87
07:57
29 May 2019

ABŞ-ın İllinoys ştatında Azərbaycan günü - Meydanda bayrağımız qaldırıldı

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhəri 2019-cu il 28 may tarixini Azərbaycan Milli Günü elan edib.

Lent.az xəbər verir ki, bu barədə Çikaqo şəhərində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (Azerbaijani Center of Midwest America - ACMA) rəhbəri Fərid Məmmədov məlumat verib.

O bildirib ki, İllinoys ştatının qubernatoru JB Pritzker bununla bağlı bəyannamə imzalayıb.

Həmçinin may ayının 28-də ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərinin mərkəzində, şəhər meriyasının qarşısında Azərbaycanın Dövlət bayrağı ilk dəfə olaraq rəsmi şəkildə təntənə ilə qaldırılıb. F.Məmmədov və Azərbaycan icma nümayəndələri şəhər sakinlərinə açıqçalar təqdim edərək ölkəmizin müstəqillik tarixi haqda ətraflı danışıb, üçrəngli bayrağımızın 101 illik tarixi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edildiyi barədə məlumat verib.

Daha sonra ABŞ və Azərbaycanın dövlət himnləri səsləndirilib. Azərbaycanın Himninin sədaları altında Azərbaycanın Dövlət bayrağı təntənəli şəkildə qaldırılıb. Sonda Azərbaycan cəmiyyətinin nümayəndələri və şəhər sakinləri bayrağımızın önündə xatirə şəkli çəkdiriblər.

İllinoys ştatının qubernatoru qeyd edib ki, müstəqilliyinin bərpasından keçən son 20 il ərzində Azərbaycan öz suverenliyini və müstəqilliyini möhkəmləndirib, Xəzəryanı bölgədə ABŞ-ın güclü müttəfiqinə və strateji tərəfdaşına çevrilib.