- Birtəhər yeriyirəm, çəlikdən tuta-tuta. Amma yeməyimi bişirirlər. Dərmanlarımı alırlar. Ayağım da 7 yerdən sınıb. O qadınlar olmasa, hərlənə bilmərəm. Üçünü də çox istəyirəm. Həmişə də zarafatla deyirəm ki, gündüzlər qulluğumdadırlar, amma heyf, ərləri qoymur gecə də yanımda qalsınlar.
Bunu deyib, qəşş edib gülür Yura dayı. 97 yaşı var Yuri Vladimirvoiç Yermakovun. Deyir, nəinki özü, babasının babası da bakılıdır. 1923-cü ildə Bakının Lebedinski küçəsində anadan olub. Babaları neftçi olub. Atası isə sıradan bir məmur.
- Lebedinski küçəsi Bakının ən beynəlmiləl küçəsiydi, desəm, yanılmaram. Sonradan Çkalov adlandı. İndi, deyəsən, Niyazi adlanır həmin küçə. Bütün günü həyətdə top qovardıq. Evə bir də hava qaralan da yığışardıq. Düzünü desəm, dərs oxumaqla heç aram yox idi. Anam zor-güc, birtəhər məktəbə yollayırdı. Onda da dərsin yarısından qaçırdım. O qədər danlayıblar atamı-anamı mənə görə... (Gülür)
Canlı tarixdi adam. İlk dəfə ondan eşitdim ki, indiki Qız Qalasının qarşısında 4 hovuz var imiş sən demə. İkisi böyüklər, biri qadınlar, biri də uşaqlar üçün.
- Gah orda çimirdik, gah da dənizdə. İndiki bulvar çimərlik idi. Ordan dənizə baş vurardıq. Bəzən elə olurdu, Stalin prospektində (indiki Neftçilər prospekti) velosiped yarışı keçirərdik. Ən sevimli işimdən biri də yelkən düzəldib dənizə çıxmaq idi. Çox gözəl uşaqlığımız olub, çox gözəl.
Yura atasını tez itirib. Bəlkə də elə bu səbəbdən, necə deyərlər, nəzarətsiz qalıb, 7-ci sinfi başa vurandan sonra məktəbi atıb. Qonşuları saatsaz imiş. Deyir, hər gün gedərdim onun yanına diqqətlə izləyərdim onu.
- Elə olurdu, yeməyə belə getmirdim evə. Bütün günü gözüm onun əlində olurdu. Çoxlu suallar verirdim. Xətrimə dəyməzdi. Aram-aram öyrədərdi.
Bu saat, hə, məhz saatsaz yanına getməsi sonradan ona çox kömək edəcəkdi. Hətta həyatını dəyişəcəkdi. Amma hələ onu nələr gözlədiyindən xəbərsiz idi.
- O vaxt televizor yox idi. Elə radio da hər evdə yox idi. Amma şəhərin bir neçə yerində iri səsgücləndiricilər quraşdırmışdılar və tez-tez xəbərləri verirdilər. Elə qurğulardan biri də Çadrovadaydı (indiki Mirzəağa Əliyev küçəsi). Biz ora əncir yeməyə gedərdik. Günlərin bir günü xəbər verdilər ki, bəs İspaniyada müharibə başlayıb. Dostum Pyotr Popovla xəbərə diqqətlə qulaq asdıq. Axşam məhəllədə qərar verdik ki, İspaniyaya gedirik. Petyaya dedim ki, gedək general Frankonu öldürək, qəhrəman kimi qayıdaq. Uşaq ağlı yəni (Gülür). İndiki kimi yadımdadı, Petya dedi ki, əgər həlak olsaq, valideynlərimizə kim məlumat verəcək? Dedim axmaqsan, Petya? Əlbəttə, radio. Bütün dünya bizdən danışacaq axı. Beləcə, hazırlaşdıq. Səhər pioner qalstuklarımızı taxıb, yolandıq dəmiryolu. Vağzalına. Özümüzlə bir ədəd qara çörək, bir az da ərzaq götürmüşdük.
Beləcə, Petya və Yura yollanırlar Sabunçu vağzalına. Orda Bakı-Moskva qatarının yola düşməsini gözləyirlər. Qatarın tərpənməsinə dəqiqələr qalmış atılırlar vaqonların birinə. Ardını özü danışır.
- Hər şey yaxşı gedirdi. Elə sevincli idik ki? Moskvanı görəcək, bir az dincələndən sonra İspaniyaya yollanacaqdıq. Hətta xəyallar da qurmuşduq. Moskvada da bizə pioner dostlarımız qoşulacaq. Böyük bir dəstə yaradacağıq, ispaniyalı uşaqları Frankonun zülmündən xilas edəcəyik. Dəstənin komandiri isə mən olacaqdım. Elə bu xəyal içindəydik ki, bələdçinin səsinə diksindik. Zəhmli bir kişiydi. Qayıtdı ki, hara belə? İspaniyaya dedik. Soruşdu ki, niyə. Dedik döyüşməyə. Heç nə anlamadı. Amma biletlərimizi soruşdu. “Yoxdur” - dedik. Qayıtdı ki, yaxşı, Moskvadan İspaniyaya getməyə yolpulunuz necə, var? Dedik, yox. “Bəs ispanca bilirsiz?” Yenə “yox” dedik. Qulağımızdan tutub, hansı stansiyaydı yadımda deyil, dedi ki, əvvəlcə ispanca öyrənin, sonra gedərsiz.
...Kor-peşman Bakıya qayıdırlar, evdə də möhkəm danlanırlar. Bundan sonra anası səhərdən axşama qədər Bakı küçələrində boş-bekar dolanan Yuranı saatsaz yanına şagird qoyur.
- O vaxt Bazarnaya küçəsində (indiki Azərbaycan prospekti) “5 dekabr arteli” fəaliyyət göstərirdi. Birmərtəbəli binaydı. Müxtəlif peşə adamlarının kiçik emalatxanaları vardı. İndiki Mərkəzi Univermağın yerində. Mənim ustam isə Bakının ən tanınmış saatsazlarından idi. Xoşbəxtlikdən tez götürdüm, tez öyrəndim bu sənəti. Artıq 15 yaşımda sərbəst şəkildə saatsazlıq edirdim. O vaxt saat gəzdirmək prestij sayılardı. Biz təkcə saat təmir etmirdik. Restavrasiya da edirdik. Xüsusən çar dövründən qalma saatları. Bilirsən, cavan oğlan, ölkə təzə çar dövründən ayrılmışdı, sovetlər hələ təzə formalaşırdı. Bundan başqa, çar dövrünün xiffətini çəkənlər də yetərincəydi. Bəzən mənə elə unikal saatlar gətirirdilər ki. Xüsusən zəngli cib saatları. Üstündə imperatorun, iki başlı qartalın şəkli həkk olunmuş çox qiymətli saatlar. Müştəri az qala yalvarırdı ki, bu saatı evdə, gizli təmir et, heç kim bilməsin. Elə də edərdik. Bu tip saatların təmirinə, bərpasına əməlli pul verirdilər.
Yura dayı söhbəti dəyişib, Bakının ədəbi mühitindən danışır. Deyir, həmin vaxt Blok, Mayakovski və Yeseninə qeyri-rəsmi qadağalar qoyulubmuş.
- Bizim gizli bir ədəbi dərnəyimiz vardı. Qubernator bağına yığışıb diskussiyalar apardıq, müzakirələr edirdik, şeirlər oxuyurduq. Məsələn, biri eşitmədiyimiz bir şeiri oxuyurdu, biz onu əzbərləyib, axşam evdə vərəqə köçürürdük. Hamısı da qadağan olunmuş şeirlər. Hə, onu da deyim ki, mənim özümün çox zəngin kitabxanam vardı. Sonradan bağışladım 11 saylı məktəbə. Bir şey də deyim, gülmə. O vaxtın yazıçıları və şairləri arasında bilirsən nə söhbətlər gəzirdi? Düzünü bilsən, bu söz-söhbətlərin də əsası vardı ha?
- Nə söhbət, Yura dayı?
- (Bir qədər duruxur. Sonra gözləri gülür) Sən araq içirsən?
- Belə də...
- 50 qram olar. Brejnevin şəxsi həkimi Çazov deyib ki, gündə 100 qram xeyirdi. O şkafı aç. Orda iki araq var. “Myaqkaya” əl dəymə. O birini gətir, əlli süz. Soyuducuda kolbasa və pendir var. Onlardan da azca doğra gətir.
Dediyi kimi də edirəm.
- Hə, hər axşam 50 qram içirəm yatmazdan əvvəl. Siqareti isə indiyədək dilimə də vurmamışam. Götür, hər kəsə, elə özümə də 100 il yaşamaq arzu edirəm.
- Sağ olun, Yura dayı. Orda qaldıq axı. O söz-söhbətdə.
- Hə, neynirsən axı, rəhmətlikləri niyə narahat edək ki?
- Maraqlıdı.
- (Gözlərini qıyıb, mənə baxır) Bax, ad çəkməyəcəm. Amma deyəcəm. Əksəriyyəti arvadından başqa qadın saxlayırdı. Əksəriyyəti də içirdi. Çoxu da bir-birinin dalınca danışırdı, donos verirdi. Bütün Bakının bundan xəbəri vardı. Çox axmaq quruluş idi, sovet quruluşu. Danışacam sənə, danışacam. Birini də süz.
- Çox olmaz?
- 50 qram olar dedim. Bu rumka 25 qram tutur. Elə müharibəni də bu arağın hesabına udduq. (Gülür)
Hə, müharibə başladı tezliklə. Dəhşətli müharibə…Və bu müharibədnə sağ çıxır Yura dayı. Amma həyat ona elə bir sürprizlər hazırlayır ki? Triller filmləri xatırladan bir həyat. Lent.az-da qalın…