Pilotlarımız erməni əsirliyindən necə xilas olundu? – <span style="color:red;">BİR KİTABIN İZİYLƏ
23 avqust 2019 14:05 (UTC +04:00)

Pilotlarımız erməni əsirliyindən necə xilas olundu? – BİR KİTABIN İZİYLƏ

Bu yaxınlarda Moskvada yaşayan həmyerlimiz, hüquqşünas Məmməd Vəliməmmədov neçə ildən bəri üzərində çalışdığı “Qarabağ müharibəsi haqda oçerklər” kitabını tamamlayıb. Kitabda Qarabağ münaqişəsinin başlanma tarixi, müharibə qəhrəmanlarının xatirələri, çoxsaylı sənədlər və fotoşəkillər yer alıb. Qarabağ müharibəsi haqda oçerklərdə ən maraqlı hissələrindən biri də o vaxt Azərbaycan ordusunun Hərbi Hava Qüvvələrində xidmət etmiş qəhrəman şahinlərimiz barəsindədir. 
 
Lent.az-ın əməkdaşı Məmməd Vəliməmmədovla əlaqə saxlayaraq, kitabın yazılma tarixi və digər məqamlarla bağlı söhbətləşib.
 
- Mən, əslən ağdamlıyam. Qarabağ müharibəsi, bütün ağdamlılar kimi, bizim də ailədən yan keçməyib. Necə deyərlər, müharibənin içində olmuşam, müharibə uşağıyam. Niyə bu kitabı yazdım? Bir dəfə Rusiya saytlarının birində münaqişə nəticəsində Azərbaycandan köçmüş ermənilər barədə bir yazı oxudum. Özlərini çox məzlum kimi göstərmiş, Azərbaycan haqda iftiralar danışmışdılar. Qərara gəldim ki, mən də Ermənistandan  qovulan soydaşlarımızla bağlı bir məqalə hazırlayım. Müxtəlif mənbələrə baş vurdum, fotolar, sənədlər əldə etdim. Mükəmməl bir məqalə hazırlayıb, saytların birinə təqdim etdim. Məqalə o qədər əsaslandırılmış idi ki, saytın rus redaktorlarının onu verməməyə haqqı yox idi. Bundan sonra başladım Qarabağ döyüşləri barədə məqalələr yazmağa. 1991-ci ilin payızından, ta atəşkəsə - 1994-cü ilin mayına qədər olan demək olar ki, bütün döyüşlər, o döyüşlərin qəhrəmanları, batalyonlar, yaranma tarixi, briqadalar, hərbi hissələr, bir sözlə, birinci Qarabağ müharibəsiylə bağlı əksər məqamları məqalə halına salıb, saytlarda dərc etdirdim. Bir gün dostlardan biri təklif etdi ki, bəlkə bu məqalələri kitab halına salasan? Elə də etdim. Təxminən 400 səhifəlik sanballı kitab alındı. Amma hələlik çap etdirməyə maddi imkan yoxdur. Düzdür, kitab elektron variantda LitRes saytında satışa qoyulub. Qiyməti də çox deyil 149 rubl. Təxminən 4 manat. Amma kağız halına salmağa, yenə deyirəm, imkan yoxdur. Çünki bu tip kitablar çox baha başa gəlir. Çoxlu fotolar, xəritələr var. Hamısı da rəngli. Buna görə, çap bir az baha başa gəlir. 
 
- Bayaq kitab barədə məlumat axtararkən bir məqam daha çox maraqlı gəldi. Bəlkə də mərhum pilotumuz Rəşad Atakişiyevin dəfn gününə təsadüf etmişdi  buna görəydi. Mən bilən, kitabın böyük bir hissəsi də həmin dövrdə cəbhədə böyük qəhrəmanlıqlar göstərmiş pilotlar barədədir.
 
- Allah pilotumuza rəhmət eləsin. Haqqında yazılanları oxumuşam. Təcrübəli, neçə-neçə sınaqdan çıxmış pilot olub. O ki qaldı Qarabağ müharibəsi vaxtı vuruşmuş pilotlarımıza, həqiqətən də onlar qəhrəman kimi döyüşüblər. Hər birinin həyatı bir qəhrəmanlıq dastanıdır. Sizə bir misal çəkim. 1993-cü ilin yanvarında təyyarəçilərimiz Çistyakov və Plotnikov döyüş əməliyyatından qayıdırdılar. Bu vaxt ermənilər “Strela” ilə Plotnikovu vurur. O, katapult edərək, paraşütlə tullanır. Amma güclü külək Plotnikovu ermənilər tərəfə aparmağa başlayır. Bu vaxt Çistyakov Plotnikov ətrafında ağlagəlməz manevrlər etməyə çalışır ki, təyyarənin yeli onun paraşütünü bizim tərəfə aparsın. 123-cü alayın döyüşçüləri bu ağlagəlməz tryukun şahid olublar. Amma Çistyakov istəyinə nail ola bilməyib. Ermənilər onun da təyyarəsini vurublar. Plotnikov yerə düşməmiş ermənilər onu öldürüblər. Çistyakovu isə paraşüt düşən kimi əsir alıblar. Ona bizim hərbi hava qüvvələri, dislokasiya yerləri barədə suallar veriblər, amma cavab verməyib. Olmazın işgəncələr veriblər, yenə danışmayıb. İşgəncələrə dözə bilməyən Çistyakov özünü öldürüb.
 
Aleksey Şvaryov olub. Əfqanıstanda döyüşüb. Sanqaçaldan Zabrata vertolyot qaçırıb. Rafael Şirinovla bir ekipajda olublar. Ağdam, Abdal-Gülablı istiqamətində erməni mövqelərinə hücum edən vaxt vertolyotları vurulub. Rəfael tullana bilib, Aleksey isə ermənilərin əlinə keçib. Sonradan Ağdam batalyonundan biri Şvaryovu əsirlikdən xilas edə bilib. Sənan Rüstəmov da məhz həmin əməliyyatda şəhid olub. Şvaryov sonradan  Hüseyncan Əzimovla birgə Pilotların Tədris Mərkəzini yaratmışdılar. Neçə-neçə pilot yetişib o mərkəzdə.
 
Və ya Konstantin Virtsev barədə deyim. Onu Balaxan Qəhrəmanov Azərbaycana gətirmişdi. Sovet ordusunda birgə xidmət etmişdilər. Çox cəsur pilot idi. Tərtərin Mənikli kəndi yaxınlığında onun təyyarəsini vurmuşdular. Amma sağ qalmışdı. Nazim Bayramovun batalyonu onu xilas edə bilmişdi. Belə misalları çox çəkmək olar.
 
- Qayıdaq yenə kitaba. “Qarabağ müharibəsi barədə oçerklər”in Azərbaycan dilində nəşri necə, plandadırmı?
 
- Qeyd etdiyim kimi, kitabın elektron variantı hazırdır. Çap variantının ərsəyə gəlməsi üzərində çalışırıq. Əminliklə bildirirəm ki, bu kitab Azərbaycan oxucusu üçün də çox maraqlı olacaq. Həm faktoloji, həm də vətənpərvərlik ruhunun qaldırılması cəhətdən. İndi qalır, bir fədakar insanın bu kitabı tərcümə etməsi və ya etdirməsi. 
 
# 2063
avatar

Səbuhi Sədəf

Oxşar yazılar