” tarixini təxirə salmağa məcbur etməsinə baxmayaraq, oktyabrın 31-dən gec olmayaraq ölkəsinin Avropa Birliyini tərk etməsi üçün mümkün olan hər şeyi edəcəyinə söz verib.

APA xəbər verir ki, bu barədə kabinet rəhbəri “Sky News” tərəfindən canlı yayımlanan İngiltərənin Ueykfild şəhərində polis məmurları qarşısında çıxışı zamanı bildirib.

"Bu lazımsız gecikmənin baş tutmayacağına çalışacam və ölkəmizin oktyabrın 31-də AB-dən çıxması üçün əlimdən gələni edəcəyəm. Təəssüf ki, dünən parlament bizi danışıqlar imkanından məhrum etməyə və AB ilə razılıq əldə olunmasında hökumətin tapşırıqlarını əhəmiyyətli dərəcədə çətinləşdirməyə səs verdi”, - deyə Conson qeyd edib.

Çərşənbə günü Conson hökuməti parlamentdə böyük bir məğlubiyyətlə üzləşib. Müxalifət İcma palatası vasitəsi ilə hökumətin “Brexit”i təxirə salmağı və krallığın Brüssel ilə razılaşmadan AB-dən çıxma ehtimalını istisna etməyi öhdəsinə götürməli olduğu bir qanun layihəsi qəbul edə bilib. İndi qanun layihəsinin qüvvəyə minməsi üçün Lordlar palatasının razılığı alınmalı və kraliça II Yelizaveta tərəfindən imzalanmalıdır.