...Sərhədi keçməyə peşman edirlər adamı. “Təbriz!”, “Ərdəbil!”, “Meşkin!”, “Aslandüz!”…
Adama elə gəlir, bu dəqiqə zorla da olsa, maşına əyləşdirib, aparacaqlar səni.
- Naxçıvana gedən? Culfa, Naxçıvan…
Bir dəstə də o yanda qışqırır:
- Yolda dəyişməyəcəksiz ki?
Deyəsən, təcrübəli yolçudur. Bu dəyişmək məsələsinin nə olduğunu, başımıza nələr gətirəcəyini sonradan biləcəyik.
- Əbəlfəz haqqı, yox.
Biləsuvardan Culfaya qədər olan məsafə Bakıdan Gəncəyə qədər olan məsafəylə eynidir. Təxminən 360 kilometr. Amma dərd ondadır ki, Biləsuvardan Culfayacan, təxminən 80-90 km məsafəni çıxmaqla, Arazboyu uzanan bu yol səni çox da uzaq olmayan, xatırlamaq belə istəmədiyin illərə aparır.
Taleyin işinə bax, bu dəfə vaxtıyla “o tay” adlandırdığımız yerlərdən, Arazın “bizim tay”ı olan yerlərə həsrətlə baxırıq. Və bu yol uzandıqca adama təskinlik verən bilirsinizmi nə idi? Sizə bəlkə də qəribə gələcək; restoran adları. Hə, məhz yolboyu yerləşən restoranların adları. “Araz”, “Bakı”, “Qarabağ” restoranı…
Hə, bir azdan Qarabağ torpaqları başlayacaq. Beyləqanla üzü-üzəyik. Telefonlarımız hələ ki, tutur.
- Düz Horadizəcən telefon tutur bu tayda. Ondan sonra şəbəkə itir.
İtən təkcə şəbəkə deyil. 26 ildir biz o taydakı torpaqları itirmişik. Və indi Aslandüzdə, Türbəkənddə yemiş satan iki qardaşın alaçığından o taya baxıb, soruşuruq: “Hansı kənddir?”
- Əhmədbəylidir. Sizdədir bu kənd, bir az o yanda isə Lələtəpədir. Bu yandan da görünür. Allah qoysa, bayrağınızı o biri kəndlərə də sancarsınız.
- İnşallah. (Hamı birdən dillənir)
- Ermənilərin bu tərəfə gediş-gəlişi var?
- Bura? Bura nə hədləri var gəlsinlər. Qurdlar torpağıdı Aslandüz. Yox, qurban, buralara hərlənməzlər.
Bunu deyib də barmaqlarıyla “bozqurd” işarəsi göstərir.
- Bu bilirsən nəmənədi də?
Başımla təsdiq edirəm.
Yaxınlıqdakı “Araz” restoranını göstərib, soruşuram:
- Bayaqdan yolboyu restoranların adlarına baxıram…
- (Sözümü kəsir) Qurban, o restoranlar sizlər üçün, sizin yolçular üçündü. Bir iranlı kimsə ora girməz ki...
Şipşirin yemişə qonaq edirlər. Bir dilim də mən dadıram. Baldan da şirindir. İkincisini kəsib verir.
- Şəkərim var, çox yeyə bilmirəm. Əvvəlcə başa düşmür. Və birdən:
- Hə, qəndin varmış.
Maraqlı ifadədir, düzü, ilk dəfədir eşidirdim. Bizim pula kilosu 8 qəpikdir yemişin. Deyir, Aslandüz yemişi İranda adla tanınır.
- Hələ yemiş qurusunu demirəm. Sizlərdə də yəqin belə yemiş yetişər.
- Hə, bizlərdə də Kürdəmir yemişi məşhurdur.
- Eşitməmişəm. Harasındadır Kürdəmir?
- Azərbaycanın düz ortasında. İsti bir yerdir. Orda çox şirin və dadlı yemiş yetişər.
- Yesəydim bircə, qurban. Görərdim sizin yemiş necə dadır.
- Bundan şirindi, həm də ətirli.
- İnşallah, gələndə bir cütünü gətir.
Bizi çaya da qonaq edir bu qardaşlar. İranlı sürücümüz haradasa 30 kiloqrama yaxın yemiş alır. Bizim hərəmizə isə bir yemiş hədiyyə verir. Hələ üstəlik, bir qarpız da kəsirlər...
...Güngörməzdən keçib, Allahverdiuşağına tərəf irəliləyirik. Sürücümüz Əhmədəli adlı, yaşı təxminən 60-ı keçmiş biridir. Qarabağdan, İran-İraq müharibəsindən, aprel döyüşlərindən danışır. Lələtəpəni göstərib deyir ki, 3 il əvvəl aprel döyüşlərində Arazın bu tayında 3 gün çayın kənarından çəkilməyiblər.
- “Ya Hüseyn, özün qardaşlarımıza kömək ol!” – deyib, sizlər üçün dua edirdik. Allah kömək edər, düz Mehriyə kimi gedib çıxarsız. Qisasınız qalmaz bu kafər ermənidə. İstəsəz, Homarlıda dayanaq bir çay içək.
Homarlı demək olar ki, yarı yoldu. Bu kəndlə üzbəüz isə Cəbrayılın Maralyan kəndi yerləşir. Aşıq Pərinin kəndi. Uzaqdan ağ bina görünür.
Əhmədəli deyir ki, ora kəndin məktəbi olub. Sən demə, elə Aşıq Pərinin adını daşıyırmış.
- İndi ora kiçik hərbi hissədir. Erməni əsgərləri qalırlar. Yanındakı isə Karxulu kəndidir. O kənddə qədim qəbiristanlıq vardı. Ermənilər dağıdıblar.
Bu vaxt söhbətə çayxanadan birisi qoşulur. Deyir, ermənilər hər yaz sərhədyanı kəndlərə od vururlar.
- Əsasən də sizin təqvimlə desək, aprelin 24-də. Yandırıb gedirlər. Bir də görürsən, yayda, payızda da odlayırlar. Niyə edirlər, nə məqsədlə edirlər, başa düşmürük. Yox, nə əlaqəmiz olacaq? Əlaqə var e, keçid var Ermənistanla, Qacaran tərəfdən. Bu tərəflərdən yox. Bu tərəflərdən sizə bir körpü olsaydı, nə gözəl olardı. Bilirsən nə qədər qohum-əqrəba var o tayda?
Əslində bu ərazidə sərhəd-keçid məntəqəsi olub. Aslandüz-Horadiz keçid məntəqəsi sonuncunun qısa müddətli işğalından sonra qapanıb. Qəsəbə işğaldan azad olunandan sonra isə fəaliyyətini davam etdirməyib. Bir neçə il əvvəl Azərbaycan və İran tərəfi adıgedən keçid məntəqəsinin açılmasıyla bağlı razılığa da gəliblər. Amma hələ bu istiqamətdə irəliləyiş yoxdur.
Bu yerdə bir məqamı xüsusi vurğulayaq ki, Ərdəbil-Parsabad-Aslandüz-Horadiz avtomobil və dəmir yolu İranın çoxdan reallaşdırmaq istədiyi layihədir. Məqsəd Ərdəbil ostanının məhsullarını İran ərazisi vasitəsilə mümkün qədər daha qısa məsafə ilə Azərbaycanın ərazisinə çıxarmaqdır.
Çox böyük ehtimalla, bu marşrut Ərdəbillə də məhdudlaşmayacaq. Gələcəkdə Şərqi Azərbaycan (Təbriz) və Qərbi Azərbaycanın (Urmiya) yükləri də bu nəqliyyat dəhlizi vasitəsilə daşına bilər. Və bu dəhlizin fəaliyyətə başlaması Ermənistanın təcridi deməkdir. Aslandüz-Horadizdən İranın qatarları artıq keçmiş Moskva-Tehran dəmir yoluna da çıxa biləcək.
Söhbətə Eyvazalı qoşulur. Deyir, Cəbrayılın Arazboyu kəndləri işğal edilərkən ermənilərin törətdiklərini heç vaxt unutmayacaq.
- Bilirsən Karxulunu, Maralyanı, Mahmudlunu, Soltanlını, Xudafərini necə oda qaladılar? Bütün evləri, məktəbləri söküb apardılar. Dəmir yolu relslərini belə çıxarıb satırdılar. Bizim bir qohumumuz var, Karxuludakı xəstəxananı bütöv aldı. Bir inəyə. Həmin xəstəxananın daşını, taxtasını, pəncərəsini, hər şeyini alıb özünə ev tikdirdi. Amma uşaqları xəstəlik tapdı sonradan.
Xəstəlik!!! Sonradan, lap sonradan əslən Cəbrayıldan olan həmkarımız Ramilə Qurbanlıya anadan olduğu Maralyan və qonşu Karxulu kəndlərinin qalıqlarının fotolarını göstərəndə dediklərindən şoka düşəcəkdim. Sən demə, cənublu qardaşımızın bir inəyə aldığı o xəstəxana... vərəm dispanseri imiş. Bu da bir erməni hiyləgərliyi.
- Bir azdan Xudafərin görünəcək. Orda mütləq dayanarıq. Böyük bir bənd tikilib. Körpünü? Qurban, o körpü təkcə Azərbaycanın deyil, İranın da tarixidir. Xudafərinə yaxın düşə bilməzlər. Daşına, divarına əl vura bilməzlər. Qarşılarında İranı görərlər. O körpü əmanətdir. O əmanəti göz bəbəyimiz kimi qorumalıyıq. İnşallah, ora qayıdacaqsız. Yenə bayramda tonqal qalayarsız bizim tərəfə baxa-baxa. Haraylaşıb, bayramlaşarıq. O tayda kənddə toy olanda, burda biz qol qaldırıb oynayardıq zurna səsinə. Şəhriyarı eşitmisən?
Heydərbaba, kəndin toyun tutanda,
Qız-gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damnan alma atanda,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarında sözüm var.
***
...Bu da Xudafərin! O, təkcə Arazın iki sahilini - Qaradağı Qarabağa birləşdirmirdi, eləcə də Doğunu Batıya, Güneyi Quzeyə, Asiyanı Avropaya calayırdı. Böyük İpək Yolunun bir qolu da bu körpülərin üstündən keçirmiş. Və bu gün o körpü əsirlikdədi. Xudafərin kəndi isə viran qoyulub. Vandalcasına xaraba qoyulan bu kəndin qalıqlarına baxmağa dəmir əsəb və möhkəm ürək lazımdı...
Çox yox, 1 saatlıq yolçuluqdan sonra elə bir dəhşətli mənzərəylə rastlaşacaqdıq ki...
Ağrılı olacaq, duyğulanacaqsınız, amma elə şeylər oxuyacaqsınız ki...
Lent.az-da qalın...