“Kəllə ovçuları”, donuz əmizdirən qadınlar, islaholunmaz adamyeyənlər... – <span style="color:red;">O DÜNYA
17 avqust 2019 17:34 (UTC +04:00)

“Kəllə ovçuları”, donuz əmizdirən qadınlar, islaholunmaz adamyeyənlər... – O DÜNYA

III yazı

 

Qorxunc ayinlər


Yeni Qvineyanın Papua cəngəlliyində aşkar olunan Yali qəbiləsi adamyeyən qəbilələr qrupuna aiddir. Tədqiqatçıların fikrincə, yalilər beş min il bundan əvvəlki dövrün ibtidai qanunları ilə yaşayırlar.
 

Dəhşətli hannibalist tarixi olan qəbilə üzvləri, təkcə düşmən qəbilələrin döyüşçülərini yox, eləcə də ətraf ərazilərdə yaşayan sakinləri, cəngəllikdə azan turistləri və hətta özlərinin ölmüş qohumlarını belə yeyirlər. Döyüşlərdə həlak olmuş doğma atasının meyitini yeyən varislər bu yolla onun dünyada yarımçıq qalmış gücünü mənimsədiklərinə inanırlar. 

 

Ölüm bayramı
 

Yali qəbiləsində ən böyük bayram Ölüm bayramı adlanır. Bayramı qeyd edən qəbilə üzvləri bədənlərinə ağ boya ilə ölüm simvolu olan skelet rəsmi çəkirlər. Bu da təxminən, karnaval paltarını əvəz edir. Yalilər Ölüm bayramında mütləq Ölüm tanrısına insan qurban verirlər. Yali qəbiləsində istənilən arzuolunmaz təbiət hadisəsi, quraqlıq, məhsul qıtlığı, daşqın və s. insanı qurban kəsmək üçün bəhanədir.
 

Ölüm bayramında göylərdən xəbər verən yerli “şaman” qurban verilərsə, bu, qəbilənin həyatında ən möhtəşəm hadisələrdən biri kimi qiymətləndirilir. Adətə görə, qurban kəsilən “şaman”ın beynini qəbilə başçısı isti-isti yeyir. Bununla da qəbilə rəhbərinin öldürülən “şaman”ın biliklərinə yiyələnməsi, Ölüm tanrısı ilə yaxınlaşması gözlənilir. Yalilərdə qəbilə başçısı mütləq hakimdir. Hətta ər-arvadın intim həyatına belə qarışmağa ixtiyarı var.

 

Macəra axtaran turistlərin yoxsa çıxması daha çox Papua etnosu sayılan Yali, Vanuatu  və Karavay qəbilələrinin yaşadığı ərazilərdə qeydə alınıb. Yalilər, adətən, müasir sivilizasiyadan olan ağ adamları yediklərini boyunlarına almırlar. Bu da onların ağ adamların silahlarından qorxduqları ilə izah olunur. Cəngəllikdə itkin düşənlərin axtarışı zamanı onların cəsədinin qalıqları və ya sümükləri tapılanda, vəhşi qəbilənin ovçuları həmin adamların suda boğulduğunu, yaxud dağdan uçduğunu söyləyirlər. Onlar qəti surətdə adam öldürdüklərini etiraf etmir, qurbanları ölü halda tapıb yediklərini deyirlər.

Hannibalizm xəstəlikdir, yoxsa cinayət?

Psixiatriyada hannibalizm aclıq dəliliyi kimi qiymətləndirilir. Aclıq dəliliyi qədim insanların qida tapmaqda zorluq çəkdiyi zamanların travmasıdır. Bu travma bəzi hallarda müasir insanlarda da üzə çıxır. Hannibalizm elmdə psixi xəstəlik, beynəlxalq hüquqda isə “xüsusi qəddarlıqla adam öldürmə” kimi dəyərləndirilir.
 

Dünyada hannibalların ən çox yaşadığı ərazi İndoneziyanın Yeni Qvineya adası və Kalimantan cəngəllikləridir. Bu iki ərazidə təxminən 7-8 milyon “kəllə ovçuları” yaşayır. “Kəllə ovçusu” insanları ovlayaraq başını kəsən vəhşi qəbilə döyüşçülərinə deyilir.
İndoneziyanın məhkəmə praktikasında adamyeyən vəhşi tayfaların nümayəndələri mühakimə edilmir. Yəni, hanniballıq cinayətkar əməl, xüsusi qəddarlıqla adamöldürmə sayılmır. Bu qayda isə yalnız vəhşi cəngəllik adamlarına aid edilir. Dövlət orqanları belə hesab edir ki, insanı öldürdükdən sonra ətini yeyən, bununla da ölmüş şəxsin bütün bilgisinə və gücünə yiyələndiyinə inanan vəhşiləri müasir sivilizasiyanın qanunları ilə islah etmək mümkün deyil. Ona görə də İndoneziyanın bir çox yerlərində macəra axtaran, ekzotika həvəsilə səyahətə çıxan turistlərə hər an adamyeyənlərin yay-oxuna tuş gələ biləcəkləri, onların xörəyinin desertinə çevriləcəkləri haqda xəbərdarlıq edilir.
 

Həyat tərzi, məişət
 

Yali qəbiləsinin kişiləri əsasən, ovçuluqla məşğuldur. Onlar cəsur xarakterə malik, dosta sədaqətli, düşmənə qarşı amansızdırlar. Kişilər arasında daim döyüş məşqləri, yarışlar keçirilir. Yali kişiləri həmişə döyüşə hazır vəziyyətdədir. Yali kişinin burnuna taxılmış sümük parçası onun cəsurluğundan, başındakı və kürəyindəki lələklər çevik ovçuluğundan, bədənindəki ağ boyalı rəsmlər isə qəddarlığından xəbər verir.

 

Yali kişiləri, bir qayda olaraq, paltar geymir, yalnız cinsi orqanlarını xüsusi növ uzun balqabaq qurusu ilə örtürlər. Onlar alkoqollu içki kəşf edə bilməsələr də batel qozunun qırmızı şirəsindən narkotik tərkibli maddə hazırlayırlar. Odur ki, batel şirəsindən ağız-dodağı qızarmış, gözləri bulanıq kişilərə qəbilədə tez-tez rast gəlinir.  
 

Qadınlar isə qamış liflərindən toxunmuş qısa yubkadan başqa geyim tanımırlar. Həmin ekzotik yubkaları onlara, əsasən, kişilər toxuyur. Yali qadın yetkinlik yaşına çatarkən ön sıradakı iki dişini çıxardır. Onların fikrincə, bu, qadını daha gözəl göstərir. Yali qadınları da təbiətcə çox qəddardı. Məsələn, qonşu qəbilələrə qarşı hannibalist “kəllə yürüş”ləri çox vaxt qadınların təşəbbüsü ilə həyata keçirilir. Qısaca desək, qadınlar öz kişilərini insan ovuna göndərirlər.
 

Əri, yaxud doğması ölərsə, qadın hər dəfəsində barmağının bir oynağını kəsir. Qadının əzizlərindən neçə nəfər ölərsə, qadın onların sayı qədər barmaqlarından kəsir. Buna görə Yali qadınları arasında kəsikbarmaqlılar çoxdu.
 

Əsas təsərrüfatları quşçuluq və donuzçuluqdur. Anasını ovladıqları donuz balalarını əhliləşdirərək özləri ilə saxlayır, lazım gələndə körpə donuz balalarını qadınlar özləri əmizdirə də bilirlər. Donuz bu tayfa üçün böyük sərvət sayılır. Evlənərkən oğlan tərəf qızın valideyninə bordanmış donuzdan başlıq verir. Yali qadınları, bir qayda olaraq, kişilərdən ayrı yaşayırlar. Oğlan uşaqları körpəliyindən anası ilə birlikdə yaşasa da, 4 yaşından sonra kişilərin yanına köçürülürlər.

Dövlətin məğlubiyyəti
 

Yeni Qvineyanın Borneo ərazisində Yali qəbiləsinin hannibal ayinləri qarşısıalınmaz hal aldığına görə İndoneziya hökuməti 2000-ci ilin əvvəllərində hannibal tayfaları islah etmək və yerli koloniyaların tərkibinə qatmaq məqsədilə Madura və Yava adasına qoşun yeritdi. Qoşun hərbi qulluqçulardan, cəngəlliyə bələd olan yaxın kəndlərin sakinlərindən və ölüm cəzasına məhkum edilmiş dustaqlardan təşkil olunmuşdu.
 

“İndoneziya Azadlıq Hərəkatının atası” sayılan Sukarno və İndoneziyanın Hərbi diktatoru Suxartonun ordusu Madura cəngəlliyində Yali döyüşçülərinə məğlub olur. Belə ki, müasir silahlarla silahlanmış əsgərlər, cəngəlliyin quş uçmaz, ilan girməz dərinliklərində ən gözlənilməz istiqamətlərdən atılan ox və nizələrlə dəlmə-deşik edilir. Yali döyüşçüləri öldürdükləri əsgərlərin meyitlərini kəsib-doğrayır, daxili orqanlarını yeyir, cəsədlərin qalıqlarını cəngəlliyin hər tərəfinə səpələyirdilər. Bu yolla düşmən saydıqları hökumət ordusunu vahiməyə salıb, qorxudaraq, cəngəllikdən qovmağa nail oldular.

Yali qəbiləsi günümüzdə


Bir neçə məğlubiyyətdən sonra İndoneziya hökuməti Papua etnoslarına hərbi müdaxilənin effektsiz olduğunu anladı. Dövlət növbəti dəfə vəhşi qəbilə və tayfaları təkamül yolu ilə sivilizasiyaya adaptasiya etməyi qarşısına məqsəd qoydu. Cəngəllik vəhşiləri ilə ünsiyyətdə əsas problem, onların hannibalist meylləri idi. İndoneziya hökuməti öz ərazisində hannibalizmi qadağan etsə də, aborigenlər buna məhəl qoymamağa davam edir.
 

Uzun danışıqlardan sonra, ilkin mərhələ kimi, Yali əhalisinin bir qismi, təxminən, 300 nəfər sivilizasiyaya yaxınlaşmağa razılaşdı. Yeni tikilmiş evlərdə yaşamağa başlayan yalilərdən 18 nəfər bir ay keçməmiş malyariya xəstəliyinə tutularaq, öldü. Qalanları isə sivil şəraitə davam gətirə bilməyib, geriyə, öz doğma cəngəlliklərinə qayıtmaq istədilər. Yerli hökumət orqanları onları Qvineya dağlarının ətəklərinə gətirərək azadlığa, üzü cəngəlliyə tərəf buraxdı...

 

 
 

 

# 2196
avatar

Murad Köhnəqala

Oxşar yazılar