251
11:42
04 İyun 2019

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlandı

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının gündəliyi açıqlanıb. APA -nın Avropa bürosunun AŞPA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, yay sessiyası 24-28 iyun tarixində Strasburqda keçiriləcək.
Sessiya zamanı iyunun 24-də Avropa Şurasının Baş katibi Torbyorn Yaqland çıxış edəcək, 26 iyunda isə AŞPA-ya yeni baş katib seçiləcək. İyunun 25-də Fransanın Avropa məsələləri üzrə dövlət naziri Amelie de Montchalin çıxış edəcək. İyunun 26-da isə Portuqaliya prezidenti Marcelo Rebelo de Sousanın çıxışı gözlənilir.
Sessiyanın gündəliyində qadınlara, uşaqlara qarşı zorakılıq, gender bərabərliyi, zehni sağlamlıq sahəsində insan hüquqlarına əsaslanan yanaşma, “2020-2021- ci illərdə Avropa Şurasının büdcə və prioritetləri”, “2020-2021-ci illərdə Parlament Assembleyasının xərcləri”, “Suriyadakı vəziyyət: siyasi həll yolu üçün perspektivlər” mövzularında müzakirələr aparılacaq. Həmçinin Azərbaycan nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva sessiya çərçivəsində “Miqrant uşaqlara şiddət və istismarı dayandırın” mövzusunda islandiyalı məruzəçi Rosa Bjork Brinyolfsdottir ilə çıxış edəcək.
Qeyd edək ki, yay sessiyası çərçivəsində Avropa Şurasının yaranmasının 70 illik yubileyi də qeyd olunacaq.