1190
12:00
05 İyul 2019

Azərbaycanlı məşhurlar nələrini sığorta etdirmək istəyir? - "Bədənimin vacib yerlərini..."

Dünya ulduzlarının bir çoxu bədəninin müxtəlif yerlərini, bəziləri səsini, bəziləri isə sərvətini sığorta etdiklərini açıqlayırlar. Maraqlıdır, azərbaycanlı məşhurlar nələrini sığorta etdirmək istəyərdilər? Lent.az bu sualı bir neçə tanınmışa ünvanlayıb:

Müğənni Nadir Qafarzadə: “İnsan bu dünyadan köçəndə təkcə kəfənlə gedir. Ondan yadigar yalnız xoş xatirələri qalır. Bəzi insanlar üçün isə ölüm mükafat sayılır. Mən qürurumu, vicdanımı, insanlığımı sığortalatmaq istəyərdim”.

Müğənni Afət Fərmanqızı: “Bir ay öncə həm səsimi, həm də mənə aid nə mülk varsa, hamısını sığorta etdirmişəm. Bu səslə “Pencu şeş” mahnısını oxumuşam. Azərbaycanda tapılmıram. Bütün günlər Rusiyanın müxtəlif bölgələrində toydayam. Musiqiçilərim də mənimlə birgə toylara gedir. Dəstəmdə sintezator ifa edən Amil Sabirabadlının da barmaqlarını 100 min manata sığorta etdirmək istəyirəm”.

Müğənni Şəbnəm Tovuzlu: “Bryus Sprinqstein səsini 5 milyon dollara sığortalayıb, Adam Lambert - səs tellərini 47 milyon dollara sığortalayıb, mən Şəbnəm də səs tellərimi 100 min dollara sığortalayaram. Çünki səsim sərvətimdir”.

Müğənni Zamiq Hüseynov: "İnanın, biz bu haqda heç fikirləşməmişik. Belə bir niyyətim olsa, səsim barədə düşünərəm. Onu da zamana buraxaq. Bəlkə, belə niyyətim oldu".

Stilist Samiraldo: “Bədənimin ən vacib yerlərini sığorta etdirərdim. Amma onlar hansı yerlərdir, deməyəcəm. Çünki ayıbdır”.

Müğənni Afaq Aslan: “Bu barədə çox düşünmüşəm. Nə vaxtsa dərimi sığortalatdıracağam”.

Müğənni Tuncay Bərdəli: “Bilənlər bilir ki, mənim müğənnilikdən başqa biznesim var. Biznesimin sayəsində maşınlar, evlər və daha nələr almışam. Maşınlarımın sığortası var, amma villalarımı sığortalatdırardım. Gələcəkdə də səsimi”.

Müğənni Sevda Sanalıyeva: “Elə bir şey fikirləşmirəm. Mən bunu mənasız hesab edirəm. Sığorta etdirmərəm. Çünki həyatda heç kəs heç nədən sığortalanmayıb”, (gülür )

Rəqqasə Aytən: “Çoxları bilir ki, mən itim Lusiyə necə dəyər verirəm. Əslində onu itirməkdən qorxuram. Lusimi sığorta etdirmək istəyərdim”.