Bakıda qanunsuz zibilxanalar - <span style="color:red;">"Cərimələr çıxış yolu deyil"
21 iyun 2019 13:25 (UTC +04:00)

Bakıda qanunsuz zibilxanalar - "Cərimələr çıxış yolu deyil"

“Tullantılarla əlaqədar çoxlu sərəncam qəbul edilsə də, onlar yerinə yetirilmir”.
 
Bu sözləri Lent.az-a Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib. O bildirib ki, tullantılarla əlaqədar olaraq yaranan qanunlu və qanunsuz zibilxanalardakı problemlər indiyədək həll olunmayıb:
 
 
“Bu problemlərin nə vaxt həll olunacağı isə sual altındadır. Düşünürəm ki, cənab prezident bununla bağlı rəsmi təşkilatı yaratsa və mütəmadi olaraq qeyri-hökumət təşkilatları ona məlumat versələr ki, hansı məkanda, hansı ərazidə vəziyyət necədir, onda bu problemlər həllini tapardı. Prezidentə bu barədə məlumat verilmir, buna görə də vəziyyət pisdir”.
 
Ekoloq əlavə edib ki, bələdiyyələrin zibilxanalarla bağlı fəaliyyəti qənaətbəxş deyil: “Hazırda olan vəziyyət göz qabağındadır. Doğrudur, bu sahədə cərimələr tətbiq edilir, ancaq yenə də bu kimi hallar davam edir. Bu problemə birdəfəlik əncam çəkmək lazımdır”.
 
Xatırladaq ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində tullantıların qalaqlandığı və düzgün idarə olunmadığı aşkar edilib və faktla bağlı əraziyə cavabdeh Zığ qəsəbə bələdiyyəsinin sədri Kənan Nəsrullayev barəsində protokol tərtib edilərək, ona inzibati qaydada 2 500 manat məbləğində cərimə tətbiq olunub.
 
Bundan başqa, Daxili İşlər Nazirliyinin iyunun 20-də Xəzər rayonu ərazisində keçirdiyi reydlər zamanı “Siti Bich”, “Karvan Palace” və “Xəzər” istirahət mərkəzlərinin ərazilərində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.
# 816
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar