Morqunov Nikulinin başına necə oyun açır? – <span style="color:red;">Əfsanəvi üçlük barədə bilmədiklərimiz
14 iyul 2019 12:27 (UTC +04:00)

Morqunov Nikulinin başına necə oyun açır? – Əfsanəvi üçlük barədə bilmədiklərimiz

O, Rusiya Federasiyasının əməkdar artisti kimi dünyasını dəyişdi.  Çox sevildi, məşhurlaşdı, amma ömrünü kasıbçılıqla başa vurdu. Söhbət  məşhur sovet üçlüyündən  (Nikulin, Vitsin və Morqunov)  biri barədədir - Yevgeni Morqunov.

Uşaqlığı

 

1927-ci ilin aprelində Moskvada dünyaya gəlib. Uşaqlığı Böyük Vətən Müharibəsi illərinə təsadüf etdiyindən çox ağır, kasıb bir uşaqlıq keçirib.  O vaxtkı bütün uşaqlar kimi həyətdə futbol oynamaq üçün topu ona konserv qutuları əvəz edib.  Əslində o, futbol oynayanda həmişə qapıçı olardı, çünki gövdəsi ona topu qapıdan buraxmamağa kömək edərdi. 

Çox kök uşaq imiş, sonralar məşhur aktyor özü bu barədə belə deyərmiş: “Anası mamaça olan uşaqlar anadan belə-kök doğulurlar”.  

Uşaqlıqdan zavodda  günün 12 saatı çalışır, axşam kinoya gedərmiş. Kinoya getmək üçün hətta məktəbdə oxuyanda dərsdən də qaçarmış. “Ona görə artist oldum ki, məktəbdə yaxşı oxumurdum. Bir də ona görə ki, atasız böyümüşəm, məni düzgün yola yönəldəcək bir kimsə olmayıb  ”- deyə müsahibələrindən birində yarızarafat etiraf edib.  Kinodan başqa sevdiyi məşğuliyyət Sovet bəstəkarlarının musiqilərini dinləmək olub:  “Ondan əvvəl doğulsaydım Leonid Utesov  mən olacaqdım”.

 

1943-cü ildə zavodda işləyən Jenya bir gün Stalinə məktub ünvanlayır: “Mən aktyor olmaq istəyirəm.  Dərnəklərə getmişəm, “Mosfilm”də kütləvi səhnələrə çəkilmişəm.  Zavodun direktoru məni buraxmır, sənətkar olmağımın, istedadımın qarşısını almağa çalışır. Mən də istəyirəm Stanislavski, Nemiroviç-Dançenko kimi olum”.

Cəmi 15 gün sonra Jenya çalışan zavodun direktoruna belə bir məktub gəlir:

“Yoldaş Morqunovu Tairov adına teatra köməkçi aktyor ştatına işləməyə göndərin”- Stalin.

Teatrda gənc istedad o qədər də çox qərar tuta bilmir, onu kino cəlb edirdi axı. 1944-cü ildə Dövlət Kinematoqrafiya İnstitutunun aktyorluq fakultəsinə - Sergey Gerasimovun sinfinə qəbul olunur.

Tələbəlik illərini  ictimai nəqliyyatda necə pulsuz gedib gəlirdi

Vyaçeslav Tixonov, Sergey Bondarçuk, Nonna Mordukova, Sergey Qurzo ilə bir kursda oxuyan Jenya Gerasimovun sevimli tələbəsi olur.

Aktyor kasıbçılıqdan tələbə vaxtı il boyu bir fənddən istifadə etməklə təhsil illərini başa vurub. Hər səhər ictimai nəqliyyatda bu başdan düşüb o başa qədər sərnişinlərdən – vətəndaşlar, yol pulunu ödəyin-deyə yol pulları yığıb sürücüyə təhvil verib özü pulsuz gedirmiş.

İnstitutdan sonra Morqunov teatrda işləməyə başlayır. Filmə isə ilk dəfə onu 1948-ci ildə öz müəllimi  S. Gerasimov “Gənc qvardiya” filmində böyük rola – satqın Staxoviç obrazına çəkir.

Aktyor eyni vaxtda iki teatrda çalışır və filmlərə çəkilirdi. Çəklirdi, amma uzun müddət onun aktyorluq karyerasında ilk oynadığı Staxoviç obrazı əsaslı rol oynadı. Rejissorlar onu müsbət obraza dəvət etmirdilər, hələ onun yaxşı aktyor olmasına şübhə ilə yanaşırdılar. 

Bir dəfə hətta ona xasiyyətnamə yazmasını xahiş etdiyi rejissor Dovjenko Morqunov üçün belə bir xasiyyətnamə yazıb: “Morqunovun istedadı varmı? Bunu deyə bilmərəm, amma ekspedisiyada maşın palçığa düşərsə onu Morqunov çıxarda bilər. Lazım gəlsə aclığa tab göstərə bilər, çünki ehtiyatı var. İstedadı varmı bilmirəm, amma bilirəm ki, zökəmi ayaq üstə keçirə bilər”. Bu xasiyyətnamədən heç nə başa düşməyən teatr rəhbərliyi Morqunova bir söz deyə bilmir.

Onun həyatındakı əsaslı dönüş Leonid Qaydayla tanışlığından sonra baş verir.  Bir gün çəkdiyi filmin iflasa uğramasından depressiyaya düşən Qaydayın əlinə “Pravda”dan felyeton keçir.  Stepan Oleynikin şeirlə yazılmış “Pyos Barbos” felyetonu rejissora yeni ideya verir.  Düşünür ki, üç nəfər axmağın bir itin arxasınca düşməsi, onların məcarası çox gülüş doğuracaq.

Qaydayın sevimli aktyoru Vitsin  əyyaş dostlardan birini - Trusu oynamağa razılıq verir. Balbes də problemsiz tapılır, Yuri Nikulin sirkdən dəvət olunur. Bıvalıy obrazı problemə çevrilir.  Tanınmış aktyorlar doqquz dəqiqəlik qısametrajlı komediyaya çəkilmək istəmirdilər. Bir gün Qaydaya “Mosfilm”in direktoru İvan Pırevin katibəsi zəng edib deyir ki, axtardığınız aktyoru direktor tapıb. Həmin rola yalnız Yevqeni Morqunov çəkilə bilər, şəxsən direktor özü təsdiq edib. Çəkiliş pavilyonunda epizodik bir rola çəkildiyi vaxt onu görən direktor dərhal Bıvalıy tapıldı deyib.

Həmin rola görə Morqunov heç bir əziyyət çəkmədi, çünki sadəcə özünü oynayırdı.

 

Hər iki filmdə Morqunovu it qapıb

Onun ardınca “Araqçəkənlər” filminə çəkilən Morqunov artıq bu iki obrazla Sovetlər Birliyinin tanınmış siması oldu. Hər iki filmin sevilmədiyi ev, ocaq yox idi. Küçədə insanlar özlərini həmin üçlüyün Nikulin, Vitsin, Morqunovun personajlarına bənzədirdilər. Hərçənd filmdə bu üç tipaj gülüş doğuran obrazlar idi, həyatda heç kim onların düşdüyü situasiyalara düşmək istəməzdi.

Hər iki filmdə çəkiliş vaxtı qəhrəmanlarla birgə obraz oynayan iki müxtəlif it Morqunovu qapıb. Aktyor ardıcıl iki itin onu dişləməsindən uzun müddət müalicə alsa da bunu da zarafata salarmış.  Bu iki filmə görə rejissor və aktyorlar hər üçü Stalin mükafatına layiq görüldülər.

Bu uğurdan və populyarlıqdan faydalanmaq istəyən Eldar Ryazanov dərhal həmin üçlüyü “Şikayət kitabçanızı verin” komediyasına dəvət etdi.

Həmin film Qaydayın komediyaları qədər uğur qazanmadı. Qayday isə dayanmadan eyni aktyorlarla “Qafqaz əsiri”, “I əməliyyatı və Şurikin başqa macaraları” filmlərini lentə aldı. Filmlər dərhal uğur qazandı, amma heç kim bilmirdi ki, bu uğurlar hansı zəhmət və əsəb bahasına başa gəlirdi. “Qafqaz əsiri”nin çəkilişlərində üçlüyün trasda Ninanın arxasınca qaçdıqları, maşın qovduqları səhnə heç cür alınmırdı. Qayday əsəbləşib özündən asılı olmayaraq aktyorlara çığırır. Morqunovun çönüb ona “ Qayday, pişik kimi düşüb arxamızca bizi  siçan kimi qovursan” - deməsi rejissorla onun arasında dərin küsülülüyə gətirib çıxarır. Onlar yalnız 27 il sonra “Üç aktyorun muzeyi”nin açılışında barışırlar. Bəli, Moskvada belə bir muzey var.

Qaydayın filmlərindən sonra bu üç aktyoru dəli bir şöhrət öz qoynuna alır. Morqunov isə hamıdan populyar olur, hətta futbola baxmaq üçün stadiona belə biletsiz keçməyi azmış kimi arxasınca gələni də - bu mənimlədir - deyə biletsiz keçirərmiş.

Morqunov Vitsini çox sevirdi, o, haqqını almayan sənətkardır - deyirmiş.  Nikulinlə isə onunku heç alınmırdı. Filmlərdən sonra yalnız öz karyerası ilə məşğul olan Nikulin onlarla görüşmürmüş, buna görə Morqunov zarafata salıb həmişə onunla dalaşırmış.

Bir dəfə Morqunov Nikulinə sataşmaq üçün sirk seanslarının birindən əvvəl sirkin girişində durub sirkə gələnlərə deyib ki, kimin ev problemi varsa sirkin direktoruna müraciət etsin.  Hamı seansa yox, sirkin direktorunun qəbuluna yollanıb.  İşin nə yerdə olduğunu aydınlaşdıran Nikulin tapşırıq verib ki, Morqunov bir daha sirkin həyətinə belə buraxılmasın: “Bizə öz klounlarımız bəsdir”.

Bıvalıy rolundan sonra Morqunov elə də çox rola çəkilməyib. 1962-ci ildə özü Şoloxovun əsəri əsasında  rejissor kimi “Kazaklar ağlayanda” filmini çəkir.

1982-ci ildə isə M. Kozakov onu “Pokrov darvazaları” filmində Soin roluna çəkir. Bu obraz Morqunovun həm faciyəni həm komediyanı özündə birləşdirən parlaq obrazı olur.  Rejissor bu filmdən sonra xaricə köçür, gedərkən Nikulinə deyir ki, ölkədə Morqunov kimi bir potensial qoyub gedirəm, gələn kimi onu dəhşətli bir obraza çəkəcəm.  O, qayıdanda isə Morqunov yataq xəstəsi idi.

 

Şəkər, oğul itkisi və insult

Morqunov ömrünün sonlarında ölkəni konsert proqramlarının tərkibində gəzməklə özünə çörək pulu qazanırdı.  Tanınmış, qocaman aktyor şou-proramların tərkibində təlxəklik edirdi ki, çörək pulu olsun. Bu mənzərəni görmək çox acınacaqlı idi, bununla belə aktyor ona həyat tərzinin ağır olmasına heç kimə deməzmiş. Şəkərin təsirindən bədəni gün-gündən şişmanlaşırdı, yerimək çətinləşirdi və o axsayırdı, amma səhnəyə çıxanda deyirdi ki, çəkiliş vaxtı at onun ağırlığına tab gətirmədiyindən onu yerə çırpıb. Bununla həm tamaşaçıları əsas fikirdən yayındırır, həm də gülüş yaradırdı.  Yüksək şəkəri olan adam içməz, çəkməz, pəhriz saxlayar, Morqunov bunların əksini, özü də elə bil qəsdən edirmiş. Ya da başa düşürmüş ki, artıq sona yaxınlaşır, ona görə həyatın dadlarından özünü məhrum etmək istəmirmiş.

Aktyorun yaxşı ailəsi olub. 36 il bir yerdə yaşadığı xanımı və iki oğlu, nəvələri vardı. Ömrünün sonuna qədər bu aktyor səhnədə olub, amma özü, ailəsi üçün heç nə edə bilməyib.  1998-ci ildə Morqunovun ailəsinə bədbəxtlik üz verdi, kiçik oğlu yol qəzasında həlak oldu.  Aktyor bu itkini çox ağır yaşadı. İşləyirdi, onu sevən tamaşaçılarından uzaq düşmürdü, hətta tamaşalardan sonra foyeyə çıxırdı ki, onunla şəkil çəkdirmək istəyənləri razı salsın, amma oğul itgisi getdikcə daha dərinə işləyirdi.

Bu itkidən sonra zatən aktyor çox yaşaya bilmədi. İki infakt və ardınca insult. Xəstəxanadan sağ çıxa bilməyəcəyini anlayan aktyor yaxınlarına məni burdan daşıya bilməyəcəksiniz, mən daşınmazam - deyə zarafat edirmiş. Oğlundan sonra cəmi bir il yaşadı.

Rusiyanın əməkdar artisti 1999-cu ildə Moskvada Mərkəzi Klinik Xəstəxanada 73 yaşında dünyaya əlvida dedi.

Onu əzizləri Kunsevski məzarlığında torpağa tapşırdılar.  Bu Rusiya mədəniyyətinin də deyəsən qəribə ənənəsi var – Morqunovun da dəfnində ondan əvvəl yazdığım bütün aktyorlar kimi rəsmi şəxslər, teatr və kino kollektivi iştirak etməyib. Qəbrinin üstünü isə xanımı öz vəsaiti hesabına oğlunun məzarı ilə eyni vaxtda düzəltdirib.

# 5940
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar