362
15:02
05 Sentyabr 2019

“Bu cür böyük layihələr Azərbaycanda da həyata keçiriləcək” – Emin Həsənli

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin Türkiyəyə səfəri davam edir.

Səfər çərçivəsində keçirdiyi görüşlər barədə Lent.az -a açıqlama verən E.Həsənli bildirib ki, sentyabrın 4-də Türkiyənin Milliyyətçi Həkimlər Dərnəyinin rəhbərliyi ilə görüşüb və axşam yeməyinə qatılıb.

Qeyd edək ki, Qurban bayramında dərnəyin təmsilçiləri Azərbaycanda səfərdə olub, qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları ərazilərdə qurban sovqatı paylayıblar: “Ağdamda, Bərdədə, Tərtərdə, Bakıda yaşayan Xocalı köçkünlərinə, Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, habelə Qarabağ bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyətinə qurban payları verilib. Bu dərnəklə Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi əməkdaşlıq edir. Biz bu əməkdaşlığın perspektivlərini də müzakirə etdik. Bir neçə istiqamətdə maraqlı təkliflər oldu. Onlar bizim cəbhə bölgəmizdə yerləşən həkimlərlə bir yerdə Qarabağ əlilləri, şəhid ailələri, veteranlar, ehtiyatda olan zabitlər, imkansız məcburi köçkünlər və cəbhə xəttində yaşayan insanlar üçün sağlamlığın qorunması məqsədilə müxtəlif layihələr həyata keçirəcəklər. Onları müayinə və müalicə edəcəklər. Daha sonra həkimlər üçün kurslar təşkil edəcəklər. Eyni zamanda, Azərbaycanda tibb təhsilini bitirib Türkiyədə uzmanlığa hazırlaşan gənclərimiz üçün təmənnasız kurslar təşkil etməyi nəzərdə tuturlar. Onların bir qismi canlı məsləhətlər olacaq, hansı kitabı oxusunlar, necə hazırlaşsınlar və s. Digər tərəfdən, internet üzərindən həmin gənclər üçün pulsuz kurslar həyata keçirəcəklər ki, bu da önəmli bir dəstək sayılmalıdır. Bundan başqa, bəzi gənclərimizin də gelib Türkiyədə 3-6 aylıq kurs keçmələri üçün kömək edəcəklər. Bir neçə vətəndaşımızın xüsusən, şəhid ailəsindən olanların, Qarabağ əlillərinin, müharibə veteranlarının Türkiyədə müalicəsini, əməliyyatını etməyə kömək göstərəcəklər. Bu təşkilat Özbəkistanda, Suriya, İraq türkmənləri üçün xeyli layihələr həyata keçirib. İndi də Azərbaycanda bu cür layihələrin həyata keçirilməsini nəzərdə tuturlar”.

Emin Həsənli bildirib ki, Milliyyətçi Həkimlər Dərnəyinin 500-dən artıq üzvü var. Türkiyənin hər bir tərəfində xəstəxanalarda çalışan bacarıqlı, bilikli, Amerikada, Almaniyada, Avropada oxumuş savadlı həkimlər bu dərnəkdə birləşib. Bu qurum Azərbaycanla münasibətlərə çox böyük önəm verir: “Qeyd edim ki, vaxtında Bakıda təhsil almış türk tələbələrlə bizim o zaman sıx əməkdaşlığımız olub, o tələbələrin bir çoxu sonradan Türkiyə universitetlərində təhsillərini davam etdiriblər və indi həmin dərnəklərdə işləyirlər. Bu əməkdaşlığın kökü 18-20 il əvvələ gedib çıxır. Həmin gənclər də bu əməkdaşlığın qurulmağında artıq xeyli yaşlı həkim və fəal ictimaiyyətçi kimi öz töhfələrini verirlər”.

Şura üzvü bildirib ki, bu ilin sonu, gələn ilin əvvəli Milliyyətçi Həkimlər Dərnəyinin rəhbərliyinin Azərbaycana səfərini təşkil edəcəklər: “Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər dövlət qurumları və QHT-lərlə görüşləri nəzərdə tutulub”.