735
13:18
30 İyun 2019

"Opera bu gün də bizi həyacanlandırır" - Firəngiz Əlizadə

Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı bu il artıq öz 10 illik yubileyini qeyd edir. On il əvvəl birinci festivalda olduğu kimi, dahi Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yenə də rəmzi olaraq “Yuxarı Karvansaray” tarixi-memarlıq abidəsinin bu gözəl səhnəsində yeni nəsil gənc muğam ifaçılarımızın, istedadlı müğənnilərimizin iştirakı ilə açıq havada təqdim olunub. Hava şəraitinin əlverişsiz olmasına, yağış yağmasına baxmayaraq, musiqi fədailərimiz öz rollarını böyük məharətlə ifa edib, Leyli və Məcnunun vurğunları, Üzeyir bəyin pərəstişkarları operadan böyük zövq alıblar.
Bu sözləri Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, UNESKO-nun Sülh artisti Firəngiz Əlizadə festivalın açılış mərasimində jurnalistlərə müsahibəsində deyib.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin 1908-ci ildə yazdığı “Leyli və Məcnun” operasının Azərbaycan xalqının çox qiymətli musiqi xəzinəsi olduğunu vurğulayan Firəngiz Əlizadə deyib: “Mən çox fəxr edirəm ki, bu opera bu gün də bizi həyacanlandırır. Festivalda müxtəlif ölkələrdən gəlmiş qonaqlar var. Onların hamısı çox həyacanlıdırlar və diqqətlə operaya qulaq asırlar. Ümidvaram ki, festivalımız belə gözəl şəraitdə davam edəcək və həmişə olduğu kimi, yenə də uğurla başa çatacaq.
(AZƏRTAC)