“Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənası ilə dürüst, fikir və yoluna dərin bir inam bəsləyən, fədakar, mücahid və örnək bir insandı. Belələrinə zamanımızda və hələ bizim tərəflərdə rastlaşmaq həmən-həmən imkansız olduğu kimi, bütün dünyada da rastlanmaz…”
Seyid Həsən Tağızadə
Siyasi sarsıntılar, müharibələr və inqilablar əsri kimi qiymətləndirən XX əsr eyni zamanda bir çox xalqlar üçün milli dirçəliş, milli haqlar uğrunda mübarizə və milli dövlətçiliyin əldə edilməsi yolunda tarixi şərait və geniş imkanlar dövrü olmuşdur. XX əsri öz əzəli torpaqlarında, lakin 2 böyük dövlətin sərhədləri hüdudlarında qarşılayan Azərbaycan xalqı əsrin bu tələblərinə cavab vermiş, yaranmış tarixi şəraitdə öz milli və demokratik hüquqlarını təsdiqləmək cəhdləri etmiş və öz mübarizəsində bu və ya digər dərəcədə uğurlar qazanmışdır.
1906-1911-ci illərdə İranda Konstitusiya - Məşrutə inqilabında cənubi azərbaycanlıların aparıcı rolu, 1917-1920-ci illər Təbrizdə Ş.M.Xiyabaninin rəhbərliyi ilə milli-demokratik hərəkat və nəhayət, əsrin əvvəllərindən başlayaraq Şimalı Azərbaycanda güc toplayan milli şüur, milli dirçəliş və milli hərəkatın öz inkişafında azərbaycanlıların milli dövlətçiliyinin - Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə nəticələnməsi deyilənlərə sübutdur. Bütün bu hərəkatlar təbii ki, öz qəhrəmanlarını – siyasi liderlərini, ideoloqlarını, ictimai və dövlət xadimlərini, sərkərdə və inqilabçılarını yetirmişdir. Lakin XX əsrin ilk onilliklərində Azərbaycanın siyasət meydanına çıxmış tarixi şəxsiyyətlərdən yalnız iki nəfəri İdeoloq - Dövlət xadimi kimi təmsil olunmuşlar: Şimalı Azərbaycanda Məhəmməd Əmin Rəsulzadə, Cənubi Azərbaycanda (və İranda) isə Seyid Həsən Tağızadə. Azərbaycanın iki böyük paytaxtında - Bakıda və Təbrizdə, ruhani ailələrində dünyaya gəlmiş bu iki şəxs taleyin hökmü ilə öz siyasi-ictimai görüşlərinin hələ formalaşdığı bir dövrdə tanış olmuş, bu tanışlıq məsləkdaşlığa, daha sonra əməkdaşlığa çevrilmiş və böyük bir dostluğun təməlini qoymuşdur. Tarixi şərait, xüsusilə son məqsəd olaraq edilən seçim onları hələ keçəcəkləri yolların başlanğıcında ayırsa da, əsası eyni məsləkə söykənən bu dostluq zamanının sınağından çıxmış və ömürlərinin sonunadək qorunub saxlanmışdır.
Oxucuların S.H.Tağızadəni (1878-1970) daha az tanıdıqlarını təxmin edərək, bu görkəmli və son dərəcə maraqlı şəxsiyyət haqqında bir qədər ətraflı məlumat verməyə ehtiyac var. Təbrizin hörmətli və nüfuzlu ailələrindən sayılan Tağızadələrin əsilləri Naxçıvanın Ordubad nahiyəsinin Vənənd kəndindən, Mir Haşımın nəslindən idi. Seyid Həsənin atası Seyid Tağı Rusiya təbəəsi olmaq istəməyərək, hələ cavan yaşlarından Təbrizə gəlmiş, burada Şəbüstərilər nəslindən olan bir qızla evlənmiş və bu izdivacdan onun 4 oğlu olmuşdur. 1878-ci ildə Təbrizdə, ali ruhani - müctəhid ailəsində doğulan Seyid Həsən kiçik yaşlarından dini təhsil almış, daha sonra müstəqil şəkildə dünyəvi elmləri öyrənməyə başlamış, Təbrizdəki müxtəlif məktəblərdə, o cümlədən Amerika missionerlərinin məktəbində oxumuşdur. Həmin dövr Təbrizdə İranın digər şəhərlərindən fərqli bir mütərəqqi mühitin mövcud olması da müstəqil şəkildə Qərb və Şərq maarifçilərinin və filosoflarının əsərlərini mütaliə edən, xarici dilləri öyrənən gənc Tağızadənin dünyagörüşünün formalaşmasına güclü təsir etmiş, yeni ideyalarla tanışlıq tədricən siyasi-hüquqi məsələlərlə marağa səbəb olmuşdur. Mirzə Mülküm xanın, M.Ə.Talıbovun, Z.Marağayinin, digər müəlliflərin sosial-demokrat məzmunlu ideyaları, qanunun hakimiyyətinin bərqərar edilməsi, siyasi azadlıqlar və s. kimi fikirlər Tağızadənin düşüncəsində əsaslı dönüş yaratmış və onun qarşıdakı həyat yolunun artıq siyasətlə bağlı olacağını şərtləndirmişdir. 1904-cü ildə Seyid Həsən yaxın dostu, gələcəkdə Cənubi Azərbaycanın böyük maarifçi xadimi Mirzə Məhəmməd Əli Tərbiyət ilə birlikdə Cənubi Qafqaza səfər edərək, əvvəl Culfadan Naxçıvana, sonra İrəvana gəlir, burada azərbaycanlı ziyalılar, o cümlədən Qurbanəli Şərifovla görüşür, ilk dəfə qatara minərək, Tiflisə gedir. “Avropanın ilk qapısı” kimi qəbul etdiyi Tiflis mühiti, ziyalılar, xüsusən azərbaycanlılarla görüşlər Tağızadənin yaddaşında dərin iz buraxır. “Şərqi-Rus” qəzeti redaksiyasında onun təsisçisi və redaktoru Məhəmməd Ağa Şahtaxtinski, qəzetin gənc əməkdaşları Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə və Rəşid İsmayılov ilə tanışlığı, Şərqdə modernləşmə düşüncəsinin ən qızğın tərəfdarları və daşıyıcıları olan bu insanlarla söhbətlərini S.H.Tağızadə sonralar özünün Tiflisdəki ən faydalı görüşləri kimi qiymətləndirmiş, onların hər biri haqqında dəyərli fikirlər söyləmişdir.
Tiflisdən İstanbula, daha sonra Misirə (İskəndəriyyə və Qahirə), Beyrut və Dəməşqə yollanan və həmin ölkələrin mütərəqqi ruhlu ziyalı dairələrində ən geniş mövzularda - Şərq-Qərb, Qərb-İran, İranın problemləri və həlli yolları ətrafında geniş fikir mübadiləsi aparan S.H.Tağızadə 6 ay sürən bu səfərdən və görüşlərdən bir nəticə - İranda modernləşmə uğrunda siyasi vasitələrlə mübarizə aparmağın zəruriliyinə tam əminlik hasil edir. Öz yeni siyasi baxışlarını S.H.Tağızadə əvvəl Qahirədə, sonra Təbrizdə nəşr etdirdiyi “İranın hazırkı durumu və ya tarixin məhkəməsi” adlanan ilk irihəcmli, proqram xarakterli məqaləsində şərh edərək, keçmişdə şanlı tarixə malik olan İranın müasir dövrdəki durğunluqdan və gerilikdən nicatının Qərb mədəniyyətini mənimsəməkdə olduğunu göstərir. Bu məqalə Tağızadənin həyatında siyasi ideya axtarışları mərhələsinin yekunu və qarşıdakı uzun onillikləri əhatə edəcək zəngin siyasi fəaliyyətinin kredosunun seçimi sayıla bilər. “Modernləşmə” elmi-siyasi-ideoloji dünyagörüşünə söykənən bu kredonun əsasını isə İran dövlətçiliyi prinsipi təşkil edir. Bu məqalə eyni zamanda Tağızadənin çox qısa zaman ərzində və ən yüksək səviyyədə İranın ali siyasi dairələrinə daxil olmasına bir vəsiqə olur.
İranın xarici asılılığının güclənməsi, daxili ziddiyyətlərin kəskinləşməsi, xalq kütlələrinin narazılığının artması 1905-ci ildə İranda Məşrutə (konstitusiya) inqilabı adlanacaq kütləvi etirazların başlanması ilə nəticələnir. Müxtəlif əhali təbəqələrinin tələbləri qarşısında Şah hakimiyyəti 1906-cı ilin avqust ayında Konstitusiyanın qəbul edilməsi və İran Parlamentinin - Məclisinin yaradılması haqqında fərman verir. Azərbaycandan Məclisə seçkilər yalnız noyabr ayında (Məclis işə başladıqdan sonra) keçirilir. Tağızadə özü bu vaxt artıq Tehranda olsa da, onun yuxarıda adı çəkilən məqaləsinin Təbrizdə kitabça şəklində çap olunaraq Məşrutə tərəfdarlarının diqqətini cəlb etməsi onun seçki kampaniyasında iştirak etmədən Azərbaycandan nümayəndə kimi Məclisə deputat seçilməsinə səbəb olur. Dərhal qızğın fəaliyyətə başlayan S.H.Tağızadənin rəhbərliyi ilə azərbaycanlı deputatlar Məclisin işinin Avropa standartlarına uyğun şəkildə təşkil edilməsi, Əsas Qanunun və ona Əlavənin müasir qanunvericilik tələblərinə cavab verməsi sahəsində ciddi səy göstərir, bir sıra mühüm qanunların qəbul edilməsinə nail olurlar. Lakin bütün bu nailiyyətlər kəskin mübarizə şəraitində əldə edilir, Tağızadənin radikal çıxışları bir tərəfdən onun xalq arasında böyük nüfuz qazanmasına, digər tərəfdənsə hakim mühafizəkar qüvvələrin, şah və sarayın dərin qəzəbinə səbəb olur. Son nəticədə Məclisin mövcudluğu ilə barışa bilməyən İranın hakim mühafizəkar qüvvələri Tehrana hərbi qubernator təyin edilmiş Rus kazak briqadasının polkovniki Lyaxovun dəstəyi ilə 1908-ci il iyunun 23-də hərbi çevriliş edərək, birinci Məclisi top atəşi ilə dağıdır. Məşrutəçi qüvvələrə qarşı hücum zamanı bir neçə deputat həlak olur və öldürülür. Çoxlu sayda deputatlar həbs edilir, bir çoxları xarici səfirliklərdə gizlənirlər. İngilis səfirliyinə sığınan S.H.Tağızadə ölkədən 1,5 il müddətinə sürgün olunmaq şərti ilə İranı tərk etməli olur.
Bakıya gələn Seyid Həsən burada geniş fəaliyyət göstərən iranlıların xeyriyyə cəmiyyətindən maddi və mənəvi dəstək alaraq konstitusiya lehinə təbliğat aparmaq üçün Avropaya yollanır. Yalnız həmvətənləri arasında deyil, artıq Bakının siyasi və ziyalı ictimaiyyəti arasında tanınan Tağızadə bu səfər zamanı ondan müsahibə almağa gələn Məhəmməd Əmin Rəsulzadə ilə tanış olur. Həmin dövrdə 24 yaşlı Məhəmməd Əminin çiyinləri arxasında “Müsəlman Gənclik Təşkilatı” adlı gizli bir dərnəyin yaradıcısı, Müsəlman sosial-demokrat “Hümmət” qrupunun banilərindən biri və 5 ildən artıq müddətdə Tiflis və Bakı mətbuatında rus istibdad rejiminin tənqidinə həsr olunmuş onlarla məqalənin müəllifi kimi siyasi mübarizə təcrübəsi var idi. 1909-cu ilin əvvəllərində “Tərəqqi” qəzetində hökumət əleyhinə yazılarına görə həbs olunmaq təhlükəsi qarşısında M.Ə.Rəsulzadə Bakını tərk edərək, həmin qəzetin müxbiri kimi İrana gedir. Bu dövr - Tehranda Məclis topa tutulduqdan və ölkədə irtica rejimi bərqərar olduqdan sonra Məşrutə hərəkatının mərkəzi Azərbaycana - Təbrizə keçmişdi və Rəsulzadənin İrana gəldiyi günlər Səttarxanın başçılığı ilə Azərbaycan azadxahları şah qüvvələrinə qarşı mütəşəkkil və mübariz ordu kimi çıxış edirdilər. Cənubi Azərbaycanın şəhər və kəndlərini addım-addım gəzən, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edən, Təbriz Əncüməninin (yerli idarə orqanı) üzvləri, ziyalılar və azadlıq mücahidləri ilə görüşən, Səttarxanla müsahibə aparan M.Ə.Rəsulzadə özünün məşhur “İran məktubları”nı yazır. “Tərəqqi” qəzetinin 1909-cu il yanvar-avqust saylarında dərc olunan bu “Məktublar”-məqalələr silsiləsi Təbriz üsyanının salnaməsi olmaqla, 11 aylıq mühasirədən sonra onun rus ordularının birbaşa müdaxiləsi ilə yatırılması, Azərbaycanın bütün məntəqələrində azadxahlara tutulan divan və təzyiqlərin canlı şəhadəti sayıla bilər. Bu məktublarda Londonda Qərb ictimai fikrini İrana yönəltmək məqsədilə geniş təbliğatı iş apardıqdan sonra Təbrizə qayıtmış S.H.Tağızadənin də adı çəkilir, onun “həmvətənləri ilə əl-ələ verərək tamam o mühasiratı çəkdiyi” vurğulanır.
Təbriz üsyanının qan içində yatırılması İranın digər vilayətlərində şah rejiminə qarşı çıxışların başlanmasına təkan verir. Vəziyyəti düzəltməyə çalışan Məhəmmədəli şah yeni seçki qanunu hazırlanması haqqında fərman imzalayır. Bu məsələ ilə bağlı şah hökuməti ilə müzakirələr aparmaq məqsədilə Azərbaycan Əncüməni ölkənin digər əncümənləri tərəfindən vəkil seçilir və S.H.Tağızadə bu işdə “baş məsləhətçi” kimi iştirak edir. Maraqlıdır ki, müzakirələrdə şah tərəfini də etnik azərbaycanlılar təmsil edirdilər.
İki ay davam edən müzakirələrdən sonra, 1909-cu il iyul ayının 1-də yeni seçki qanunu təsdiq olunur ki, bu qanunu məhz S.H.Tağızadənin fəaliyyətinin nəticəsi hesab etmək olar. Çünki həmin vaxt Təbrizdə qanunvericilik sahəsində ondan təcrübəli və nüfuzlu şəxs yox idi. Yeni qanunda seçki prosesini bir qədər sadələşdirmək və ən mühümü, vilayətlərə ayrılan deputat yerlərinin həmin vilayətlərin əhalisinin sayına mütənasib formaya salmağa önəm verilirdi.
İran Məclisinə yeni seçkilərin keçirilməsi kampaniyasını “Tərəqqi” qəzetində geniş işıqlandıran Rəsulzadə İranın demək olar ki, bütün vilayətlərindən gələn siyahılarda Tağızadənin adı və ya onun haqqında belə bir qeyd olduğunu yazır: “Tağızadə cənablarını yazmayırıq, zira bilirik ki, o, yəqinən Azərbaycandan seçiləcəkdir”. Həqiqətən həm Tehrandan, həm də Təbrizdən II Məclisə deputat seçilən Tağızadə Məclisdə Təbrizi təmsil etməyə üstünlük verir.
Lakin həmin dövrdə İranın əsas siyasi məsələsi yalnız Məclisə seçkilər deyildi. Əyalətlərdə hələ də davam edən etiraz dalğaları Gilan mücahidləri və Bəxtiyari tayfasının birgə silahlı çıxışları nəticəsində 1909-cu ilin iyul ayının 16-da Məhəmmədəli şahın devrilməsi və onun 14 yaşlı oğlu Əhməd Qacarın taxta oturulması ilə nəticələnir. Həmin dövr silahlarını hələ də yerə qoymayan fədai dəstələrinin, xüsusilə Qafqaz fədailərinin fəaliyyətinə son qoymaq məsələsini dinc yolla həll etməyə çalışan şah hökuməti fədailərin arasında böyük nüfuzu olan S.H.Tağızadəni təcili olaraq Təbrizdən Tehrana çağırır. M.Ə.Rəsulzadə “İran məktubları” silsiləsindən olan “Milli istiqbal” adlı məqaləsində Tağızadənin “tənbeh edilərək çıxdığı Tehrana indi şan-şöhrətlə gəldiyini” ətraflı təsvir edərək, yol boyu Azərbaycan şəhərlərində onun əhali tərəfindən nə qədər təntənə və məhəbbətlə qarşılandığını, “Yaşasın Tağızadə” sədalarının “asimana qalxdığını”, hətta kazak hərbi dəstələrinin də onun “kareti keçdiyi vaxt tamam nizam ilə salam verdiyini” qeyd edir. Tağızadənin İran xalqı, xüsusilə azərbaycanlılar arasında son dərəcə böyük nüfuzunu vurğulayan Rəsulzadə məşrutiyyətdən bu vaxta kimi bütün fəaliyyətində və hərəkətlərində haqq və ədaləti “öz əsas mövqeyi edərək sədaqəti ilə belə bir yüksək məqama çatmış Tağızadə cənablarının bundan böylə dəxi cəmaətin onlara nisbət bəslədikləri böyük ümidlərin öhdəsindən gələcəyinə” ümid edir.
Rəsulzadənin “Tərəqqi” qəzetində nəşr olunmuş son məqalələrindən onun Tağızadəni Tehrana müşayiət etdiyi aydınlaşır. “Mütləqiyyəti-hakimə” adlı yazısında Rəsulzadə İkinci Məclis çağırılana qədər Nazirlər Kabinetinin fəaliyyətinə nəzarəti həyata keçirmək üçün 20 nəfərdən ibarət olaraq seçilmiş Ali İdarə Heyətinə daxil olan Tağızadəni “İranın yeganə siyasətçisi” adlandıraraq, bu heyətin görəcəyi işlər barədə ondan müsahibə alır. 16 avqust 1909-cu il tarixdə dərc olunmuş bu məqalə Rəsulzadənin “Tərəqqi” qəzetində son “İran məktubu”dur. Lakin elə bu yazının axırında “Yeni qəzetə” adlı bir elanda gələn həftədən “İrane-Nou” (Yeni İran) adlı forma və proqramına görə Avropa üsulunda ilk gündəlik qəzetin nəşrə başlayacağı və “müxbiriniz Məhəmməd Əmin Rəsulzadənin bu qəzetdə yaxından iştirak edəcəyi” xəbər verilir.
“Tərəqqi” qəzetinin xüsusi müxbiri kimi işini başa vurması ilə M.Ə.Rəsulzadənin İranda fəaliyyətinin birinci dövrü bitir. 7 ay müddətində qəzetin oxucularını və geniş ictimaiyyəti İranda, xüsusilə Azərbaycanda cərəyan edən hadisələrlə ətraflı tanış edən Rəsulzadənin son dərəcə səmərəli fəaliyyəti yalnız Bakı deyil, İran cəmiyyəti tərəfindən də yüksək qiymətləndirilmiş, hətta cavan Əhməd şahın da bu qəzeti oxuduğu və bəyəndiyi məlum olmuşdur. Bu qəzetin bir nüsxəsinin Tehrana, “əlahəzrət Şahənşahın ünvanına” göndərilməsi barədə şahın şəxsən fərman verməsi M.Ə.Rəsulzadəyə, onun vasitəsilə isə Bakıya çatdırılmış, bu xəbər redaksiya heyəti tərəfindən qəzetdə böyük iftixarla şərh edilmişdir.
23 avqust 1909-cu il tarixdə Tehranda “İrane-Nou” qəzetinin nəşri ilə M.Ə.Rəsulzadənin yalnız İran fəaliyyətinin deyil, həm də S.H.Tağızadə ilə əməkdaşlığının yeni dövrü başlayır. Rəsulzadənin və Tağızadənin bu qəzetlə bağlı xatirələrində İranda yeni, Avropa tipli ilk qəzetin buraxılması ideyasının nə zaman və nə məqsədlə yaradıldığı haqda bir söz deyilmir. Lakin bu qəzetin Tağızadənin İranın modernləşməsi proqramının tərkib hissəsi olduğu və onun Rəsulzadənin timsalında bu mühüm vəzifənin öhdəsindən gələ biləcək bir şəxs, professional qəzetçi, siyasi publisist, nəhayət həmməslək tapdığı şübhə doğurmur. Rəsulzadə üçün də bu qəzetin baş redaktorluğu sadəcə yeni iş yeri olmayıb, dini-klerikal və despotik-mühafizəkar siyasi mühitin hökm sürdüyü İran cəmiyyətində ilk dəfə demokratiya prinsiplərini - azadlıq, bərabərlik, ədalət ideyalarının təsbit edilməsi, doğma Azərbaycan xalqı da daxil olmaqla 15 milyonluq İran xalqlarının ən əvvəl vətəndaşlıq hüququnun tanınması, xalqın da öz hüquqlarını yeni, demokratik yollarla müdafiəyə etməyə hazırlanması kimi mühüm bir işdə siyasi təcrübə əldə etmək imkanı idi. “İrane-nou” qəzeti eyni zamanda daha bir missiyanı yerinə yetirməli idi. Cəmiyyətin siyasi mədəniyyətinin və parlament sisteminin əsas göstəricisi olan siyasi partiyanın təşkili və hələ seçkiləri davam edən 2-ci çağırış Məclisdə yaradılması nəzərdə tutulan Demokrat fraksiyasının fəaliyyətinin yeni əsaslarla qurulması günün tələbi kimi ortaya çıxırdı. Tağızadənin başçılığı ilə yaradılan və İranın mütərəqqi fikirli siyasi və ictimai xadimlərinin, geniş ziyalı təbəqələrinin təmsil olunduğu İran Demokrat Partiyası (İDP) ölkədə partiya sisteminin əsasını qoyur. İran təbəəsi olmayan M.Ə.Rəsulzadənin bu partiyanın təşkilatçılarından biri kimi onun Mərkəzi Komitəsi heyətinə daxil edilməsi və partiyanın mərkəzi mətbuat orqanı, fars dilində buraxılan “İrane-Nou” qəzetinin ideya rəhbəri və baş redaktoru təyin edilməsi 25 yaşlı Məhəmməd Əminin İranın ali siyasi dairələrində artıq ciddi və yetkin bir siyasətçi kimi qəbul olunduğunu göstərirdi. Birmənalı demək olar ki, nəşr olunduğu müddətdə (müxtəlif fasilələrlə avqust 1909 - may 1911) “İrane-Nou” qəzeti boynuna düşən missiyanı şərəflə yerinə yetirmişdir. İran mətbuatı tarixinə həsr edilmiş bütün kitab və tədqiqatlarda “Bakılı Məhəmməd Əmin Rəsulzadənin sər-dəbiri (baş redaktoru) olduğu bu ruznamə” öz dövründə İranın ən nüfuzlu mətbuat orqanı kimi qiymətləndirilir. İranlı tədqiqatçılar Milli Məclis nümayəndələrinin öz nitqlərində bu qəzetin yazılarından istifadə etdiklərini qeyd edirlər. “İrane-Nou” orqanı olduğu partiyanın və Məclisdə Tağızadənin rəhbərlik etdiyi Demokrat fraksiyasının ölkənin siyasi sisteminin modernləşməsi istiqamətində fəaliyyətini işıqlandırmaqla yanaşı, İranın ictimai, siyasi, mədəni həyatına, cəmiyyətdə mövcud olan ictimai münasibətlərə, parlament, mətbuat, siyasi təşkilat, dil və s. kimi anlayışlara dair ən geniş səpgili yazılar dərc edirdi. Rəsulzadənin özünün “M.Əmin”, “R-zadə”, “Rəsulzadə”, “Niş” (neştər) imzaları ilə, eləcə də imzasız dərc olunan baş məqalələri və redaksiya şərhləri nəzərə alınmaqla bu qəzetdə 200-dən artıq yazısı dərc olunmuşdu. Məhəmməd Əminin yalnız İran mövzusu ilə məhdudlaşmayaraq, Şərq, Avropa, Rusiya və əlbəttə ki, Azərbaycan tarixi və ədəbiyyatı sahəsində geniş bilgilərini qəzet səhifələrinə gətirməsi, onun özünün də etiraf etdiyi kimi, bu qəzeti yalnız nüfuzlu deyil, həm də son dərəcə oxunaqlı etmiş, beləliklə “İrane-Nou” siyasi orqan olmaqla yanaşı həm də geniş maarifçilik missiyasını yerinə yetirmişdi. Məsələn, qəzetin rus şairi İ.A.Krılovun təmsillərini dərc etməsi İran ictimaiyyəti arasında geniş əks-səda doğurmuş və sonralar İran mətbuatı tarixində siyasi-ictimai və eyni zamanda ədəbi hadisə kimi qiymətləndirilmişdir.
Lakin nə Tağızadənin İran məclisində deputat, nə də Rəsulzadənin qəzet redaktoru kimi fəaliyyəti heç də rahat və sakit olmamışdır. Tağızadənin başçılıq etdiyi inqilabçı, dünyəvi, radikal Demokrat fraksiyası Məclisdə əksəriyyət təşkil edən “Etedaliyyun” (mühafizəkar) fraksiyası arasında ictimai, iqtisadi, siyasi, mədəni islahatlar və onların aparılması üsulları məsələlərində ciddi ixtilaflar mövcud idi. Digər tərəfdən, Tağızadənin dinin siyasətdən ayrılması, həmçinin qətl törətmiş axundun cəzalandırması kimi tələblərini İslam tarixində görünməyən radikal mövqe kimi qiymətləndirən ruhanilərin sərt münasibəti sonda Tağızadəyə qarşı “dinsizlik”dən tutmuş “müstəmləkəçilərlə əməkdaşlıq” kimi ittihamların irəli sürülməsi və onun nəinki Məclisdən, ümumiyyətlə, İrandan çıxarılması tələbi ilə nəticələnmişdir.
Təbii ki, Rəsulzadə də bu qüvvələrin diqqətindən kənarda qalmır. 1910-cu ildə ayrıca kitabça şəklində “Tənqidi firqeyi E'tidaliyun və ya Ectimaiyun-E’tidaliyun” (Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” adlı əsərin nəşrindən tutmuş, “İrane-Nou” qəzetinin bütün fəaliyyəti istər hökumət dairələrini, istərsə də qəzetin anti-rus istiqamətindən narazı olan Rusiyanın İrandakı səfirliyini bu nüfuzlu qəzetin bağlanması, Rəsulzadənin isə İrandan xaric edilməsi üçün bəhanə axtarmağa sövq edirdi. Nəhayət, Rəsulzadənin Amerikadan İranın maliyyə sistemində islahatlar aparılmaq üçün dəvət olunmuş Morqan Şusterlə apardığı siyasi müsahibə əsas sayılaraq, Rusiya səfirliyinin təşəbbüsü və İran hökumətinin tələbi ilə Rəsulzadə də İranı tərk etməli olur. Qeyd edilməlidir ki, Qərb mətbuatı “İrane-Nou” və Rəsulzadə ətrafında baş verən hadisələrlə yaxından maraqlanmış, Parisdə çıxan “Siqeyl” qəzetinin Tehrana gəlmiş xüsusi müxbiri qəzet və onun baş redaktoru haqqında böyük bir reportaj dərc etmişdi. İranın o zamankı xarici işlər naziri, Rəsulzadənin “yaxın dostum” adlandırdığı Hüseyn Xan Nəvvab Rəsulzadənin şərəfinə şam yeməyi vermiş, bu məclisdə S.H.Tağızadə və digər şəxslərlə birlikdə “Tayms” qəzetinin müxbiri və İngilis səfirliyinin hərbi attaşesi Stoks da iştirak etmişlər.
Beləliklə, bir neçə aylıq fasilə ilə Tağızadə və Rəsulzadə İranı tərk etməli olurlar. 1909-1911-ci illər bu iki şəxsin hər birinin həyatında bir çox cəhətdən əhəmiyyətli olmaqla onların münasibətini ən əvvəl məsləkdaş, eyni əqidə və məqsəd yolunun mübarizləri kimi qiymətləndirməyə imkan verir. Həmin dövr Rəsulzadə ilə ünsiyyətdən Tağızadənin aldığı təəssürat haqda aşağıda danışılacaqdır. Rəsulzadə üçün isə bu dövr Tağızadə kimi artıq yetişmiş siyasətçi və dövlət xadimi ilə əməkdaşlıq və yaxın ünsiyyət onun dövlətçilik və parlamentarizm sahəsində gələcək fəaliyyəti üçün böyük təcrübə məktəbi olur.
S.H.Tağızadənin amalının İslama və şəriətə zidd, Məclis, ölkə və millətin işlərində iştirakının zərərli olduğunu əsas gətirərək, onun Məclisdən və İrandan çıxarılması haqqında Nəcəf üləmalarının verdiyi fitvanın tələbini İran Məclisi tam yerinə yetirməyərək, ona üç aylıq məzuniyyət verməklə mandatdan məhrum etməsə də, Tağızadəyə vurulan “kafir” damğası onun vəziyyətini xeyli çətinləşdirir. Təbrizə gəlib dörd ay burada qalan S.H.Tağızadə “rusların ona qarşı intriqasından” ehtiyat edərək, Demokrat Partiyasının Azərbaycan təşkilatının qərarı ilə İranı tərk edir və İstanbula gedir.
İrandan gizli surətdə Bakıya qayıdan M.Ə.Rəsulzadə də qısa müddətdən sonra təqib və həbs olunmaq təhlükəsi qarşısında İstanbula gəlir və burada yenidən Seyid Həsən Tağızadə ilə görüşür. Daha iki il davam edəcək İstanbul dövründə Tağızadə və Rəsulzadənin dostluğu istər gündəlik həyatın maddi çətinliklərindən, istərsə də artıq dəyişməkdə olan məslək və məqsəd müxtəlifliyinin sınağından çıxır. Rəsulzadənin ağır maddi sıxıntı içində olduğunu görən Tağızadə onu öz yanında yaşamağa dəvət edir və “fikirləşib dolanışıq üçün bir çarə axtaran” dostlar fars dili kursları təşkil etmək və bu yolla azacıq da olsa gəlir əldə edib dolanmaq qərarına gəlirlər. Həmin dövrü öz xatirələrində ətraflı təsvir edən Tağızadə özünün bir sıra Avropa ölkələrinə səfərlərindən sonra yenidən İstanbula qayıdaraq, Rəsulzadə ilə birgə yaşayışını belə təsvir edir: “Pul daşdan çıxırdı. Hətta iş o yerə çatdı ki, yeməyə quru çörək tapmırdıq. Fars dili dərsi deyirdik. Ayda əlimizə 1 lirə pul gəlirdi. Millətçi şəxslərdən yanımıza tez-tez gələnlər olurdu. Bizimlə dostluq edirdilər. Türklər almanların tərəfini tuturdu. Onların rəhbərləri Osmanlıya gəlmişdi. Türklərin komitəsi onlara azacıq da olsa, maddi yardım edirdi. Bizimlə dostluq edənlər bu komitənin üzvləri idilər. Deyirdilər, Avropadan olan liberallara kömək göstərirlər. Amma İrandan gələn liberallara yardım etmirdilər. Axırda qərara aldılar ki, bizə də bir şey versinlər. Bir-iki ay azacıq da olsa, bizə yardım etdilər. Boynumuzda haqları var. Sonra mən İstanbuldan çıxıb getdim. Rəsulzadə qaldı İstanbulda. Tədricən onlara tərəf meyl göstərirdi. Tamamilə türk tərəfdarı olmuşdu. Mən gedəndən sonra birdəfəlik dönüb türkpərəst oldu”.
Bu sonuncu sətirlər Rəsulzadənin dünyagörüşündə baş verən dəyişikliklərin Tağızadə tərəfindən o qədər də təqdir edilmədiyinə çox ehtiyatlı işarədir. Həqiqətən 1911-ci ilin yayında İstanbula gələn Məhəmməd Əmin burada yalnız türkiyəli fikir adamları ilə deyil, Bakı türkçülüyü məktəbinin baniləri, özünə müəllim və məsləkdaş bildiyi Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayevlə də sıx təmasda olmuş və təbii ki, onun ictimai-siyasi nəzərlərində türkçülüyə doğru meyl daha da güclənmişdi. Lakin Rəsulzadənin “İrane-Nou” qəzetindəki fəaliyyətindən və İrana dair məqalələrində işlətdiyi “məmləkətimiz İran”, “biz iranlılar” və s. kimi ifadələrindən çıxış edərək, onun özünü “iranlı” kimi tanıdığını və yalnız İstanbulda türklərin təsiri altına düşdüyünü düşünmək üçün heç bir əsas yox idi. Buna ən bariz sübut Rəsulzadənin artıq 1912-ci ildə İstanbulda dərc etdirdiyi “İran türkləri” adlı məşhur məqalələr silsiləsi ola bilir. Rəsulzadənin 1908-1911-ci illər İrandakı müşahidələrinin və siyasi-publisist fəaliyyətinin ən mühüm və əhəmiyyətli yekunu sayıla biləcək bu əsərində ilk dəfə İran türklərinin yaxın keçmişi, yaşadığı ərazilər, məişəti, məşğuliyyəti, ədəbiyyatı və nəhayət, İran dövlətçiliyində yeri və rolu barədə müfəssəl və dərin məlumatlar verilmiş, İran türkləri dəfələrlə “azərbaycanlılar” adlandırılmış, türk-fars münasibətləri, fars və türk dillərinin mövqeyi təhlil edilmiş, nəhayət, “iranlı” kəlməsinin mənası açıqlanmışdır. İran türklərinin əsrlərdən bəri İranda “dövlətyaradan” millət, İran şahlarının isə yüzilliklər boyu türk tayfalarının nümayəndələri olduğunu vurğulayan Rəsulzadə türklərin İranı öz vətəni hesab etdiyini qeyd etmiş, İranın müasir tarixindən yazarkən Məşrutə hərəkatında və İran Məclisində türklərin aparıcı mövqeyinin dərin təhlilini vermişdir. Diqqətəlayiqdir ki, İran Məclisində bir-biri ilə çarpışan iki - yeniliklə əskilik cərəyanlarının olduğunu, türk deputatların böyük əksəriyyətlə yeniliyi təmsil etdiyini vurğulayan Rəsulzadə yazırdı: “Yenilik cərəyanının başında iki gənc Azərbaycan məbusu (deputat), məşhur Tağızadə ilə mərhum Hacı Mirzə İbrahim dururdu”. Həmçinin İranın müasir siyasi həyatında əsas partiyaların – Demokrat və İctimaiyyun-Etidaliyun - hər ikisinin ideya rəhbəri və aparıcı qüvvəsinin türklər olduğu qeyd edilirdi. Demokrat Firqəsinin mətbuat orqanı olan “İrane-Nou” qəzetinin redaksiya heyətini də Azərbaycan türkləri təşkil edirdilər. “2-ci Çağırış İran Məclisinin 90-a yaxın üzvündən 25-i türk olduğu kimi, Demokrat Firqəsinə daxil olan 21 deputatdan 14-ü də türk idi” – yazan Rəsulzadə “Demokrat Firqəsinin rəisi” S.H.Tağızadənin İran Məclisində, xüsusilə yenilikçilər arasında son dərəcə böyük nüfuza malik olduğunu nəzərə çatdırırdı.
Burada bir məqam qeyd edilməlidir ki, “dilimin türk dili olduğuna və türkdilli vilayətdən olduğum üçün də sevinc və qürur duyuram” deyən Tağızadə özü də “iranlı” məfhumunu Rəsulzadə şərh edən mənada – yəni “vətəndaşlıq” anlayışı kimi qəbul edir. “Lakin mənim üçün İrandan əziz heç nə yoxdur və mən özümü tam və yüz faiz iranlı hesab edirəm” deməklə Tağızadə öz timsalında iranlılığın etnik mənsubiyyətə bağlı olmadığını, İran türkləri və ərəblərinin də iranlı olduqlarını bildirməklə, çoxmillətli İran cəmiyyətində Vətən anlayışının və vətəndaşlıq hissinin milli hisslərdən əvvəl və yüksək tutulmasını vacib sayır. Şovinizmi qətiyyətlə pisləyən S.H.Tağızadə həqiqi vətənpərvərliyin ədalət, rifah və azadlıq, o cümlədən dil və din azadlığı əsasında formalaşdığını vurğulayır.
S.H.Tağızadə bir siyasətçi kimi uzun və məhsuldar fəaliyyəti boyu ən müxtəlif səviyyələrdə və formalarda bu mövzulara öz münasibətini bildirmiş, lakin məsələyə yanaşmada əsas prinsipi – İran dövlətçiliyi dəyişməz olaraq qalmışdır. 1913-cü ildə, İstanbulda Rəsulzadə ilə vidalaşarkən dostunun siyasi nəzərlərinin milli-demokratiyaya doğru dəyişdiyini hiss edən liberal, modernist Tağızadə yəqin ki, Məhəmməd Əminin tamamilə fərqli bir tarixi-siyasi-ictimai şərait və şərtlər daxilində yetişdiyini və bundan sonra da fəaliyyət göstərməli olacağını yəqin ki, nəzərə almamış deyildi. Təsadüfi deyil ki, ayrı-ayrı yazılarında, o cümlədən ömrünün ahıl vaxtında yazdığı “Xatirələr”ində o, “fövqəladə dərəcədə ləyaqətli və qabiliyyətli adam” saydığı Rəsulzadə haqqında yalnız ən yüksək fikirlər söyləmişdir.
Tağızadə ilə Rəsulzadənin son görüşü 1922-ci ildə, Moskvada baş verir. Stalin tərəfindən Bakıda həbsdən azad edilərək Moskvaya gətirilən Rəsulzadə qəzetlərdən Tağızadənin İran nümayəndə heyəti tərkibində Moskvaya gəldiyini və bir müddət burada qalacağını öyrənərək ona məktub yazır, görüşə bilib-bilməyəcəklərini soruşur. Tağızadə xatirələrində onu yanına dəvət etdiyini, bu görüşdən hər ikisinin son dərəcə məmnun qaldıqlarını, sonralar özünün də hərdən Rəsulzadə ilə Abbasqulu Kazımzadənin birgə qaldıqları evə getdiyini bildirir və qeyd edir ki: “Görüşümüzü təqib edib, izləsələr də bir şey demirdilər”. Rəsulzadənin 1920-ci ildə Lahıcda tutulması və ondan sonra başına gələn əhvalatları təfsilatı ilə nəql etməsindən bəlli olur ki, Tağızadə ilə görüşlərində Rəsulzadə tam səmimi olmuş və onun simasında İranın ali mənsəbli dövlət xadimini deyil, yaxın dostunu görmüşdür. Rəsulzadənin Peterburqa getməsi, oradan Finlandiyaya, Almaniyaya, daha sonra Türkiyəyə keçməsi, Məhəmmədəli Tərbiyətlə dostluq etməsi, Stalinə məktub yazması və s. kimi təfərrüatlar, eləcə də İstanbulda “türklərlə yaxın olduğuna görə iranlılar onunla çox da yaxınlıq etmirdilər” kimi ifadələr Tağızadənin Məhəmməd Əminin mühacir həyatından yaxşı xəbərdar olduğunu göstərir. Dostunun evlənmək xəbərini eşidən Məhəmməd Əminin Tağızadəyə təbrik məktubu göndərməsi, “iranlıların onun özünü saya salmadıqları, irad tutduqlarını” vurğulayaraq “görəsən sənə “Əziz dostum” deyib müraciət edə bilərəmmi?” soruşması “iranlı”-“türk” qarşıdurmasının özünü “iranlı” bilən İran türkləri üçün hələ də həssas məsələ olduğunu göstərir. Rəsulzadənin bu sətiraltı mənalı sualına Tağızadənin verdiyi cavab bütün şübhələri aradan qaldırır: “Əziz dostumsan. İstər babi olsun, istər müsəlman, ya kommunist, ya da millətçi, dostluq qəlbi bağlılıqdır, siyasət dünyəvi bağlılıqdır. Çox təsir elədi”.
Burada bir haşiyə çıxaq ki, iranlılar tərəfindən Rəsulzadəyə qarşı bu “saymazyanalıq” heç də ümumi hal deyildi. Hələ Məhəmməd Əminin sağlığında, 1947-ci ildə İran tarixçisi Əbdülhüseyn Nəvai M.Ə.Rəsulzadənin həyatını, xüsusilə İrandakı fəaliyyətinin tədqiq etməyə başlamış və Rəsulzadənin yaxın dostu olmuş tanınmış inqilabçı Heydər Xan Əmioğlunun bioqrafiyası ilə birlikdə İranda “Yadigar” jurnalında dərc etmişdi. Rəsulzadəni “Şərqin mütəfəkkir şəxslərindən” adlandıran müəllif onu İranın inqilab tarixində xüsusi rolu olan, iranlıları məşrutiyyət ideyaları ilə tanış edən və iranlıların oyanışına səbəb olan Qafqaz müsəlmanlarından biri kimi yüksək qiymətləndirmişdir.
1955-ci ildə Hindistana səfəri zamanı M.Ə.Rəsulzadənin vəfatı xəbərini alan S.H.Tağızadə də bu xəbərdən bərk sarsılmış və onun haqqında İranda “Suhən” (Söz) qəzetində “Hadisələrlə dolu bir həyatın sonu” adlı məqalə yazaraq Rəsulzadəni belə yad etmişdir: “O rəhmətliklə bu cənabın (yəni Tağızadənin) arasındakı dostluğun səmimiyyəti, saflığı o qədər fövqəladə idi ki, bu hadisəyə münasibət bildirərkən hislərimi cilovlamağa çalışsam, yenə də qorxuram mənim fikirlərim mübaliğəsiz qarşılanmasın. Rəsulzadə adlı-sanlı şəxsiyyətlərdən idi. Əgər desəm ki, mən bütün ömrüm boyu Şərq dünyasında onun bənzərini görməmişəm, bilin ki, bu fikrimdə heç bir mübaliğə etməmişəm. O, dünyada baş verən hadisələrdən xəbərdar, qələminin kəsəri olan bir şəxs idi. Onun imanının qüvvəti, bəyanının qüdrəti heyrətamiz idi. Mən onu tanıdığım üçün özümü xoşbəxt sanıram. Mənimlə onun arasındakı əlaqə bir dostluqdan daha yuxarıda dururdu. Mən onun əxlaqına, tərbiyəsinə məftun olmuşdum. Belə bir şəxsiyyəti olan millət xoşbəxtdir. O, rəhbər üçün bütün səciyyələrə sahib kamil bir lider idi. O, öz ardıcıllarını ruhlandırır, inamlı olmağa çağırırdı. Mən onun siyasi fəaliyyətinin bir hissəsinin İranda və İran üçün olduğuna görə çox razıyam. O ömrünün sonuna kimi İrana olan bağlılıq və sevgisini əldən vermədi. O mənim qədim vəfalı dostum idi. Bu cür dostun yoxluğundan qəlbimi necə kədər bürüdüyünü dillə deyə bilmərəm...”
XX əsrin əvvəllərində eyni etnik kökə malik, oxşar uşaqlıq və gənclik dövrü yaşamış, eyni niyyət və məqsədlə mübarizə meydanına qədəm qoymuş bu iki görkəmli şəxsiyyətin sonrakı siyasi yolları bir çox səbəblərdən ayrılmışdır. Tağızadə mənsub olduğu xalqın azadlıq və səadət yolunu modern İran dövlətçiliyində görmüş və bütün həyatını bu məslək uğrunda mübarizəyə həsr etmişdir.
Rəsulzadə milli Azərbaycan dövlətçiliyi yolunu seçmiş və bütün həyatını bu məslək uğrunda mübarizəyə həsr etmişdir. Seçdikləri və keçdikləri mübarizə yolunda onların hər biri ən yüksək mənsəblərə çatmış, Rəsulzadə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, Tağızadə isə İran Senatının sədri olmuşlar. Lakin dəyişkən tale onların bu siyasi seçimlərini bir daha imtahana çəkmiş, hər ikisini sürgün və mühacirətlə yanaşı, siyasi xadim üçün ən ağır cəzaya – Vətənində “unudulmuş” ömrü yaşamağa məhkum etmiş, ilk nəzərdə Tağızadəyə qarşı daha mülayim görünsə də, siyasi qələbəni Rəsulzadəyə vermişdir.
92 il ömür sürmüş Tağızadə öz ölkəsinin qanunvericilik orqanlarında və hökumət kabinələrində ən yüksək vəzifələr tutmasına baxmayaraq onun ömrünü sərf etdiyi Modernləşmə nəzəriyyəsi və proqramı İran cəmiyyətində reallaşmamış, 1979-cu ildə İranda hakimiyyətə gələn dini-ruhani rejim isə bir daha S.H.Tağızadəni Qərbə satılmaqda ittiham edərək, onun adını ölkədə yasaq etmişdir. Bu gün Cənubi Azərbaycanın milli qüvvələri də, öz növbəsində, İranın siyasi-ictimai səhnəsində uzun müddət ən böyük siyasi fiqur olmuş bu İran türkünü Azərbaycanın milli maraqları mövqeyində durmamaqda töhmətləndirirlər.
70 il müddətində Sovet rejimi də Məhəmməd Əmin Rəsulzadənin bir kərə qaldırdığı bayrağı ilə birgə adını da onun xalqının hafizəsindən və tarixindən silmək cəhdi etmiş, Sovet azərbaycanlıları üçün tamam başqa bir ideologiya və şərtlər əsasında dövlət qurmuşdur. Lakin son nəticədə Rəsulzadəyə nisbətdə tarixi ədalət bərpa olunmuş, Tağızadənin hələ 1955-ci ildə, “Əziz dostu” ilə vida məktubunda yazdığı: “O, Azərbaycanın peyğəmbəri idi. Yüz il sonra da Məhəmməd Əmin Rəsulzadə Sovet Azərbaycanı üçün Qandi kimi birisi olaraq qalacaqdır” sözləri həqiqət olmuşdur. Neçə onilliklərdən sonra Məhəmməd Əmin Rəsulzadənin adı, zəngin irsi və xatirəsi bir daha üçrəngli bayrağı qaldıran Vətəninə qayıtdı. Bu gün Azərbaycan xalqı öz Böyük oğlu Məhəmməd Əmin Rəsulzadənin xatirəsini əziz tutmaqla Tağızadənin “Belə bir şəxsiyyəti olan millət xoşbəxtdir” sözlərini bir daha təsdiqləyir.
Solmaz Rüstəmova-Tohidi,
tarix elmləri doktoru, professor