136
10:23
19 Avqust 2019

Müəllimlərin işə qəbulunun son mərhələsi başladı

Avqustun 19-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.

Təhsil nazirliyindən Lent.az -a bildirilib ki, bu gün Azərbaycan dili, informatika və ingilis dili müəllimi olmaq istəyən 800 namizədin müsahibə mərhələsində iştirakı gözlənilir.

Avqustun 23-dək davam edəcək müsahibə mərhələsində vakant yer tutan 3 728 nəfərin iştirakı nəzərdə tutulub.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaq. Namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunan mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə də təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

Qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün ümumilikdə 54 687 namizəd müraciət edib, onlardan 48 204 nəfər imtahanda iştirak üçün dəvət olunub. 41 288 namizəd isə müsabiqənin imtahan mərhələsində iştirak edib.Vakansiya seçimi mərhələsində iştirak edən 23 609 namizəddən 14 003 nəfər elektron ərizəsini təsdiqləyib.