Kurikulumun <span style="color:red;">İLK NƏTİCƏLƏRİ...  - <span style="color:red;">narazılıqlar çoxdur
23 may 2019 11:11 (UTC +04:00)

Kurikulumun İLK NƏTİCƏLƏRİ... - narazılıqlar çoxdur

Bu il ilk dəfə kurikulum sistemi ilə təhsil alan on birinci sinif şagirdləri ail məktəblərə imtahan verdilər. Bu ildən ali məktəblərə qəbul imtahanları da fərqli formatda həyata keçirilir. Əksəriyyət hesab edir ki, yeni qəbul sistemindən sonra abituriyentlərin 700 və ona daha yaxın nəticə göstərməsi çətin olacaq. Hətta kurikulum sisteminin bilik vermək baxımından əvvəlki sistemdən geridə qaldığını iddia edənlər də var.

 

Lent.az mövzu ilə bağlı təhsil ekspertlərinin fikrini öyrənib.

 

Təhsil eksperti, pedaqoq Nadir İsrafilov kurikulumla bağlı qərarın qəbul edildiyi tarixi xatırlatdı:

“Kurikulum - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 oktyabr 2006-cı il tarixli, 233 nömrəli qərarı ilə təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəd olaraq Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası (milli kurikulum) kimi təsdiq olunmuş və 2010-cu ildən “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)” adı ilə təkmilləşdirilmiş və təkmilləşdirilməkdədir”.

 

N.İsrafilov bildirib ki, ənənəvi təhsil proqramının bilikyönümlü, müəllimyönümlü, fənyönümlü olmasından fərqli olaraq, müasir kurikulum şəxsiyyətyönümlü, şagirdyönümlü, nəticəyönümlü, tələbyönümlüdür və s.

 

Onun sözlərinə görə, kurikulumun ilk tətbiqindən başlamış və bu günün özündə belə bu konsepsiya geniş ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb, hətta dövlət qurumlarının rəsmiləri də bu sistemlə bağlı öz narahatlıqlarını gizlətməyiblər: “Keçmiş təhsil naziri Mikayıl Cabbarov sistemlə bağlı deyirdi: "2008-2009-cu tədris ilində təhsil sistemində yeni kurikulumun tətbiq olunmasına başlayıblar, amma müəllimlər “bu sistemin tələbləri nədir?”, “bu, onların işində, peşəkar hazırlığında hansı yenilikləri və hazırlıqları tələb edir?” mövzusunda təlim və tədris aparmağı unudublar. Bunun hansı nəticələrə gətirib çıxara biləcəyi isə gün kimi aydındır. Göründüyü kimi, təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı məsələləri özündə əks etdirən bu sənədlər toplusu gözlənildiyi kimi, təhsil ideyamıza çevrilə bilmədi. Kurikulum standartları əsasında hazırlanmış qiymətləndirmə mexanizmləri şagirdlərin nitq qabiliyyətini, yazı vərdişlərini, məntiqi təfəkkürünü nəinki inkişaf etdirdi, əksinə, bir çох ziddiyyət və anlaşılmazlıqlar yaratmaqla vəziyyəti bir az da ağırlaşdırdı. Bu anlaşılmazlıqlar Azərbaycanda təhsil islahatlarının gedişinə də təsirsiz ötüşmədi”.  

 

DİM sədri Məleykə Abbaszadə isə “20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil”,-deyə fikir səsləndirib. 2008-ci ildən tətbiq olunmağa başlayan kurikulum artıq başa çatır. 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsində də, elə Təhsil Nazirliyinin rəhbərliyinin də, DİM rəhbərliyinin də son müsahibə və çıxışlarında yeni tədris sistemi ilə oxuyan məzunlarımızın bilik qiymətləndirilməsinin fərqli sistem tələb etməsi məsələsinə dəfələrlə toxunulub, mövcud qiymətləndirmənin doğru olmadığı vurğulanıb. Bütün bular nəzərə alınaraq qəbul imtahanlarının suallarının tərkibində müəyyən dəyişikliklər aparılıb. Eyni zamanda, sualların təqdim olunma formatı dəyişdirilib, yəni daha çox açıq tipli suallar, eləcə də tək biliyi deyil, bacarıqları da ölçən suallar tərtib olunub və s. Bununla belə mən hələ ötən il bildirmişdim ki, bu addımın hansısa nəzərəçarpacaq keyfiyyət dəyişikliyinə səbəb olacağını o qədər də real hesab etmirəm. Lakin kəmiyyət artımına hesablanması şübhəsizdir”.

 

Ekspert onu da vurğulayıb ki, dərsliklərdə, tədris planı və proqramlarında olan dəyişiklik və yenilikləri bir daha vərəqləyib mənimsəmək və növbəti imtahanda iştirak etmək üçün əvvəlki illərin məzunları xeyli zəhmət çəkməli, müəyyən problemlərlə üzləşməli olacaqlar: “Hər halda 700 ballıq nəticə bu il az olar, növbəti il çoxalar. Əsas məsələ prosesə adaptasiya olunmaqdır”.

 

Təhsil eksperti Kamran Əsədov bu il həm ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, eyni zamanda 9 və 11 illik pillədən buraxılış imtahanlarının yeni formatda keçirildiyini xatırlatdı:

“Xatırladım ki, 2008-ci ildən başlayaraq, respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Buna görə qəbul imtahanlarının yeni formatda keçirilməsi zəruri idi. Lakin 2017-ci ildə məhz ilk dəfə kurikulumla təhsil almağa başlayanların IX sinifdə buraxılış imtahanları keçirildi, ortaya heç də xoş olmayan nəticə çıxdı. Məlum oldu ki, 2019-cu ildə 5-6 fəndən qəbul imtahan verəcək şagirdlər 2017-ci ildə 2 fəndən verdikləri buraxılış imtahanları nəticəsinə görə kurikulumu demək olar ki, anlamayıblar, mənimsəməyiblər. Bununla yanaşı, 2019-cu ildə keçirilən IX siniflər üçün imtahanlarda maksimum balın olmayacağı ciddi narahatlıq doğurur. Belə ki, bu imtahanlardan bu ildən etibarən tətbiq edilən dinləmə tipli sualların və açıq, situasiya tipli test tapşırıqların cavablandırılması və qiymətləndirilməsi zamanı müəyyən balların kəsilməsi olacaq. Artıq XI siniflər aprel ayının 7-si, 14-ü və 21-i qəbul imtahanlarının birinci mərhələsi olan hissəsində iştirak ediblər. May ayının 12-ci və 19-u isə ixtisas qrupları üzrə imtahan veriblər".

 

K.Əsədob bildirdi ki, yeni qaydalara görə, I mərhələdə (buraxılış imtahanında) abituriyentlər 3 fəndən (ana dili, riyaziyyat, xarici dil) maksimum 300 bal, II mərhələdə (qəbul imtahanında) isə 3 fəndən (ixtisas qruplarına uyğun) maksimum 400 bal olmaqla cəmi 700 bal toplaya bilərlər. Dediyinə görə, artıq 18 ildir ki, alternativ variantlarla sualları cavablandırmağa öyrəşən abituriyentlərə neçə ildir ki, açıq testlər də verilir. 7 ildir ki, qəbul imtahanlarında müəyyən fənlər üzrə açıq tipli test tapşırığı təqdim olunur. Qapalı test tapşırığı o test tapşırığıdır ki, imtahan iştirakçılarına sualın cavabı variantlarla təqdim olunur və o doğru bildiyi cavabı seçir. Açıq  test tapşırığında isə iştirakçı cavabı özü yazır. Bunun kifayət qədər müsbət tərəfi var: "Nəzərə alaq ki, qapalı test suallarının cavablandırılmasında təsadüfi amillər, yəni müəyyən qədər bəxt də rol oynayır. Çünki qarşısındakı hər bir sualın 5 mümkün cavabına baxan abituriyent onlardan birinin düz olması haqqında təsadüfi fikrə gəlir və həmin cavabı da qeyd edir. Bununla da o, imtahanda uğur qazanmaq şansını artırır. Açıq sualların tətbiqində isə bu təsadüfilik amili aradan qaldırılır. Maraqlı hal odur ki, açıq sualı cavablandıra bilməyən abituriyent digər bir abituriyentin bu suala verdiyi istər düz, istərsə də səhv cavabı köçürə bilməyəcək. Həmin suallara verilmiş səhv cavablar da abituriyent üçün cərimə kimi hesablanmayacaq. Ümumiyyətlə, 2019-cu ildə keçirilən qəbul və buraxılış imtahanları əvvəlki illərlə müqayisədə aşağı nəticələrin olması ilə seçiləcək. Çünki bu il tətbiq olunan yeniliklər tam şəkildə imtahan iştirakçıları tərəfindən mənimsənilməyib. Hətta mart ayında IX siniflər üçün keçirilən, aprel ayında XI siniflər üçün keçirilən buraxılış imtahanlarında da yüksək nəticə olmadı. 7 apreldə keçirilən imtahanda yalnız 2 şagird maksimum nəticə göstərdi ki, bu da çox aşağı nəticədir”.

 

Ekspert bir məqamı da vurğuladı ki, imtahan cavablarının iki ay müddət keçdikdən sonra elan olunması şagirdlər arasında psixoloji gərgilik yaradır: “Təhsildə yeni ənənələr hələ tam oturuşmayıb. Aprel ayında DİM tərəfindən keçirilən qəbul imtahanlarının birinci mərhələsində (eyni zamanda buraxılış imtahanı) bakalavrların çoxu tələb olunan 300 balı yığa bilmədi. Yalnız iki abituriyent bu nəticəni göstərə bildi. Bu isə bir daha dolayı olaraq orta təhsil sisteminin mükəmməl olmaması, şagirdlərin hazırlıq səviyyəsinin çox aşağı enməsinin göstəricisidir. Nə qədər ki, orta məktəblərdə, ümumiyyətlə, təhsildə neqativ hallar- konkret olaraq rüşvət qalacaq, bundan artıq nəticə gözləmək də əbəsdir. Hesab etmirəm ki, buraxılış və qəbul imtahanı sualları çətindir. Qəbul sualları tam orta təhsilin kursunu əhatə edir. Burada söhbət ondan gedir ki, ali təhsil almağa iddialı məzun bu sualların qarşısında çətinlik çəkir, onun öhdəsindən gələ bilmir. Çünki onun orta məktəb pilləsində əldə etdiyi biliklər buna imkan vermir. İstisna etmirəm ki, 10 faiz özünü itirir, psixoloji təsirlər özünü göstərir, amma bu, kütləvi şəkil alanda və birbaşa qəbulun nəticələrinə ciddi şəkildə təsir göstərəndə, ayrılmış yerlər boş qalanda artıq düşünmək üçün əsas yaranır”.

 

K.Əsədovun fikrincə, imtahana gələndə sənədlərini unudub gətirməmək problemi yaşayan abituriyentlərin imtahana buraxılmaması doğru deyil: “DİM sənədlərini unudub gərtirməyənləri imtahana buraxmamaqla səhv edir. Çünki üz tanıma qurğusu onun kimliyini müəyyən edir və o zaman onsuz da həmin şəxsin kimliyi məlum olacaq.

 

Yeni imtahan modelinə uyğun test kitabçaları, bankları  azdır. Sınaq imtahanları az keçirlib. Şagirdlər yeniliyi tam şəkildə mənimsəyə bilməyiblər. İmtahan nəzarətçiləri ilə bağlı müəyyən çatışmazlıqlar var. Onların bəzilərinin peşəkarləq səviyyəsi azdır. Qəbul proqramlarında edilən dəyişikliklər tam şəkildə bütün abituriyentlərə aydın deyil, bununla bağlı maarifləndirici işlər görülməldir. Şagirdlər test tapşırıqlarını cavab kağızına və cavab vərəqinə köçürməklə bağlı sıxıntılar yaşayırlar. Onlarda bu vərdişlərin formalaşması üçün məktəblərə boş cavab kağızları yollanmalıdır ki, şagirdlər bu prosesi anlasınlar. Buraxılış imtahanında istifadə olunan test kitabçası verilməyib. Hesab edirəm ki, o verilməldiir ki, şagirdlər yeni test modelləri ilə yaxından tanış ola bilsinlər”.

# 7933
avatar

Aygün İbrahimli

Oxşar yazılar