877
15:12
10 İyun 2019

Çimərliklərdə, şəlalələr ətrafında alınan pullar... - BU İL HƏR ŞEY FƏRQLİ OLACAQ

Yay mövsümünün gəlməsi ilə əlaqədar xarici, eləcə də yerli vətəndaşların ölkənin şəhər və rayonlarına səfər etməsi artıq bir müddətdir ki, başlayıb.
Əksər yerlərdə isə səyahət edənlər üçün bir sıra xidmətlər ödənişli olaraq həyata keçirilsə də, bunun qarşılığında qəbz verilmir.
Məsələn, Oğuz rayonunun ərazisində olan Xalxal Şəlaləsinə daha yaxından baxmaq üçün vətəndaşlardan 1 AZN ödəniş tələb edilir. Bundan başqa Gəncə şəhərindəki Göygölə səfər edənlər piyada kimi Maralgölə gedə bilməzlər. Bunun üçün orada bəzi maşınlar var ki, onlar da hər bir şəxs üçün 2 AZN ödəniş tələb edirlər. Həmçinin paytaxtdakı bəzi çimərliklərdə də vətəndaşlardan ödəniş tələb edilsə də, onlara bununla bağlı qəbz verilmir.
Mövzu ilə əlaqədar Lent.az -ın suallarını cavablayan Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, qurum əməkdaşları Oğuzun Xalxal şəlaləsində olaraq, həmin əraziyə baxış keçiriblər:
“Əməkdaşlarımızın apardıqları monitorinqlər bunu göstərdi ki, orada olan gölü də, şəlaləni də, körpünü də sahibkar tikib. Yəni, şəlaləyə baxmaq üçün körpünün üzərinə çıxmaq lazımdır ki, ora sahibkar vəsait xərcləyib. Bir sözlə ora özəl göl, özəl şəlalədir. Ödəniş üçün qəbzin verilib-verilməməsinə görə isə biz məsuliyyət daşımırıq. Bununla aidiyyatı orqanlar maraqlanmalıdır”.
K.Quluzadə giriş üçün ödəniş tələb olunan çimərliklərdən də söz açıb:
“Bildiyiniz kimi, Turizm Agentliyi ötən il yaradılıb. Keçən il yay mövsümündə isə bizdə strukturun formalaşması getdiyindən, bu il yay mövsümündə biz çimərliklərdə monitorinq aparacağıq. Burada çimərliklərin fəaliyyəti, pullu girişlərin olub-olmamasını, onların cari funksional vəziyyəti ətraflı araşdıralaraq bununla bağlı təkliflər hazırlanacaq.Həmçinin agentliyin sədri də bir neçə gün əvvəl mediaya açıqlamasında bildirmişdi ki, çimərliklərin həm xarici, həm də yerlilər üçün daha rahat olması və ictimai çimərliklərin fəaliyyəti üzrə bir çox işlər aparılacaq. Çalışacağıq ki, çimərliklərin fəaliyyəti mükəmməlləşdirilsin”.
Xalxal şəlaləsində tələb olunan ödənişlə bağlı Oğuz Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Etibar Yusubov isə bildirib ki, Xalxal süni yaradılmış şəlalədir:
“Yuxarıda dərədəki çaydan böyük ölçülü turbalar vasitəsi ilə su götürülərək şəlalə yaradılıb. Bunu isə həmin yerdəki obyektin sahibi edib və ora özəldir”.
Sözügedən yerlərdə ödənişlərin rəsmi olub-olmaması ilə bağlı Lent.az -a danışan Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov deyib ki, ödəniş tələb edilən bütün yerlərdə mütləq qəbz verilməlidir:
“Adıçəkilən yerlərdə qəbzin verilib, verilməməsi barədə dəqiqləşdirilmə aparılaraq, məlumat veriləcək”.