Hovuzlarda GÖRÜNMƏZ TƏHLÜKƏ var: <span style="color:red;">DİQQƏT
27 iyun 2019 15:26 (UTC +04:00)

Hovuzlarda GÖRÜNMƏZ TƏHLÜKƏ var: DİQQƏT

Xəbər verdiyimiz kimi, İranın qərbində yerləşən Qərbi Azərbaycan vilayətinin Urmiya şəhərində çimərlik hovuzunda 16 nəfər xlor qazından zəhərlənib.
 
Bu barədə Qərbi Azərbaycan vilayətinin Tibb Elmləri və Səhiyyə, Müalicə Xidmətləri Universitetinin fövqəladə hallar üzrə mərkəzinin direktoru Baqir Bəhrami məlumat verib. O deyib ki, 16 nəfərdən 7-si azyaşlı uşaqlardır və hazırda zəhərlənənlərin dördünün vəziyyəti ağırdır.
 
Artıq Azərbaycanda da havaların isinməsilə əlaqədar insanlar dənizlərə, istirahət mərkəzlərinə yollanırlar. İstirahət mərkəzlərində olan hovuzlarda isə xlordan istifadə edilir. Bəs bu cür zəhərlənmə baş verərsə, bunun hansı fəsadları ola bilər? Eləcə də bundan qabaqcadan necə xəbərdar ola bilərik?
 
Mövzu ilə bağlı Lent.az-a açıqlama verən həkim-terapevt Rasif Bağırov bildirib ki, xlor hər hansı bir məhlulun tərkibində müəyyən miqdardan artıq olduqda fəsadlar yarada bilir:
 
“Eləcə də hovuzlarda xlor qazından istifadə edildikdə və onun miqdarı çox olduqda xüsusən də uşaqlar üçün bu təhlükəyə çevrilə bilər. Məsələn, bunun dəriyə, yuxarı tənəffüs yollarına, eləcə də mədə-bağırsağa təsiri çox böyükdür. Uşaqların dərisi və immuniteti daha həssas olduğu üçün bu onlarda daha pis təsir göstərir.
Xlor yuxarı tənəffüs yollarında qıcıqlanma yarada, xlorlu suyun orqanizmə daxil olması nəticəsində isə mədə-bağırsaq sistemində zəhərlənmə baş verə bilər”.
 
R.Bağırov əlavə edib ki, xlor suda həll olunmuş formada olsa da onun qoxusu hiss edilir:
 
“Həm də əgər hovuzda xlor qazından çox istifadə edilibsə, bunun mütləq qoxusu hiss edilməlidir. Bu cür hallarda həmin hovuzda və ya kənarında dayanmaq olmaz. Bundan başqa daha çox astmaya meyilli və ya astma xəstəsi olan, eləcə də allergiyası olan uşaqlar bununla bağlı çox diqqətli olmalıdırlar”.
 
Mövzu ilə əlaqədar Lent.az-a danışan və 68 tonluq hovuzu olan Mətanət Süleymanova bildirib ki, 8 ildir ailəsi hovuzdan istifadə edir və bununla bağlı heç bir xoşagəlməz hadisə baş verməyib:
 
“Mən hovuza 2 stəkan xlor tökürəm. Xlorun satışda həb formalarında olan növləri də var. Mən ondan almıram və düşünürəm ki, ən yaxşısı toz formasında olan xlordur. Xlordan başqa 2 stəkan yumşaldıcı, 2 stəkan yosunlara, yaşıllığa qarşı olan vasitələrdən də hovuzda istifadə edirəm”.
 
M.Süleymanova əlavə edib ki, əslində hovuz axşam xlorlanmalıdır:
 
“Tökdükdən sonra bütün gecə işlək vəziyyətdə qalan hovuzdan xlorun qoxusu çıxır və yaxşı təmizlənir. Bunun üçün ən azı 6 saat keçməli, yalnız bundan sonra ora girilməlidir. Mən bunları ixtisaslaşmış mağazalardan öyrənmişəm. Onu da deyim ki, xlorlar müxtəlifdir. Məsələn, mən yerli xlor almıram. Buna səbəb ikeyfiyyətiə bağlıdır”.
 
# 4902
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar